Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1540/2025 01.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli, EQ 28571843 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 28571843 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Səfaqət Ağayev şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səfaqət Ağayev şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində yaşadığı ünvanın yaxınlığında ona məxsus olan “Mitsubishi Pajero GLS” markalı minik (**- EA-***) maşınını saxlayıb vacib işlə bağlı marketə getmişdir. Bir neçə dəqiqədən sonra onun mobil (050 300-17-27) telefonuma, EQ 28571843 nömrəli protokol şəkilində cərimə olunması haqqında məlumat gəlmişdir. Yaranmış vəziyyətlə bağlı, əsassız olunan cərimənin silinməsi haqqında əlaqədar aidiyyatı təşkilatlara şifahi şəkildə müraciət etmişdir. Lakin onun müraciətinə əsaslı baxılmamış, bu günə kimi həmin təşkilatlardan ünvanına cavab gəlməmişdir. Yuxarıda göstərilənləri nəzərə alınaraq barəsində qəbul edilmiş əssassız qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verən Səfaqət Ağayev verilmiş suallara cavab olaraq bildirdi ki, qeyd edilən tarixdə o, özünə məxsus avtomobillə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində avtomobilini park etmək üçün yolun hərəkət hissəsində gözləmiş, lakin avtomobildən enməmişdir. Həmin küçədə videokamera ilə çəkiliş olduğunu bildiyindən, avtomobili hərəkətsiz saxlamamış, önə və geriyə doğru hərəkət etmişdir. Bu müddət təxminən 1-2 dəqiqə çəkmişdir. Mobil telefonuna barəsində tərtib edilmiş EQ 28571843 protokol barədə sms bildiriş aldıqdan sonra yol polisi idarəsinə yaxınlaşmış, bu zaman yazılmış cərimənin silinməsi üçün məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. O, inzibati xətanın törədilməsində özünü təqsirli hesab etmir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və xx.xx.2025-ci il tarixli EQ 28571843 saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, İşçi qaydasında DYPİ-dən əldə edilmiş fotodan görünür ki, “MİTSUBİSHİ PAJERO- GLS MİNİK” minik markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında 2-ci cərgədə dayanmış, digər hərəkət iştirakıçılarının hərəkətinə ciddi maneə törətmişdir. Fotoşəkildən onu da görmək olur ki, həmin avtomobilin sağ hissəsi avtomobillərin park edilməsi üçün nəzərdə tutulmuş yerdir. Orada sıra ilə çoxlu sayda ardıcıl şəkildə park edilmiş avtomobillər vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə Səfaqət Ağayevin şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə Səfaqət Ağayevin həmin maddə ilə özünü təqsirli bilməməsi barədə verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda izahat vermişdir. İzahatı özünümüdafiə xarakteri daşıyır. Belə ki, Safəqaət Ağayev məhkəmə iclasında təqsirini dolayısı ilə etiraf edərək bildirmişdir ki, o, həqiqətən də avtomobilini park etmək üçün yer axtar məqsədilə yolun hərəkət hissənin kənarında ikinci və sonrakı cərgədə avtomobilini saxlayaraq 1-2 dəqiqə dayanmışdır. “Yol hərəkəti haqqında” Qanununun 52-ci maddəsinin 1-ci hissəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində-yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Həmin Qanunun 55-ci maddəsinin 2-ci hissəsinə görə Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Məhkəmə qeyd edir ki, Səfaqət Ağayevin həmin vaxt avtomobilinin yolun hərəkət hissəsində məcburi dayanması üçün qanunda göstərilən hər hansı əsas olmamış, bu barədə təsdiqləyici sübut məhkəməyə təqdim edilməmiş, fotoşəkildən bu hal müşahidə edilməmişdir. Məhkəmə avtomobilin park edilməsi məqsədilə yer axtarılmasını yolun hərəkət hissəsində məcburi dayanmaya əsas kimi qəbul etmir. Araşadıma zamanı müəyyən edilmişdir ki, Səfaqət Ağayev həqiqətən də istifadəsində olan avtomobili həmin vaxt yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamışdır. İXM-nin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Səfaqət Ağayevin inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi Mərkəzi İnformasiya Sisteminin EQ 28571843 saylı, xx.xx.2025 -ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qayda pozuntusunun əks olunduğu fotoşəkil iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1540/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1540/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver