Məhkəmə qərarları › İş №3(060)-1551/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1551/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1551/2024 02.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Şəxs MTK Sumqayıt şəhəri, Bulvar küçəsində fakitki fəaliyyət göstərir. Həmin ərazidə eni 1,8 metr, hündürlüyü 4 metr olan reklamın yerləşdirilməsi ilə bağlı Şəxs MTK tərəfindən müraciət olmuş və Sumqayıt Regional Reklam İdarəsi tərəfindən reklamın yerləşdirilməsinə icazə verilmişdir. Lakin, Şəxs MTK qeyd edilən reklamdan əlavə Sumqayıt şəhəri, Bulvar küçəsində açıq məkanda icazə sənədi olmadan 1,5 x 2,5 metr ölçülərdə 155 ədəd, ümumi ölüçüsü 674,25 m2 olan fasad reklamları yerləşdirmiş və yayımlamışdır. Bununla bağlı xx.xx.2024-cü il tarixdə akt tərtib edilmiş, 03 iyul 2024-cü il tarixli bildirişlə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanacağı ilə bağlı Şəxs MTK-ya məlumat verilmişdir. 09 iyul 2024-cü ildə Şəxs MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin bildirmişdir ki, əraziyə baxış keçirilərkən və ya protokol tərtib edilərkən reklamaların "xxxx" MMC tərəfindən yerləşdirilməsi ilə bağlı onlara heç bir məlumat verilməmişdir. Ərazidə tikintini faktiki Şəxs MTK apardığı üçün onlar məsuliyyətə cəlb edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs MTK barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. 26 iyul 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Şəxs MTK-nın nümayəndəsi X3 bildirmişdir ki, MTK barəsində tərtib edilmiş protokol əsassızdır. Belə ki, qeyd edilən reklamların onlara heç bir aidiyyəti yoxdur. Həmin ərazi və üzərində olan binalar "xxxx" MMC-yə məxsusdur. Bu hal ayrı-ayrı dövlət orqanları tərəfindən verilmiş sənədlərlə də öz təsdiqni tapır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir. Həmçinin Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 23 iyun 2016-cı il tarixli 166 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, S.Vurğun küçəsi, “Dəniz Buları” ərazisində 4 hektar ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahəsindən ibarət çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə "xxxx" MMC-yə icazə verilmişdir. Layihə sənədlərinə baxdıqda da görürük ki, həmin sənədlər də "xxxx" MMC-yə aiddir. Şəxs MTK-nın tikintiyə icazə lisenziyası olduğu üçün MTK ilə "xxxx" MMC arasında yaşayış kompleksinin birgə tikintisinə dair müqavilə mövcuddur. Şəxs MTK yalnız tikintini həyata keçirir, kompleksin mülkiyyətçisi "xxxx" MMC-dir və divara vurulmuş tablolar da "xxxx" MMC-yə məxsus layihədən çıxarışlardır. Yaşayış kompleksində mənzillərin satışını da "xxxx" MMC həyata keçirir, Şəxs MTK-nın belə bir hüququ yoxdur. Satışı həyata keçirən məhz "xxxx" MMC olduğu üçün tablolar da onlar tərəfindən yerləşdirilmişdir. Həmin ərazidə onlar tikinti həyata keçirdikləri üçün sadəcə ofisləri vardır, yalnız ofislərinin qarşısında MTK-nın adını bildirən lövhə onlar tərəfindən yerləşdirilmişdir və onun da icazsə sənədi mövcuddur. Qalan lövhələrin onlara heç bir aiddiyyəti yoxdur. Göstərilənlərə əsasən Şəxs MTK barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb olmuş Sumqayıt şəhəri, Sahil küçəsində yerləşdirilmiş 1,5 x 2,5 metr ölçülərdə 155 ədəd, ümumi ölüçüsü 674,25 m2 olan lövhələrin Şəxs MTK-ya aidiyyəti olmaması səbəbindən həmin MTK barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MTK Sumqayıt şəhəri, Bulvar küçəsində açıq məkanda icazə sənədi olmadan 1,5 x 2,5 metr ölçülərdə 155 ədəd, ümumi ölüçüsü 674,25 m2 olan fasad reklamları yerləşdirmiş və yayımlamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 ha. torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüququ qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş 11 avqust 2024-cü il tarixli 10 nömrəli obyektin tikintisinə icazədən görünür ki, ünvan 1 ünvanında yaşayış kompleksinin tikintisinə "xxxx" MMC-yə icazə verilmişdir. İş materiallarında olan X2 X1 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli 35396 nömrəli ekpert rəyindən görünür ki, ünvan 1 ünvanında yaşayış kompleksinin layihə sənədləri "xxxx" MMC-nin adına qeydə alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Şəxs MTK arasında bağlanmış 16 mart 2022ci il tarixli birgə fəaliyyət müqaviləsindən görünür ki, tərəflər ünvan 1 ünvanında yaşayış kompleksinin tikintisi üzrə razılıq əldə etmişlər. Razılığa əsasən "xxxx" MMC-nin icarəsində olan və tikintisinə razılıq olan yaşayış və qeyri-yaşayış kompleksinin tikintisini Şəxs MTK həyata keçirməlidir. Beləliklə iş materiallarına əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 4 ha. torpaq sahəsi "xxxx" MMC-nin icarəsindədir, həmin ərazidə yaşayış və qeyri-yaşayış kompleksinin tikilməsinə "xxxx" MMC-yə icazə verilmiş və kompleksin layihə və digər sənədləri "xxxx" MMC-nin adına qeydə alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, qeyd edilən kompleksin tikilməsi ilə bağlı "xxxx" MMC ilə Şəxs MTK arasında birgə fəaliyyət müqaviləsi bağlanmışdır. 10 iyun 2024-cü il tarixdə qeyd edilən ünvanda tikinti ərazisinin kənarlarında 1,5 x 2,5 metr ölçülərdə 155 ədəd, ümumi ölüçüsü 674,25 m2 olan fasada yaşayış kompleksinin layihə sənədlərindən lövhələr vurulmuşdur. Bununla bağlı Sumqayıt Regional Reklam İdarəsində Şəxs MTK barəsində İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən və hazırda tikilməkdə olan yaşayış və qeyri-yaşayış kompleksinin mülkiyyətçisi Şəxs MTK olmadığından, həmçinin tikinti sahəsinin kənarlarına vurulmuş 1,5 x 2,5 metr ölçülərdə 155 ədəd, ümumi ölüçüsü 674,25 m2 olan layihə sənədlərinin Şəxs MTK-ya aidiyyətinin olmaması səbəbindən həmin MTK tərəfindən hər hansı inzibati xətanın törədilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, törədilməsi iddia edilən inzibati xətaya Şəxs aidiyyəti olmadığından həmin MTK barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar