Məhkəmə qərarları › İş №3(060)-1540/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1540/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1540/2023 13.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X4 iştirakları ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7991/2021 saylı, xx.xx.2022-ci il tarixli və 2(060)-5707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə cəmi 1443,6 manat pulu üzrsüz səbəbdən icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolu tərtib etmiş icra məmuru X6 izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7991/2021 saylı, xx.xx.2022-ci il tarixli və 2(060)-5707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən cavabdeh Şəxs 1443,6 (bir min dörd yüz qırx üç manat, altı qəpik) manat pul tutulmalıdır. Lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı qanunla müəyyən edilmiş vaxtda icra edilməmişdir. Belə ki, o, yalnız 2(060)- 5707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkara 150 manat ödəniş etmişdir. İzahatında eyni zamanda borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilmədiyini, qeydiyyatda olduğu ünvanda yaşamadığını, Bakı şəhərində müxtəlif ünvanlarda yaşadığını, icra məmurunun çağırışlarına gəlmədiyin, icra sənədlərinin icrasından üzrsüz səbəbdən yayındığını bildirmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən protokolun təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7991/2021 saylı, xx.xx.2022-ci il tarixli və 2(060)-5707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən ondan ümumilikdə 1443,6 (bir min dörd yüz qırx üç manat, altı qəpik) manat pul tutulmalıdır. O, 2(060)-5707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə olan borcundan tələbkara yalnız 150 manat ödəniş edə bilmiş, qalan borcunu hər ay hissə-hissə olmaqla, digər icra sənədi üzrə borcunu isə yalnız ayda 15 manat olmaq şərtilə ödəyə biləcəyini bildirmişdir. Belə ki, onun rəsmi iş yeri yoxdur, hər ay fərdi əməklə məşğul olmaqla cəmi 600-700 manat gəlir edə bilir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 630 manat pul tutularaq ona verilməlidir. Bu müddət ərzində borclu yalnız 150 manat ödəniş etmişdir. Borcludan şikayətçidir, borcunun tam olaraq ödənilməsini tələb edir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərar ona xx.xx.2023-cü il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-593/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir Belə ki, Şəxs Zərərçəkmiş şəxs olan borcunu hər ay hissə-hissə, “ABC-Telekom” şirkətinə olan borcunu isə hər ay 15-20 manat olmaq şərti ilə ödəyə biləcəyi barədə verdiyi izahata məhkəmə tənqidi yanaşaraq hesab edir ki, bu məzmunlu izahatı ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir, o, tələbkarlara olan borcunu qanunla müəyyən edilmiş vaxtda ödəmək iqtidarına malik olmasına baxmayaraq borcunu ödəməsindən yayınmışdır. Belə ki, Şəxs məhkəmə istintaqı zamanı izahatında aylıq gəlirinin məhz 600-700 manat təşkil etdiyini bildirmişdir. Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmiş və 1293.6 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidirlər. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi icra məmuru tərəfindən borcun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). İnsan Hüquqları və X2 X1 5-ci maddəsinə əsasən məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması hallarında şəxs azadlıqdan məhrum edilə bilər. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, tələbkarın və borclunun verilmiş olduğu izahatları o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bundan öncə barəsində İXM-nin eyni maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsini və icra sənədlərində (bir icra sənədi üzrə qismən ödəniş edilmişdir) göstərilən məbləği heç bir üzrlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Şimal Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X5 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar