Məhkəmə qərarları › İş №3(060)-1547/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1547/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1547/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin İTŞ-nin PPXT inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi - X3, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında 14 iyun 2023-cü il tarixli, MN ******* saylı protokol əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi tərəfindən Şəxs MMC (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, xx.xx.2023-cw il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Şəxs MMC qeyridövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozaraq Sumqayıt şəhər Azərbaycan prospektində yerləşən müəssisəsində F.Nəsirov, R.Zeyniyev, Ə.Şükürov, E.Əkbərov və F.Əliyevi mühafizə bölməsində mühafizəçi və mühafizəçiinspektor kimi işə qəbul edərək bu barədə 3 gün müddətinə DİN-ə məlumat verməmişdir. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, inzibati xəta onun tərəfindən aşkar edilmiş, bu barədə xx.xx.2023-cü il tarixdə tərəfindən raport tərtib olunmuşdur. Belə ki, Şəxs MMC lisenziya-müvafiq icazə olmadan mühafizəçi işə götürmüşlər və bununla bağlı müvafiq dövlət orqanına məlumat verməmişlər. Hüquqi şəxsin məsul şəxsinə dəfələrlə məlumat verilməsinə baxmayaraq onlar inzibati icraatda iştirak etməmişlər və protokolu onlara təqdim etməyə çalışsalar da onlar qəbul etməkdən imtina etmişlər. Odur ki, Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsi X6 etiraz ərizəsi təqdim edərək izahatında bildirdi ki, Daxili işlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən ‘Embawood” MMC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokolda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində "Embawood” MMC qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozaraq Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən müəssisədə F.Nəsirov. R.Zeyniyev, Ə.Şükürov,E.Əkbərov və F.Əliyevi mühafizə bölməsində mühafizəçi və mühafizəçiinspektor kimi işə qəbul edərək bu barədə 3 gün müddətinə Daxil işlər Nazirliyinə məlumat verməmiş və “Embawood" MMC tərəfindən inzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokola münasibət bildirməmişdən əvvəl qeyd etmək istəyir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2023-cü İİ tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 3(060)-1039/2023 nömrəli qərardadı ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Polis idarəsinin 2-ci Polis Bölməsinə geri qaytarılmışdır. Protokolun geri qaytarılmasına əsas kimi icraat zamanı protokol tərtib edilərkən və materiallar məhkəməyə təqdim edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs MMC barəsində ikinci dəfə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-1314/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokolu və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə eyni əsaslar üzrə ikincin dəfə geri qaytarılmışdır. Elektron kabinetə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərlə qətiyyən razı deyillər və əsaslı şəkildə etirazlarını bildirlər. Belə ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməyib. Sözügedən protokolun imza etdi hissəsində Şəxs MMC” sözü qeyd edilib. Şəxs MMC” qeydi imzanı əvəz etmir, ümumiyyətlə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol rəsmi qaydada Şəxs MMC-yə təqdim edilməyib, göndərilməyib. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs MMC-nin Sumqayıt şəhərində yerləşən Sumqayıt mebel hissələri fabrikinə 06 may 2023-cü il tarixli məktub təqdim edilib. Həmin məktuba 19 may 2023-cü il tarixli, 231 nömrəli məktubları ilə cavab vermişlər. Qeyd etmişlər ki, Şəxs MMC-nin olduğu yer (hüquqi və faktiki ünvanı) AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 15A, qapı 1-dir. Şəxs MMC barəsində tərtib etdiyiniz sənədlər (məktub, protokol və s.) rəsmi qaydada Şəxs MMC-nin rəsmi olduğu yer üzrə göndərilməlidir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC ilə bağlı xx.xx.2023-cü il tarixli, 58-2/2-5083 məktubla müraciət olunsa da Şəxs MMC-nin nümayəndəsi protokolun tərtib olunmasında iştirak etməmişdir. Əvvəla qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 58-2/2-5083 nömrəli məktub Şəxs MMC-yə göndərilməyib, məlumatsızdırlar və həmin məktubun göndərilməsini təsdiq edən sənəd də yoxdur. Elektron kabinetə əlavə olunmuş AZ5022 nömrəli poçtun qəbzində (Sumqayıt PF) poçtun möhürü olan hissədə tarix 09 may 2023 qeyd edilib, poçtun qəbzi belə aydın oxunmur, 09 may 2023-cü il tarixli poçt qəbzi nəyi sübut edir, nəyi aydınlaşdırır? Elektron kabinetə əlavə olunmuş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 58-2/2-5083 nömrəli məktubunda qeyd olunur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib olunmuş sənədlərlə tanış olması üçün nümayəndənizin xx.xx.2023-cü il tarixdə, saat 15:00-da Sumqayıt ŞPİnin 2-ci Polis Bölməsinə gəlməsini təmin etməyinizi Sizdən xahiş edirəm. Bu məktubun məğzindən belə anlaşılır ki, sözügedən protokol xx.xx.2023-cü il tarixdə tərtib edilməli idi, lakin elektron kabinetə əlavə olunmuş protokola nəzər etdikdə protokol xx.xx.2023-cü il tarixlidir. Bu da bir ziddiyyət təşkil edir. Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunda qeyd olunur ki, protokolun surəti xx.xx.2023-cü il tarixli məktubla Şəxs MMC-nin ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun xx.xx.2023-cü il tarixdə Embawood” MMC-nin ünvanına göndərilməsini təsdiq edən sənəd (xəbərnamə və s.) niyə iş materiallarına əlavə edilməyib? Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi sübut gətirsin ki, həqiqətən də xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə Embawood” MMC-nin ünvanına göndərib. Təkrar olaraq qeyd edirik ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu Şəxs MMC-yə nə təqdim edilib, nə də göndərilib. İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. İnzibati Xətalar Məcəlləsinin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol Şəxs MMC-yə rəsmi qaydada göndərilməyib, protokolun qəbulundan imtina barədə qeyd də yoxdur. Qanunvericiliyin qeyd edilən tələblərinə riayət edilməyərək, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsi ilə tərtib olunmuş protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin-hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, protokolun qeyd hissəsində göstərilən qeydə uyğun olaraq protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərməmiş, izahatları və mülahizələri protokola əlavə olunmamış və protokolun surəti hüquqi şəxsə göndərilməmiş və ya hüquqi şəxsin nümayəndəsinə təqdim edilməmişdir. Bundan əlavə elektron kabinetə əlavə edilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilib. Həmin qərarda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə, saat 11:00-da Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən Şəxs MMC-nin istehsalat müəssisəsində giriş-çıxışında mühafizə təhlükəsizlik mühafizə departamenti müvafiq lisenziya olmadan fəaliyyət göstərməsi aşkar edilmişdir və Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsinə uyğun olaraq başlanılmış iş üzrə icraat İnzibati Xətalar Məcəlləsinin 104.3 və 115-ci maddələrinə əsasən dayandırılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 104-cü maddəsinin adı inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması adlanır. İnzibati Xətalar Məcəlləsinin 104.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması ilə bağh 3 hal sadalanır. 104.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə; 104.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda və 104.1.3-cü maddəsinə əsasən inzibati xətanı törədən şəxs müəyyən oiunmadıqda inzibati xəta haqqında iş üzrə icraat dayandırılır. İnzibati Xətalar Məcəlləsinin 104.3 və 115-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün hala aiddir? 104.3-cü və 115-ci maddələrin iş üzrə icraatın dayandırılmasına nə aidiyyəti var? Əlbəttə ki, xeyr. 104.3-cü maddəsində qeyd olunur ki, İnzibati xəta haqqında iş üzrə icraat səlahiyyətli vəzifəli şəxsin qərarı ilə dayandırılır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 115-ci maddədə isə inzibati xəta haqqında iş üzrə qərardan bəhs edilir. X5 Məcəlləsinin 104.1-ci maddəsində qeyd olunan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 3 haldan ikisi fiziki şəxsə münasibətdə, bir halda isə inzibati xətanı törədən şəxs müəyyən edilmədikdə dayandırılır. İndi burada sual doğurur ki, xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraat hansı əsasa görə dayandırılıb? 104.1-ci maddədə sadalanan hansı hal üzrə dayandırlıb? xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar Şəxs MMC-yə göndərilməyib, məlumatları yoxdur. İnzibati Xətalar Məcəlləsinin 104.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxs 48 saat ərzində həmin qərarın surətini müvafiq prokurora göndərməlidir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın surəti prokurora göndərilib? İXM-nin 104.5-ci madddəsinə əsasən Prokuror inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı aldığı vaxtdan bir ay müddətində həmin qərarın qəbul edilməsində bu Məcəllənin 104.1-ci maddəsinin tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin yoxlama ilə əlaqədar prokuror müvafiq qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında iş üzrə icraatın materiallarını tələb etdikdə, materiallar bir gün ərzində prokurora təqdim edilməlidir. Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərar qəbul edilib. Sözügedən qərarda qeyd olunur ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı N.Şirinov Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2023-cü il tarixli, 58/2-16849 nömrəli məktubu nəzərdən keçirib müəyyən etdim, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Şəxs MMC qeyri-dəvlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozaraq Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən Şəxs MMC-nin istehsalat müəssisəsində F.Nəsirov, R.Zeyniyev, Ə.Şükürov, E.Əkbərov və F.Əliyevi mühafizə bölməsində mühafizəçi və mühafizəçi inspektor kimi işə qəbul edərək bu barədə 3 gün müddətinə DİN-ə məlumat verməmişdir. İnzibati Xətalar Məcəlləsinin 104.7-ci maddəsini rəhbər tutaraq qərara alıram, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsi ilə inzibati xəta haqqında dayandırılmış icraat təzələnsin. İnzibati Xətalar Məcəlləsinin 104.7ci maddəsinə diqqət yetirək. 104.7-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edildikdə və ya bu Məcəllənin 104.1.1 - 104.1.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqda, səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnir və bu barədə 48 saat ərzində müvafiq prokurora yazılı məlumat verilir. 104.7-ci maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə icraat iki hal üzrə təzələnir. Birincisi inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edildikdə, ikincisi bu Məcəllənin 104.1.1 - 104.1.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqda. Bu iki haldan hansı baş verib ki, icraat təzələnib? xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın müəyyən etdi hissəsində xx.xx.2023-cü il tarixdə, saat 11:00-da Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən Şəxs MMC-nin istehsalat müəssisəsində giriş-çıxışında mühafizə təhlükəsizlik mühafizə departamenti müvafiq lisenziya olmadan fəaliyyət göstərməsi aşkar edilmişdir və Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsinə uyğun olaraq başlanılmış iş üzrə icraat İnzibati Xətalar Məcəlləsinin 104.3 və 115-ci maddələrinə əsasən dayandırılmalıdır. xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərarın müəyyən etdi hissəsində isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Şəxs MMC qeyri-dəvlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozaraq Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən Şəxs MMC-nin istehsalat müəssisəsində F.Nəsirov, R.Zeyniyev, Ə.Şükürov, E.Əkbərov və F.Əliyevi mühafizə bölməsində mühafizəçi və mühafizəçi inspektor kimi işə qəbul edərək bu barədə 3 gün müddətinə DİN-ə məlumat verməmişdir. Hər iki qərarın müəyyən etdi hissələri üst-üstə belə düşmür, uyğun gəlmir. Həmçinin qeyd edirlər ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi tərəfindən xx.xx.2023- cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilib və xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə dayamdırılmış icraatın təzələnməsi haqqında qərar qəbul edilib. İcraatın dayandırılması periodunda 2-ci Polis Bölməsinin qeyd etdiyinə görə Şəxs MMC-yə xx.xx.2023-cü il tarixli, 58-2/2-5083 məktub göndərib. İcraat dayandırılıbsa bu məktub necə göndərilir? Hesab edirik ki, 2-ci Polis Bölməsi İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrinin mahiyyətindən məlumatsızdır və buda gülünc doğurur. Sumqayıt ŞPİ İTŞ-nin inspektoru, polis baş leytenantı Pərviz Əliməmmədov 03 fevral 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin rəsi vəzifəsini müvəqqəti icra edən polis polkovniki cənab Rauf Babaşova raport edir ki, DİN-nin "Qeyri dövlət (özəl) mühafizə fəaliyyətinə nəzarət sahəsində əlavə tədbirlərə dair” xx.xx.2023-cü il tarixli, G1m nömrəli göstərişin icrası ilə əlaqədar Sumqayıt şəhəri ərazisində qeyri-dövlət mühafizə fəaliyyətini həyata keçirən müəssisələrdə aparılan yoxlama nəticəsində Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən Şəxs MMC-nin istehsalat müəssisəsinin giriş-çıxışında və ərazisində mühafizətəhlükəsizlik xidmətini həyata keçirən mühafizə departamentinin müvafiq lisenziya olmadan fəaliyyət göstərməsi aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq, qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə göstəriş verməyinizi xahiş edirəm. Şəxs MMC-nin istehsalat müəssisəsinin giriş-çıxışında və ərazisində mühafizətəhlükəsizlik xidmətini həyata keçirən mühafizə departamentinin müvafiq lisenziya olmadan fəaliyyət göstərməsi necə aşkar edilib? İş materiallarına əlavə edilmiş izahatlar ilə? İzahatlarda tarix belə qeyd edilməyib. Sonradan izahat verən işçilər məlumat verdilər ki, onları polis bölməsinə başqa iş adı altında çağırıblar, lakin başqa məzmunda izahatlarını alıblar və izahatlarda təkrar qeyd edir ki, tarix qeyd edilməyib. Polis orqanının bu hərəkətləri qanunaziddir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsi idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir. İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar və eləcə də İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsi üzrə inzibati araşdırma aparıla bilməz. İnzibati Xətalar Məcəlləsinin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Şəxs MMC öz mülkiyyətinin mühafizəsini təşkil etmək üçün digər şirkətlərdə olduğu kimi mühafizə departamenti yaradıb. Bu şirkətdaxili qayda ilə tənzimlənir, bu gün yaradıbsa sabah ləğv edə bilər. Şəxs MMC mühafizə fəaliyyəti göstərmir və mühafizə xidməti təqdim edərək müqabilində pul almır. Sadəcə olaraq əmək müqaviləsi ilə işləyən bir qisim işçiləri mühafizəni həyata keçirir, giriş-çıxışa nəzarət edir, təhlükəsizliyi qoruyur və s. Əsas nüanslardan biri kimi qeyd edir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.Sumqayıt Şəhər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 3(060)-1039/2023 nömrəli qərardadı ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə geri qaytarılmışdır. Sumqayıt Şəhər Polis idarəsinin 2-ci Polis Bölməsi xx.xx.2023-cu il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokolu yenidən məhkəməyə göndərmək əvəzinə yeni protokol, yəni xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-1314/2023 nömrəli qərardadı ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə geri qaytarılmışdır. Bu da bir pozuntudur. Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Plenumu qərarında qeyd edilib ki, qeyd olunan maddələrin təhlilindən belə qənaətə gəlmək olar ki, protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə hallan mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Qərarda da qeyd edildiyi kimi “həmin protokolun” yenidən məhkəməyə göndərilməsi istisna edilmir. Konstitusiya Məhkəməsinin Plenum qərarında yeni protokol sözü deyil həmin protokol sözü keçir. Yəni Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokolu rəsmi qaydada Şəxs MMC-yə göndərməli və ya səlahiyyətli nümayəndəsinə təqdim etməli və bundan sonra yenidən məhkəməyə müraciət etməli idi. Digər əsas nüanslardan biri kimi qeyd edirik ki, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddəti keçib. Yuxarıda da qeyd etdiyimiz kimi İnzibati Xətalar Məcəlləsinin 597-ci maddəsi idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar üzrə İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələbinə uyğun olaraq inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 (dörd) ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Əlavə olaraq qeyd etdi ki, protokolda adı qeyd olunan şəxslər həmin MMC-də mühafizəçi olaraq işləyiblər. MMC-də struktur dəyişikliyi edilmiş, 05 may 2023-cü il tarixdə həmin 5 nəfər şəxs təhlükəsizlik bölməsinə keçirilmişlər, hal-hazırda təhlükəsizlik bölməsinin işçiləridirlər. Hesab edirlər ki, MMC öz obyektinin mühafizəsi üçün mühafizəçi götürməyə görə heç bir yerdən icazə almamalıdır. Etiraz ərizəsində qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1039/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt ŞPİ-nin 2-ci PB-nə geri qaytarılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1314/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt ŞPİ-nin 2-ci PB-nə geri qaytarılmışdır. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsi və protokol tərtib etmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olduğu üçün inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraatda MMC-nin iştirakının təmin olunmaması, ona bildiriş göndərilməməsi, başqa qaydada dəvət edilməməsi və MMC-nin müdafiə hüquqlarının təmin edilməməsi səbəbindən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, bundan sonra Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə protokolda inzibati xətanın törədildiyi yer və vaxt barədə məlumatın olmaması, MMC-nin nümayəndəsinin izahat vermək, protokol tərtib edilməsində və icraatda iştirak etmək üçün dəvət edilməməsi, izahatının qeyd olunmaması və protokolun surətinin ona təqdim edilməməsi səbəbindən ikinci dəfə geri qaytarılmışdır. Bundan sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubu ilə Şəxs MMC-nin ünvanına rəsmi qaydada bildiriş, həmçinin protokolun surəti göndərilmiş, bu barədə poçt qəbzləri iş materiallarına əlavə edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi də iştirak etmiş, barələrində tərtib edilmiş protokolla tanış olmuşlar. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolun qaytarılmasına əsas barəsində protokol tərtib edilmiş şəxsi inzibati icraat barədə məlumatlandırmaq, inzibati xətaya dair onun münasibətini aydınlaşdırmaq və izahatını almaq, etirazını bildirməsi üçün şərait yaratmaq və qanunla müəyyən edilmiş digər hüquqların həyata keçirilməsini təmin etməkdir. Hazırki iş materiallarından da göründüyü kimi Şəxs MMC onun barəsində aparılan inzibati icraatda iştirak etmək üçün dəvət edilmiş, ünvanına bildiriş göndərilmiş, lakin MMC məlumatlandırılmasına baxmayaraq inzibati icraatda iştirak etməmiş, protokolun surətini almamış və protokola imza etməmişdir. Məhkəmə hesab edir ki, barəsində protokol tərtib edilmiş şəxsin hüquqlarından istifadə etmək istəyinin olmaması inzibati xəta haqqında iş üzrə icraatın aparılmasına mane olmur. Məhkəmə iclasında iştirak edən nümayəndənin xx.xx.2023-cü il tarixli protokoldan məlumatsız olmaları və protokolun surətini almamaları ilə bağlı çıxışları hüquqdan suiistifadə kimi başa düşülməlidir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, inzibati xəta haqqında tərtib edilmiş protokol və ona əlavə edilmiş material o halda məhkəmə tərəfindən qaytarılır ki, protokolda göstərilən natamamlığın aradan qaldırılması sonradan mümkün olmasın. Hazırki iş üzrə şəxs inzibati xəta haqqında icraat barəsində kifayət qədər məlumatlı olmaqla, öz etirazını və əsaslandığı dəlillərini əvvəlki və hazırkı məhkəmə iclaslarında təqdim etmişdir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi adları qeyd olunan şəxslərin mühafizə xidməti göstərmələrini inkar etməmiş, lakin hüquqi şəxsin işçisi olduqlarını və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə belə strukturun yaradılmasını və bu halın inzibati xətanın təsiri altına düşmədiyi qənaətində olduqlarını bildirmişdir. Bundan başqa müddətlə bağlı məhkəmə vurğulayır ki, qeyd olunan xəta uzanan inzibati xətalara aiddir və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində davam etmişdir. İş materiallarından görünür ki, protokolda adı qeyd olunan şəxslər 2023-cü ilin yanvar ayının sonlarından Mühafizə departamenti/Sumqayıt mebel hissələri fabriki üzrə Mühafizə bölməsində çalışmışlar. MMC daxilində edilmiş struktur dəyişikliyindən sonra həmin şəxslər MMC-də gözətçi vəzifəsinə keçirilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, “Uzanan hüquqpozuntuları” (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Bundan başqa iş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-si tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, xx.xx.2023-cü il tarixdə icraat təzələnmişdir. Qeyd olunan qərar heç bir halda məhkəmə üçün predyusial xarakter daşımır və həmin qərarın qəbul edilməsinin qanuniliyi məhkəmə tərəfindən yoxlanılır. İlk növbədə inzibati xəta haqqında icraatın dayandırılmasına dair normaya diqqət edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün 3 aşağıdakı göstərilən əsas müəyyən etmişdir: 104.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə; 104.1.2. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda; 104.1.3. inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda. Yuxarıda qeyd olunan ilk iki əsas fiziki şəxs barəsindədir, digər əsas isə inzibati xətanı törədən bəlli olduğundan, hazırki iş üzrə icraatın dayandırılması üçün səbəb ola bilməzdir. Lakin inzibati xəta haqqında materialı araşdıran səlahiyyətli orqan İXM-nin 104.3-cü maddəsini rəhbər tutaraq icraatı dayandırmışdır. Halbuki icraatın dayandırılması üçün hər hansı əsas mövcud deyildir. Bununla belə məhkəmə tərəfindən inzibati icraatın dayandırılmasına dair müddət nəzərə alınmasa da, hazırki xəta uzanan inzibati xəta olduğundan, müddət axımı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Odur ki, hazırki iş üzrə şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlbetmə müddəti ötürülməmişdir. Göründüyü kimi Sumqayıt şəhər Polis İdarəsi inzibati xəta haqqında protokolu tərtib etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsinə əsasən qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni: özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində yerləşən hüquqi şəxslər öz mühafizəsini təmin etmək məqsədilə xüsusi razılıq (lisenziya) əsasında mühafizə bölməsi yarada bilər. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. İnzibati xətanın xarakterini nəzərə alaraq Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: ünvan 4 ünvanında yerləşən Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar