Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1527/2023 24.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhər prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X2 Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Sumqayıt şəhər prokuroru tərəfindən başlanılmış inzibati icraat materialına baxaraq, məhkəmə müəyyən etdi: Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 09 iyun 2023-cü il tarixli qərar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir Qərara görə vətəndaş Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulduğundan Şəxs QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X3 izahatında bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən 10 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Şəxs QSC-də iş vaxtı xəsarət alması ilə bağlı məlumat daxil olmuşdur. Faktla bağlı araşdırılma aparılmış, müvafiq ekspertizalar təyin edilmiş, iş üçün zəruri olan şəxslərin dairəsi müəyyən edilərək izahatları alınmışdır. Nəticədə faktla bağlı 06 iyun 2023-cü il tarixli qərarla AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bildirir ki, Sumqayıt şəhər prokuroru tərəfindən həm Şəxs QSC barəsində həm də şirkətin təhlükəsizlik üzrə mühəndisi vəzifəsində çalışmış əməkdaşı barəsində AR İXM-nin 198.3-cü maddəsi ilə inzibati icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərarı ilə həmin müəssisənin əməkdaşı AR İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək cərimə edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və Şəxs QSC barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 01 aprel 2023-cü il tarixli Sumqayıt şəhər prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X2 tərtib etdiyi “baxış aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:30-da Sumqayıt şəhəri, Tuq zavod qəsəbəsində yerləşən “Metal əritmə” zavodunda baxış keçirilmişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs, Şəxs QSC-nin təsisçisi X1, Şəxs QSC-nin icraçı direktoru X4 Sumqayıt şəhər prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X3 tərəfindən izahatlar alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X11 xx.xx.2023-cü il tarixli, 420 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol Əlin V barmağının medial (orta) falanqasının travmatik amputasiyası (10%) Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 6-1,5 il əvvəl olmaqla zərərçəkənin göstərdiyi tarixdə və qaydada yəni 10.09.22-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az daimi dayanıqlı itirilməsinə səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-texniki təhlükəsizlik ekspertizasının 30 may 2023-cü il tarixli, 10/2571 nömrəli rəyinə əsasən baş vermiş hadisə ilə əlaqədar “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 2.9.1 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. Şəxs QSC-də metal əritmə işləri ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə “İstehsalat prosesləri” 2.003-91 DST-nin 2.9.1 bəndinin tələbləri istehsalat sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş şəxsin özü tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının pozulması müəyyən edilməmişdir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, ilkin yoxlama materialı üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1526/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs QSC-nin təhlükəsizlik üzrə mühəndisi vəzifəsində çalışmış X10 AR İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sübutlar ilə təsdiq edilir. Bu səbəbdən Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin “Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin və İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Plenum Qərarına əsasən Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1-ci və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. İş materiallarından görünür ki, hadisə 10 sentyabr 2022-ci il tarixdə baş verdiyindən, inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu hissəsinə görə Əməyin mühafizəsi- işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 207-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. İşəgötürən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 217-ci maddəsinə görə işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Həmin Məcəllənin 222-ci maddəsinin 6-cı hissəsinə görə işəgötürən işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və təmirini təmin etməlidir. Həmin Məcəllənin 238-ci maddəsinə görə işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Normaların məzmunundan aydın olur ki, işə başlanılmazdan öncə işəgötürən əməyin mühafizə qaydalarının təmin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün tədbirləri görməlidir. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs izahatından görünür ki, çalışdığı ilk dövrlərdə xüsusi iş geyim forması, təhlükəsizlik kəməri, dəbilqə eynək verilsə də, bir həftə keçdikdən sonra həmin əşyalar yararsız vəziyyətə düşmüş, lakin sonradan onlara yeni əşyalar verilməmişdir. Bundan başqa bildirmişdir ki, çalışdığı müəssisədə işə başlamazdan öncə hər hansı şəxs tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı onlara hər hansı bir təlimat keçirilməmiş, yalnız xatırlamadığı tarixdə bir dəfə təhlükəsizlik qaydaları ilə əlaqədar təlimat jurnalına imza etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" QSC Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş əməyin mühafizə qaydalarını təmin edə bilməmiş, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ həyata keçirilməmiş və nəticədə inzibati xəta törətmişdir. İnzibati xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi və tənbeh edilməsi üçün sadalanan şərtlərin mövcudluğu mütləq zəruridir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab edilir. İnzibati xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirindən törəyir. Məhkəmə araşdırması zamanı "xxxx" QSC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs QSC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İnzibati işi üzrə məhkəmə texniki-təhlükəszlik ekspertizası keçirilməsi ilə əlaqədar cəmi 102 (bir yüz iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSCdən tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir Məhkəmə “Şəxs QSC-nin təhlükəsizlik üzrə mühəndisi vəzifəsində çalışmış X5 törədilmiş inzibati xətaya görə artıq İXM-nin 198.3-cü maddəsinə uyğun olaraq 1500 manat məbləğində cərimə edilməsi ilə bağlı izahatına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Şəxs QSC barəsində Sumqayıt Şəhər Prokurorluğu tərəfindən İXM-nin 198.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş, hüquqi şəxs barədə protokol tərtib edilməsi və baxılması üçün məhkəməyə göndərilməsi İXM-nin tələblərinə zidd olmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X6 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. Hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilmədiyindən vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xətanı törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərəkən inzibati xətanın xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər faydalı fəaliyyətlə məşğul olması habelə məsuliyyəti yüngülləşdiuriən və ağırlaşdran hallar nəzərə alınmalıdır. (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Məhkəmə hesab edir ki, Qnyaz Vəliyev hüquqi şəxsin xeyrinə (mənfəət əldə etmək, vergidən yayınmaq və s.) etdiyi əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyri və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs QSC də hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edilməli, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Keçirilmiş məhkəmə texniki-təhlükəszlik ekspertizası tədqiqatlarının dəyəri olan 102 (bir yüz iki) manat məbləğində məhkəmə məsrəfi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1527/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1527/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver