Məhkəmə qərarları › İş №3(060)-1552/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1552/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1552/2023 16.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Pİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 12 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən zərərçəkmiş şəxs X1 izahatından görünür ki, bacısı Rüstəmova Kəmalə Seyfəddin qızı Sumqayıt şəhəri, Karvan ticarət mərkəzində məişət əşyaları satışı ilə məşğuldur. O, çox vaxt övladlarını məktəbə yola saldıqdan sonra oraya gedir. 2022-ci ilin oktyabr ayının əvvəlində o, yenə bacısının yanına getmiş, orada olarkən tanımadığı bir nəfər müştəri içəri daxil olmuşdur. Həmin şəxs telefonla danışaraq sosial müavinət düzəldəcəyini demiş, həmin vaxt bacısı ondan sosial müavinət düzəldib düzəltməyəcəyini soruşmuş, həmin şəxs özünü təqdim edib adının Nahid olmasını, sosial müavinət düzəldə biləcəyini demişdir. Bundan sonra o, Nahidin telefon nömrəsini götürmüş, təxminən 5 gün sonra Nahidlə telefon əlaqəsi saxlamışdır. Nahid Sülh plaza adlı mərkəzdə özünəməxsus ofisinin olmasını bildirmiş və o, anası X2 ilə birlikdə oraya getmişdir. Nahid ondan sosial müavinət düzəltməsi üçün 400 AZN pul istəmiş, o, həmin vaxt anası üçündə 5 övladı olduğu üçün Nahiddən sosial müavinət düzəldə bilib-bilməyəcəyini soruşmuş, Nahid bunada razılıq vermiş, anası üçün isə 330 AZN pul istəmişdir. Həmin pulları aldadılmamaq üçün ona verdiyi 4169-7385-8092-2742 saylı hesab nömrəsinə yaşadığı evin yaxınlığında yerləşən Oba marketdə yerləşən Milliön terminalı vasitəsilə 730 AZN pul köçürtmüş, pul köçürtdükdən sonra 2023-cü ilin yanvar ayına kimi Nahid telefon zənglərinə cavab verirmişdir. Lakin daha sonra Nahid zənglərə cavab verməmiş, hal-hazırki günə qədər Nahid ona müavinət düzəltməmiş, o cümlədən pulunu geri qaytarmamışdır. Baş vermiş hadisə nəticəsində ona 400 AZN maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab olunur. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarından görünür ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. İş materiallarından görünür ki, Şəxs sosial yardım düzətmək məqsədi ilə həm Kəmalə Rüstəmovadan həm də onun anası Məfkurə Rüstəmovadan eyni anda ümumilikdə 730 manat pulunu əldə dələzduzluq yolu ilə əldə etmişdir. Beləliklə hesab edirəm ki, Şəxs tərəfindən hüquqpozma faktı törədilən zaman onun niyyətini (müstəqil və ya vahid) dəqiq müəyyən etmədən, qeyd olunan xüsusatlar araşdırılmadan əməlinə hüquqi qiymət vermək mümkün deyildir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə geri qaytarılsın. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-ə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar