Məhkəmə qərarları › İş №3(060)-1539/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1539/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1539/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5, icra sənədi üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Ermənistan SSR, Qafan rayonu, Qacaran şəhərində doğulmuş, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 27 aprel 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9057/2019 saylı, 27.01.2020-ci il tarixli icra vərəqi üzrə qalıq qalan 21.920,00 manat borcun ödənilməsi tələb olunsa da üzürsüz səbəbdən icra edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 27 aprel 2021-ci il tarixə təyin edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yazılı ərizə ilə müraciət edərək ödənişlə bağlı işin təxirə salınmasını məhkəmədən xahiş etdiyindən işə baxılması 04 may 2021-ci il tarixə təxirə salınmışdır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9057/2019 saylı, 27.01.2020-ci il tarixli icra sənədinə əsasən borcu Şəxs 24.000,00 manat borc pul tutlaraq icra sənədi üzrə tələbkar X3 ödənilməlidir. Borclu muxtəlif vaxtlarda hissə-hissə ödənişləri həyata keçirdiyindən hal-hazırda təlabkara 21.920,00 manat borc pul ödəməlidir. Məhkəmədə icra sənədi üzrə tələbkar X6 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9057/2019 saylı, 27.01.2020-ci il tarixli icra sənədinə əsasən borcu Şəxs 24.000,00 manat borc pul tutlaraq icra sənədi üzrə ona ödənilməlidir. Hal-hazırda qalıq borc 21.920,00 manat təşkil edir. Qalıq borcundan ödəniş edilməsi ilə bağlı verilən müddət ərzində borclu ona 500,00 manat ödəniş etmişdir. Belə ki, borclu ilə aralarında olan razılıqa əsasən 2021-ci ilin may ayının sonunadək borclu ona qalıq borcundan 10.000,00 manat ödəniş edəcəkdir. Ümumilikdə isə sonuncu ödəniş 500,00 manat olmaqla cəmi, 2400,00 manat ödəniş etmişdir. Bu səbəbdəndə icra sənədi üzrə tələbkar X6 qeyd olunanların nəzərə alınmaqla borclunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9057/2019 saylı, 27.01.2020-ci il tarixli icra sənədinə əsasən ondan 24.000,00 manat borc pul tutlaraq icra sənədi üzrə tələbkar X3 ödənilməlidir. O, müxtəlif vaxtlarda ödənişləri həyata keçirmişdir. Hal-hazırda 21.920,00 manat borc təşkil edir. Qalıq borcundan ona verilən müddət ərzində o, tələbkara 500,00 manat ödəniş etmişdir. İcra sənədi üzrə tələbkar X6 ilə aralarında əldə olunan razılığa əsasən qalıq borcundan 2021-ci ilin may ayının sonunadək 10.000,00 manat məbləğində ödəniş edəcəkdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra sənədi üzrə tələbkarın və protokolu tərtib edmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 15.10.2020-ci il tarixdə 200,00 manat, 11.04.2021-ci il tarixdə 200 manat və 09.03.2021-ci il tarixdə 210,00 manat X2 bank hesabına ödənişlər etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməsi təsdiq olunmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş qəbzin surətindən müəyyən olunur ki, icra sənədində göstərilən məbləğdən tələbkarın bank hesabına 15.10.2020-ci il tarixdə 200,00 manat, 11.04.2021-ci il tarixdə 200 manat və 09.03.2021-ci il tarixdə 210,00 manat ödəniş olunmuş və bundan başqa məhkəmə iclasında ona verilən müddət ərzində qalıq borcundan 500,00 manat məbləğində pul tələbkara ödənilmişdir. Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar