Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1522/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Natiq Şəfiyev tərəfindən borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriyalı, xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Naxçıvan MR Culfa rayon məhkəməsinin 2(089)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, tələbkar Zərərçəkmiş şəxs 5740 manat aliment borcunu qərəzli olaraq ödəməmişdir. Protokolu tərtib etmiş icra məmuru Natiq Şəfiyev izahatında bildirdi ki, Naxçıvan MR Culfa rayon məhkəməsinin qeyd edilən icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşaq üçün 150 manat iki uşaq üçün 300 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra sənədi 26 oktyabr 2022-ci ildə İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi borcluya göndərilmişdir. Qeyd edir ki, zərərçəkmiş şəxs hazırda Naxçıvan Muxtar Respublikasında olduğundan məhkəmə iclasında iştirak edə bilmir. Bundan başqa bildirir ki, bu günə qədər borclu müxtəlif vaxtlarda ödənişlər etsə də onun hazırda 5740 manat borcu yaranmışdır. Məhkəmə iclasında elan edilmiş fasilədən istifadə edən borclu yığılmış borcundan tələbkara 250 manat ödəniş etmiş, Zərərçəkmiş şəxs isə yazmış olduğu ərizənin surətini onun istifadəsində olan mobil nömrənin “Watsap” proqramına göndərmişdir. İcra məmuru qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ərizəsində borclu tərəfindən onun bank hesabına 250 manat pulun ödənildiyini təsdiq edərək, borclu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci madəsi ilə özünü təqsirli bilərək izahatında bildirdi ki, onun həqiqətən də Zərərçəkmiş şəxs protokolda qeyd edilən həcmdə yəni 5740 manat borcu vardır. İşləmədiyi üçün borcunu ödəyə bilməmişdir. Məhkəmə tərəfindən edilmiş fasilədə tələbkarın bank hesabına 250 manat ödəniş etmiş, tələbkarla borcun ödənilməsi barədə aralarında razılıq əldə edilmişdir. Qeyd edir ki, Zərərçəkmiş şəxs hazırda X1 yaşadığından məhkəməyə gələ bilməmiş, buna baxmayaraq ərizə yazaraq icra məmurunun mobil nömrəsinə həmin ərizənin şəklini göndərmişdir. Güldanə Təməzovanın ərizəsində onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Vaxtlı vaxtında alimentini ödəyəcəyinə söz verir. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmən xahiş edir. Barəsində protokol tərtib edilmiş Şəxs vəkili Nərmin Abışova iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Culfa rayon məhkəməsinin 2(089)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü Zeynəb Təhməzli və xx.xx.2017-ci il təvəllüdlü Adəm Təhməzlinin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabden Şəxs hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat məbləğində aliment tutularaq iddiaçı Güldanə Təhməzliyə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərar və eyni tarixli bildirişdən görünür ki, Şəxs qərarı və könüllü icra barədə bildirişi qəbul etmişdir. Elektron İcra İnformasiya sistemindən işə əlavə edilmiş məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Belə ki, “İcra haqqında” AR qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarında olan sənədləri və zərərçəkmiş şəxs tərəfindən icra məmuruna göndərilmiş ərizənin surətini tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən icra sənədindəki tələbin ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Rüfət Məmmədovun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunmasını zəruri hesab edir. Məhkəmə göstərilənlərlə bağlı aşağıdakıları qeyd etməyi vacib hesab edir: Belə ki, göründüyü kimi qeyd edilən icra vərəqəsi xx.xx.2022-ci il tarixdə İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlanılmış və borcluya dərhal icranı könüllü təmin etməsi təklif olunmuşdur. Məhkəmə iclasında yaradılmış fasilədən yararlanan borclu Şəxs aliment borcundan tələbkarın hesabına 250 manat ödəniş etmiş və sonuncu ilə aralarında borcun qalan hissəsinin ödənilməsi barədə razılıq əldə etmişdir. Göründüyü kimi icra məmuru borclunun məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi və bunun nəticələri barədə onunla profilaktik söhbətlər aparmadan sərt tərdbir görülməsi üçün protokol tərtib edərək məhkəməyə göndərmişdir. Halbuki məhkəmə iclasında tərəflər arasında barışıq əldə edilərək, borcun ödənilməsi qaydası barədə razılıq əldə edilmiş, zərərçəkmiş şəxs Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişçdir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya borclu tərəfindən müəyyən edilmiş müddətdə məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar tələblərin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmuru borclunun borcunu ödəməsi üçün mümkün icra hərəkətlərini həyata keçirmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi bütün imkanlar tükənmədən icra məmuru sərt inzibati təsir tədbirinin tətbiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixli edilmiş dəyişikliyə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1522/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1522/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver