Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1532/2025 20.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Zəngilan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* seriya nömrəli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən, borclu Şəxs Masallı rayon məhkəməsinin 2(050)- 659/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən hər ay iki uşağın saxlanılması üçün cəmi 360 manat alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğu halda ödəməmiş, eyni icra sənədini il ərzində təkrarən icra etmədiyi üçün 3852 manat aliment borcu yaranmış, nəticədə o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Ramil Babayev izahatında bildirdi ki, Masallı rayon məhkəməsinin 2(050)-659/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxsdən hər ay hər uşağın saxlanılması üçün cəmi 360 manat məbləğində aliment məbləği tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Həmin icra sənədi 10 may 2024-cü ildə icraata qəbul edilmişdir. Həmin tarixdən bu günədək borclunun 3852 manat ödənilməmiş borcu qalmışdır. Qeyd edir ki, borclu Şəxs Sumqayıt şəhər məhkəməsinin 04 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən aliment borcunu ödəmədiyi üçün 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. Qeyd edir ki, borclu sonuncu dəfə 2024-cü ilin sentyabr ayında ödəniş etmiş, 9 aydır ki, heç bir ödəniş etmir. Zərərçəkmiş şikayətçidir, bu barədə ərizəsi Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən İcra İdarəsinə göndərilmişdir. Borclu hər dəfə müxtəlif bəhalərə gətirirək məhkəmə qərarının icrasında yayınmış, aliment öhdəliyini yerinə yetriməmişdir. Borclu çağırışlara gəlməmiş, işlək nömrəsi olmadığı üçün İcra İdarəsnə gətirə bilməmişdir. Bigünki tarixdə borclu polis əməkdaşları tərəfindən idarəyə təmin edilmişdir. İzahatı alınmış, lakin sonuncu borcunu ödəməmişdir. Bundan başqa bildirir ki, məhkəmənin elan etdiyi fasilə zamanı borclu Şəxs ümumi borcundan 500 manatını ödəmiş, qalıq 3352 manat borclu qalmışdır. Qeyd edir ki, tələbkar yığılmış aliment məbləğinin hissə-hissə ödənilməsinə razı deyil, tam ödənilməsini tələb edir. Tərtib etdiyi protokolu müdafiə edir və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədn xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilir. Belə ki, heç yerdə işləmir, tullantı toplamayıb qəbul məntəqələrinə təhvil verərək ailəsini dolandırr. Qeyd edir ki, Zərərçəkmiş şəxs ilə boşandıqdan sonra yenidən ailə həyatı qurmuş və bir övladı dünyaya gəlmişdir. xx.xx.2025-ci il tarixdə aliment borcunu ödəmədiyi üçün 08 gün müdətində həbs edilmiş, həmin tarixdən sonra imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Hazırda edilmiş fasilə zamanı tələbkarın hesabına 500 manat ödəniş etmiş, bu barədə qəbzi məhkəməyə təqdim etmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Barəsində protokol tərtib edilmiş Şəxs müdafiəçisi Vəkil borclunun etmiş olduğu ödənişi nəzərə alaraq yüngül həddə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-659/2024 saylı, 13 mart 2024-cü il tarixli icra vərəqəsinə əsasən, borclu Şəxs xx.xx.2014-cü il təvəllüdlü Əli Həsənzadənin və xx.xx.2015ci il təvəllüdlü Məhəmməd Həsənovun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 180 manat, cəmi 360 manat olmaqla sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Bildirişdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-314/2025 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Şəxs həmin tarixədək yığılmış 2412 manat aliment borcunu ödəmədiyi üçün o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. Zəngilan RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan Şəxs barəsində həmin tarixdə axtarış işi açılaraq sonuncunun axtarışa verildiyi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən borclunun tələbkara 500 manat pul ödədiyi müəyyən edilmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-1 maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq, üzrsüz səbəbdən icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada yenidən icra etməmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə yığılmış 2412 manat aliment borcunu ödəmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-848/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətində inzibati qaydada həbs edilmiş, lakin sonuncu bundan sonra da edilmiş xəbərdarlıqlara baxmayaraq aliment borcunu ödəməmiş, ötən müddət ərzində ümumilikdə 3852 manat borcu toplanmış, nəticədə bir il ərzində eyni inzibati xətanı təkrarən törətmişdir. Məhkəmə iclasında həmin borcdan 500 manat ödəniş ödəsə də, qalıq 3352 manat borc qalmaqda davam etmişdir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi icra məmuru tərəfindən borcun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). İnsan Hüquqları və X2 X1 5-ci maddəsinə əsasən məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması hallarında şəxs azadlıqdan məhrum edilə bilər. İXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, borclunun vermiş olduğu izahatları, o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.4-cü maddəsinin tələblərinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs aliment borcundan qismən ödəniş etməsini, əməlində peşman olmasını, hazırda evli olaraq himayəsində bir övladının da olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, sonuncu barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 20 iyun 2025-ci il tarixdən hesablanmalıdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 20 iyun 2025-ci il tarixdən, saat 10:15-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olduğu andan 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1532/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1532/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver