Məhkəmə qərarları › İş №3(060)-1548/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1548/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1548/2023 16.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi polis kapitanı X1 Zərərçəkmiş şəxslər X2, Zərərçəkmiş şəxs3 Sərxan oğlunun, Zərərçəkmiş şəxs1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı vəkil Burosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəh., doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli olmaqla MN ******* №-li, MN ******* №-li və MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli MN ******* №-li protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində sosial yardım düzəltmək adı ilə X3 aldadaraq 100 manat pulunu, MN ******* №-li protokola əsasən xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Zərərçəkmiş şəxs3 Sərxan oğluna sosial yardım düzəltmək məqsədi ilə sonuncunu aldadaraq 250 manat pulunu, ******* №-li protokola əsasən xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində sosial yardım düzətmək məqsədi ilə Zərərçəkmiş şəxs1 aldadaraq 100 manat pulunu ələ keçirmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Səxavət Abuşov barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* №-li, MN ******* №-li və MN ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1549/2023 və 3(060)-1550/2023 №-li işlər bir icraatda 3(060)-1548/2023 nömrə ilə birləşdirilməsi, 3(060)-1549/2023, 3(060)-1550/2023 №-li işlər birləşdirildiyi üçün həmin nömrələr üzrə işlərin icraatına xitam verilməsi qərara alınmışdır. Protokolları tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi X4 tərtib edilən protokollara uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, əvvəllər Sumqayıt şəhəri, Sülh plaza adlanan iaşə obyektində icarə əsasında yer götürmüş, müxtəlif şəxslərə sosial yardım və təqaüdlər düzəltməkdə yardımçı olmuş, hətda çoxlu sayda şəxslərə sosial yardım düzəltmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində sosial yardım düzəltmək adı ilə X3 aldadaraq 300 manat pulunu, həmin tarixdə sosial yardım düzətmək məqsədi ilə Zərərçəkmiş şəxs1 aldadaraq 300 manat pulunu, həmçinin xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində sosial yardım düzətmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Sərxan oğlunu aldadaraq 450 manat pulunu ələ keçirmişdir. Həmin şəxslər pulları onun verdiyi “Kapital Bank” hesabına köçürmüşlər. Lakin vətəndaşlardan pul alsa da, sosial yardım düzəltmək mümkün olmamışdır. O, Elvin Səməndərovdan aldığı pulun 200 manatını, Zərərçəkmiş şəxs1 aldığı pulun 200 manatını, Zərərçəkmiş şəxs3 aldığı pulun 200 manatını qaytarmış, qalan məbləğləri isə qaytara bilməmişdir. Əməlindən peşmandır, himayəsində üç az yaşlı övladı var. Qeyd olunanlara əsasən yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir, hal-hazırda ödəyə bilmir, himayəsində üç övladı var, məhkəmədən daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, xx.xx.2022-ci il tarixdə iş yoldaşı Samir ona Nahid adlı tanışının olduğunu və sosial yardım düzəldə biləcəyini bildirmişdir. O, rəsmi iş yerinin olmadığını söyləmiş, Nahid ona 300 manat verəcəyi təqdirdə onu sistemdə rəsmi iş yeri olan şəxs kimi qeydiyyata aldıracağını bildirmişdir. Bu məqsədlə o, 300 manat pulu dostu Vüsala məxsus kart hesabına göndərmiş, Samir həmin pulu Vüsalın kartından çıxarıb Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən Arzu marketdə Milliön terminalı vasitəsi ilə Nahidə göndərmiş, lakin hal-hazırkı günə qədər Nahid adlı şəxs ona sosial düzəltməmiş, Nahid həmin puldan 200 manat pulu qaytarsa da, qalan 100 manat məbləği qaytarmamışdır. Hazırda şikayətçidir, ona dəymiş ziyanı tələb edir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 Sərxan oğlu bildirdi ki, 2022-ci İlin oktyabr ayında qonşuluqda yaşayan Nigar adlı qadın həyat yoldaşı ilə söhbət əsnasında özünə sosial yardım düzəldirdiyini, lazım olsa ona düzəldə biləcəyini demişdir. Nigar həmin şəxsin telefon nömrəsini ona vermiş, o, həmin şəxslə əlaqə saxlayan zaman həmin şəxs adının Nahid olmasını, Sülh plaza adlı mərkəzdə yerləşən ofisdə əyləşdiyini bildirmişdir. O, Nahidin iş yerinə getmiş, Nahid ona 450 AZN qarşılığında sosial yardım düzəldəcəyini demiş, o, bu barədə dostları Vüsal və Elvinə də bildirmişdir. Bundan sonra dostları ona razılıq vermiş, bu barədə Nahidlə danışan zaman Nahid onlar üçün hərəsinə 300 AZN pul ödəyəcəyini bildirmiş, xx.xx.2022-ci il tarixdə o, Vüsal ilə birlikdə Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində Arzu marketdə Milliön terminalı vasitəsilə Nahidə məxsus olan 4169- 7385-8092-2742 saylı Kapital Banka məxsus kartda ayrı-ayrı vaxtlarda ümumilikdə 750 AZN pul göndərmiş, həmin pulun 300 AZN-ni Elvin Nahidə göndərmək üçün ona vermişdir. Lakin bu günə kimi Nahid ona heç bir sosial müavinat düzəltməmişdir. Nahid ona göndərdiyi 450 manat puldan 200 manatı qaytarmış, lakin qalan 250 manatı qaytarmamışdır. Hazırda şikayətçidir, ona dəymiş ziyanı tələb edir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə iş yoldaşı Samir Krəimov ona Nahid adlı tanışının olmasını, sosial yardım düzəldə biləcəyini, əgər lazım olarsa ona bildirməsini söyləmişdir. xx.xx.2023-cü il tarixdə o, Samirlə birlikdə Sumqayıt şəhərində olarkn Nahid dostu Samirə zəng edərək təcili pulların göndərilməsini istəmişdir. O, Samir ilə birlikdə Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində Arzu marketdə Milliön terminalı vasitəsilə Nahidə məxsus olan 4169-7385-8092-2742 saylı Kapital Banka məxsus karta 300 manat pul göndərmişdir. İş yoldaşı Evində pulunu ona göndərmiş, o, həmin pulu çıxardıb göndərməsi üçün Samirə vermişdir. Lakin bu günə kimi Nahid ona heç bir sosial müavinat düzəltməmişdir. Nahid ona göndərdiyi 300 manat puldan 200 manatı qaytarmış, lakin qalan 100 manatı qaytarmamışdır. Hazırda şikayətçidir, ona dəymiş ziyanı tələb edir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə hər üç epizod üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan 15 iyun 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:00-da tutulmuş, xx.xx.2023cü il tarixdə, saat 14:00-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs evlidir, himayəsində xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X10 adlı övladları var. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri və protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı övladlarının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarından görünür ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.3-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclası zamanı ifadəsi alınan hər üç zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onlara dəymiş ziyanı ödəmədiklərini və onunla heç bir barışıq əldə etmədiklərini bildirdikləri üçün hazırkı iş üzrə AR İXM-nin 39.3-cü maddəsinin tətbiqi mümkün deyildir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi üç inzibati xətaya dair işlərə eyni vaxtda baxıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, həmin Məcəllənin 34.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehlər toplanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər Şəhər 1 Saylı vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li və xx.xx.2023-cü il tarixli MN ******* №-li protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, hər bir inzibati xətaya görə ayrılıqda 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tənbehlər qismən toplanılmaqla Şəxs 01 (bir) ay 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılsın və Şəxs qəti olaraq 01 (bir) ay 19 (on doqquz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 16 iyun 2023-cü il, saat 15:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar