Məhkəmə qərarları › İş №3(060)-1541/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1541/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1541/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs-X7 iştirakı ilə, X7 “Nəqliyyat vasitəsinin saxlanması barədə” Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisinin xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisinin “Nəqliyyat vasitəsinin saxlanması barədə” xx.xx.2023-cü il tarixli qərarı ilə cərimə ödənilmədiyindən “Mitsubishi Pajero minik” markalı, 90LR813 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi qərara alınmışdır. Sumqayıt Şəhər DYPŞ həmin qərarı icra etmişdir. Həmin qərardan narazı qalan X9 şikayət verərək həmin qərarın ləğv edilməklə nəqliyyat vasitəsinin üzərində olan həbs qərarına xitam verilməsini xahiş etmişdir. X7 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisinin “Nəqliyyat vasitəsinin saxlanması barədə” xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, qərar şikayətçinin maraqlarına toxunduğundan şikayət icraata götürülmüş və iş baxılması üçün təyin edilmişdir. X9 şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin onun mülkiyyəti olan nəqliyyat vasitəsi Mitsubishi markalı 90LR813 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulan həbs qərarı ilə razı deyildir və bildirmək istəyir ki, mülkiyyətində olan avtomobili X4 xx.xx.2022-ci ildə idarəetməyə vermişdir. Həmin şəxs idarə etdiyi vaxtda cürbəcür qayda pozuntuları etmişdir və ona cərimə yazılmışdır. X1 adında olduğu halda onun mülkiyyətinə həbs qoyulmuşdur. DYPŞ-nə qərarın surətini almaq üçün müraciət etmiş, ona qəraın surətini deyil, məktubun surətini vermişlər. O nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilmir və idarə edə bilmir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs-X9 şikayətdə göstərilənləri müdafiə edərək TP ******* saylı qərarının və həmin qərara əsasən hesablanmış 400 manat cərimənin, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisinin “Nəqliyyat vasitəsinin saxlanması barədə” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Mübahisələndirilən qərarın xarakteri və nəqliyyat vasitəsinin Sumqayıt Şəhər DYPŞ tərəfindən duracağa yerləşdirilməsi nəzərə alınaraq Sumqayıt Şəhər DYPŞ məhkəmə iclasına dəvət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Sumqayıt Şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X7 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarından görünür ki, X6 işıq cihazlarından istifadə qaydalarını pozma, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyytdə idarəetmə xətasına yol vermişdir. Buna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə protokol tərtib edilmiş, inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Cərimə ödənilməmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mitsubishi Pajero minik markalı 90LR813 dövlət qeydiyyat nişanlı, tünd yaşıl metallik rəngli avtomobil X8 məxsusdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, X7 şikayəti əsassız olduğundan rədd edilməlidir. X2 Namiq Şirbala oğlunun verdiyi etibarnamə əsasında avtomobili idarə etmişdir, işıq cihazlarından istifadə qaydalarını pozduğuna, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarəetmə xətasına yol verdiyinə görə tənbeh edilmişdir. Onun idarə etdiyi avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X8 məxsusdur. Amma bu hal mülkiyyətə müdaxilə sayıla bilməz. İnzibati xəta haqqında qərar qüvvəyə minmiş, icra edilməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə avtomobil duracağa yerləşdirilmişdir. Cərimə ödənildikdə avtomobil duracaqdan azad ediləcəkdir. Göstərilən vəziyyətin həlli cərimənin ödənilməsidir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində ayrı hal nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisinin “Nəqliyyat vasitəsinin saxlanması barədə” xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslıdır. Ona görə də, məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisinin “Nəqliyyat vasitəsinin saxlanması barədə” xx.xx.2023-cü il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar