Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1530/2025 20.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlunun və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, 12-ci mikrorayon, yataqxana 33 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs Fərhad oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Fərhad oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə 19 iyun 2025-ci il tarixli, İXP7211167 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru polis serjantı X4 izahatında bildirmişdir ki, 19 iyun 2025-ci il tarixdə saat 09:24 radələrində Şəxs Fərhad oğlu “TOYOTA PRİUS HİBRİD MİNİK” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçəsinin kəsişməsində idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılmış, saxlanılarkən özünü qeyri-adekvat apardığı üçün narkotik vasitənin təsiri altında olmasından şübhələmiş, bu səbəbdən də müvafiq müayinəyə cəlb edilmişdir. Müayinə zamanı Şəxs Fərhad oğlunun narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir. Onun avtomobili saxlanılması üçün duracağa təmin edilmişdir. Ona görə də tərəfindən Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Mart ayında da eyni hal üzrə cərimə edilməsi barədə qərar tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs Fərhad oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlu izahatında göstərmişdir ki, o, 19 iyun 2025-ci il tarixdə “TOYOTA PRİUS HİBRİD MİNİK” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçəsinin kəsişməsində idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılmış, ondan şübhələndikləri üçün həkim müayinəsinə dəvət etmişlər. O, həkim tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı narkotik vasitənin təsiri aşkarlanmışdır. O, saxlanmazdan 20 gün əvvəl toyda “marixuana” qəbul etmişdir. Martda da qeyd edilən hadisə bir dəfə də baş vermişdir.Qeyd edilənlərə əsasən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3, himayəsində bir uşağının olduğunu qeyd etmiş və həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Fərhad oğlunun Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici izahatı, həmçinin inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İXP7211167 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:24 radələrində Şəxs Fərhad oğlu “TOYOTA PRİUS HİBRİD MİNİK” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlanılmış, barəsində İXM-nin 327.1 və 333-1.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2025-ci il tarixli 3831 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəxs Fərhad oğlundan götürülmüş nümunədə onun narkotik vasitə olan marixuana qəbulu faktı aşkar edilmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə akta əsasən “TOYOTA PRİUS HİBRİD MİNİK” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci ildə duracağa qəbul edilmişdir. Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP7176921 nömrəli qərarından görünür ki, Şəxs Fərhad oğlu həmin tarixdə İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 342.5ci maddələri ilə təqslirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Şəxs Fərhad oğlunun Sumqayıt ŞPİ-nin DYPŞ-də yazdığı izahatından görünür ki, o, marixuana qəbul etməsini etiraf edərək, 20 gün əvvəl marixuana qəbul etdiyini bildirmişdir. Sürücülük vəsiqəsindən görünür ki, Şəxs Fərhad oğlu xx.xx.2018-ci il tarixdə «BC» kateqoriyalı AC244174 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Göründüyü kimi Şəxs Fərhad oğlu Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh almış, həmin qərar qüvvəyə mindiyi gündən bir il ərzində eyni inzibati xətanı təkrar törətmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsinin tərkibi yaranmışdır. İş üzrə icraata xitam verilməsi və şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs Fərhad oğlunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsi ilə birgə həmin Məcəllənin 327.1-ci maddəsi də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlunun əməlində Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əvvəllər törətmiş olduğu inzibati xətaya görə inzibati qaydada cərimə olunmasına baxmayaraq yenidən eyni tipli inzibati xəta törətməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:30-dan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs Fərhad oğlunun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Fərhad oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 20 iyun 2025-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1530/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1530/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver