Məhkəmə qərarları › İş №3(060)-1527/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1527/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1527/2024 12.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, xx.xx.1971-ci ildə, Qubadlı rayonu, Ulaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qubadlı rayonu, Mahruzlu ərazi dairəsi, Muğanlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X6 tərəfindən 12 iyul 2024cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-14/2024 saylı icra sənədinə əsasən borclu Şəxs üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə 10641 manat pulu tələbkarın xeyrinə ödəməmişdir. Sumqayıt şəhəri üzrə İcra iadrəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutulan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmədə protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-14/2024 saylı icra sənədinə əsasən Şəxs 10641 manat pul tutularaq X2 ödənilməlidir. Şəxs İcra İdarəsinə dəvət edilmiş və icra sənədi ilə tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası üçün 10 gün müddət təyin edilmişdir. Lakin şəxs tərəfindən heç bir ödəniş edilməmişdir. Elektron informasiya sistemində şəxsin 2-ci qrup əlil və təqaüdçü olduğu aşkar olunmuş və icra təqaüdə yönəlmişdir. Şəxs adına daşınar və ya daşnmaz əmlak yoxdur. Qeyd edilənlərə əsasən borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, 1 il ərzində onunla əlaqə saxlanılmamış və heç bir ödəniş olunmamışdır. Şəxs ilə həmyerlidirlər. Dəfələrlə zinət əşyaları almış, pulunu vermiş, etibarını qazanmışdır. Ödəniş etməsi ilə əlaqədar müraciət etmişdir. Evinə də getmişdir. Evini satmış, pulu özü ödəmişdir. Bununla əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-14/2024 saylı icra sənədinə əsasən Şəxs 10641 manat pul tutularaq ona ödənilməlidir. Borcun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X4 ilə birlikdə ticarətlə məşğul olmuşdur. 5000-6000 manat borcu olduğu təqdirdə özü zinət əşyalarını verməyi təklif etmişdir. Lakin daha sonra qızıllar itmişdir. X2 hər ay 300 manat ödəməyi təklif etmişdir. Lakin o, razı olmamışdır. Məhkəmə qərarını gözlədiyi üçün ödəniş etməmişdir. Borcu olduğunu inkar etmir. Könüllü icra ilə əlaqədar İcra İdarəsinə təxminən 1 ay bundan əvvəl dəvət olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 izahatında göstərdi ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2-ci qrup əlilliklə bağlı təqaüdün bir hissəsinin icraya yönəldilmədinə razıdır. Lakin tələbkar razı deyildir. Məhkəmə zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra sənədi üzrə tələbkarın və protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin faktiki hallarından, icra məmurunun və borclunun məhkəmə iclasında verdiyi izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərini qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. İcra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs borcunu vaxtında ödəmədiyi üçün icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs ikinci qrup əlil olmaqla buna görə 363,85 manat məbləğində pensiya alır. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən icra sənədi üzrə borcun ödənilməsi Şəxs pensiyasına yönəldilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi faktı aşkar edilməmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-in 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar