Məhkəmə qərarları › İş №3(060)-1531/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1531/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1531/2025 20.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Sumqayıt Şəhər Dövlət X5 Yol patrul xidməti inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında qeydiyyatda olmaqla ünvan 2an Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən İXM-nın 333-1.2-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* seriya №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, “TOFAŞ ŞAHİN MİNİK” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:10 radələrində İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə saxlanılmış, yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmiş, nəticədə narkotik vasitə istifadə etməsi və İXM-nin 333-1.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi faktı aşkar olunmuşdur. Sumqayıt Şəhər Dövlət X4 tərəfindən Şəxs barəsində toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş , Sumqayıt DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı Yusif Ələkbərov izahatında bildirdi ki, 01 iyun 2025-ci il tarixində Sumqayıt şəhərinin girişində, Sülh küçəsində günorta radələrində işıq cihazının nasazlığı səbəbi ilə Şəxs idarə etdiyi avtomobili saxlamışdır. Şəxslə söhbət zamanı onun narkotik vasitə qəbul etməsində şübhələri yaranmışdır. Sonuncu həkim müayinəsinə dəvət edilmiş, ekspress test üsulu ilə aparılmış müayinə zamanı onda narkotik vasitə istifadə etməsi faktı aşkar edilmişdir. Qeyd edir ki, bundan öncə, yəni 14 fevral 2025-ci il tarxində Şəxs İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində həmin tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində yenidən eyniməzmunlu inzibati xəta törədildiyinə görə sonuncu barəsində İXM-nin 333-1.2-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Tərtib etdiyi prokotolu müdafiə edir. Qeyd olunanların nəzərə alınmasını və şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 333-1.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək izahatında bildirmişdir ki, sonuncu dəfə narkotik vasitədən təxminən 3-4 ay öncə Qaradağ rayonunda iştirak etdiyi ad günü məclisində istifadə etmişdir. Narkotik vasitəni əldə etmək üçün vəsait xərcləməmiş, məclisdə təklif edildiyi üçün istifadə etmişdir. Belə ki, bundan öncə 14 fevral 2025-ci il tarixində X2 “İnzibati tənbeh vermə haqqında” qərarı ilə 600 manat məbləğində cərimə edilmiş, həmin cəriməni hələ də ödəməmişdir. Qeyd edir ki, “TOFAŞ ŞAHİN MİNİK” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobil tanışına məxsusdur və avtomobili etibarnamə əsasında idarə edir. 01 iyun 2025-ci il tarixində polis əməkdaşları tərəfindən saxlanılan zaman həkim müayinəsinə dəvət olunmuş, müayinə üçün özü nümunə təqdim etmişdir. Müayinə nəticəsi ilə tanış olmuşdur. Kirayə evdə yaşayır. Törətdiyi əməldən peşmandır. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, 3395 nömrəli aktdan görünür ki, sürücü Şəxs həmin tarixdə, saat 15:10 radələrində müayinə olunmuş, ekspress test üsulu ilə müayinə zamanı marixuana qəbul etməsi faktı aşkar edilmişdir. “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə haqqında” 3395 nömrəli protokoldan görünür ki, “TOFAŞ ŞAHİN MİNİK” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şübhəli olduğu üçün müayinəyə göndərilmişdir. 01 iyun 2025-ci il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” akta əsasən “TOFAŞ ŞAHİN MİNİK” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs narkotik vasitə-marixuana qəbul etdiyini etiraf etmişdir. “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən Şəxs AR İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Göründüyü kimi Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Belə ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək” haqqında protokolla, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, 3395 nömrəli aktla, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında etirafedici izahatı ilə öz təsdiqini tapır. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə göstərilmişdir ki, Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 333-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Maddənin “Qeyd”inə əsasən Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərara əsasən nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində idarə etdiyinə görə İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, bu səbəbdən o, 600 manat məbləğində cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni inzibati xəta təkrar törətdiyinə görə İXM-nin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə vurğulayır ki, Şəxs narkotik vasitədən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməklə nəinki özünün, o cümlədən yol hərəkətinin digər iştirakçılarının da həyatını risk və təhlükə altına atmışdır. Beləliklə, məhkəmə qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən həm Şəxs, həm də digər sürücülər tərəfindən gələcəkdə eyniməzmunlu inzibati xətanın törədilməsinin qarşısının alınmasının təmini məqsədilə sonuncunun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırma cərimə edilməsi növündə tənbeh verilməsini məqsədəuyğun hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə təqsirli bilinsin, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar