Məhkəmə qərarları › İş №3(060)-1556/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1556/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1556/2025 15.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 etibarnamə üzrə nümayəndəsi və “Kəngərli və Partnyorları Vəkil Bürosu”nun vəkili Vəkil iştirakları ilə, Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27638205 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 27638205 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Tofiq Allahverdiyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Tofiq Allahverdiyev şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında EQ 27638205 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Tofiq Allahverdiyev şikayətini onunla əsaslandırmışdır ki, o, DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27638205 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Qərarın tətbiq olunmasına səbəb kimi onun tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 18:46-də M-1 avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisinə düşən 44.6-cı kilometrində Quba istiqamətində xüsusi təyinatlı “MERCEDES BENZ” yük markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkli nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qeyd edilmişdir. Qərarın qəbul edilməsinə səbəb inzibati xətanın aşkar edildiyi yerdə quraşdırılmış elektron tərəzinin idarə etdiyi avtomobilinin çəkisinin 34100 kq olmasını müəyyən etməsi olmuşdur (limit 32000 kq-dır). Məhz bu hissədə həmin protokolla razı deyil, belə ki, müvafiq dövlət qurumunun elektron tərəzisinin göstərdiyi çəki ilə yükünü daşıdığı “Sumqayıt Dəmir Beton 12 ASC”-dən çıxan zaman oranın tərəzisində çəkilmiş çəki arasında ciddi fərq yaranmışdır. Belə ki, o, idarə etdiyi yuxarıda qeyd olunan yük avtomobili ilə təyinat nöqtəsinə yola çıxmamışdan öncə xx.xx.2025-ci il tarixdə, saat 18:18:42-də yüklü vəziyyətdə avtomobilin çəkisi ölçülmüş və 31760 kq olduğu müəyyən edilmişdir. Qeyd olunan çəki təyinat nöqtəsində də qeydə alınmışdır. Yolda quraşdırılmış elektron tərəzidə isə 2340 kq fərq yaranmışdır ki, bu mümkün deyildir, belə ki, istər yükün götürüldüyü və istərsə də, yükün boşaldıldığı qurumların ölçmə barədə müvafiq sənədləri vardır. Bundan başqa "xxxx" ASC-nin tərəzilərinin işlək vəziyyətdə olmasının mütəmadi yoxlanmasına dair şəhadətnaməsi də mövcuddur. Bu barədə avtomobil yoluna elektron tərəzini quraşdırmış aidiyyəti quruma dəfələrlə məlumat versələr də, hazırki vaxtadək heç bir nəticəsi olmamışdır. Əsassız olaraq ona cərimə tətbiq edilmişdir. BDYPİ tərəfindən barəsində İXM-nin 353.2-ci maddəsi ilə 600 manat cərimə növündə inzibati tənbeh vermə barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin yeri və vaxtı barəsində qabaqcadan məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən BDYPİ-nin nümayəndəsi və qərardan şikayət verən şəxs Tofiq Allahverdiyev məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Tofiq Allahverdiyevin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək bildirdi ki, 29 aprel 2025-ci il tarixdə “MERCEDES BENZ” yük markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili “Sumqayıt Dəmir Beton 12 ASC”-dən çıxan zaman avtomobilin yüklü çəkisi elektron tərəzi vasitəsilə ölçülmüş, bu zaman avtomobilin yüklə birlikdə çəkisinin 31.760 kq olduğu müəyyən edilmişdir. Eyni zamanda təyinat nöqtəsində də yük ölçülmüş və eyni çəki qeydə alınmışdır. Bildirir ki, həmin avtomobilinin yüksüz çəkisi dövlət qeydiyyat şəhadətnaməsində 10 ton göstərilsə də, əslində bu çəki 14 tondur. Məhkəmə iclasında Vəkil ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə həmin yük avtomobilinə ümumilikdə 15361 kq beton qarışığı yüklənmişdir. Qeyd edir ki, yükün çatdırıldığı şirkətin nümayəndəsi ilə elektron qaydada yazışmaları olmuş, həmin yazışmaları məhkəməyə təqdim edir. Qeyd edir ki, həmin tarixdə ** AF *** dövlət nömrə nişanlı betonqarışdıran maşınla ümumilikdə 6.5 m3 C50 sulfatadavamlı beton qarışığı nəzərdə tutulmuş ünvana çatdırılmışdır. Belə ki, 1 m3 beton qarışığının 2.5 ton təşkl etdiyini qeyd edir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 18:46-də M-1 avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisinə düşən 44.6-cı kilometrində, Quba istiqamətində hərəkətdə olarkən çəki limiti 32 ton olmasına baxmayaraq, ümumilikdə 34 ton 100 kq çəki ilə hərəkətdə olmuş, həmin limiti aşaraq qayda pozuntusu törətmişdir. “Sumqayıt Dəmir Beton 12 ASC”-ə məxsus xx.xx.2025-ci il tarixli, 31027 №-li “tərəzi qəbzi” dən görünür ki, “MERCEDES BENZ” yük markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yükü, ümumilikdə 31 ton 760 kq olmuşdur. “Sumqayıt Dəmir Beton 12 ASC”-ə məxsus xx.xx.2025-ci il tarixli, 12 №-li qaimədən görünür ki, “Mercedes Benz” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yükü 6,5 m3 C16 20 adlı beton yükü olmuşdur. Gerçek çəki 15361 kq beton qarışığı avtomobilə yüklənmişdir. “Sumqayıt Dəmir Beton 12 ASC”-dən “Norm Cement”-ə ünvanlanmış elektron məktubdan görünür ki, xx.xx.2025-ci il tarixində **-AF-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran maşını 6,5 m3 C16 20 beton yükü nəzərdə tutulmuş ünvana çatdırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 47-ci bəndinə əsasən icazə verilən maksimum kütlə dedikdə istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş, nəqliyyat vasitəsinin sürücü, sərnişin və yüklə birlikdə yol verilən kütləsinin yuxarı həddi başa düşülür. Avtoqatarın icazə verilən maksimum kütləsi isə tərkibə daxil olan nəqliyyat vasitələrinin icazə verilən maksimum kütlələrinin cəmindən ibarətdir. Həmin qanunun 1-ci maddəsinin 51-ci bəndinə əsasən ağırçəkili nəqliyyat vasitəsi dedikdə ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsi anlaşılır. Həmin qanunun 1-ci maddəsinin 52-ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi dedikdə ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsi anlaşılır. Məhkəmə Tofiq Allahverdiyevin şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Tofiq Allahverdiyevin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o, müdafiə etdiyi şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə bu məzmunda izahat vermişdir. Belə ki, məhkəmə iclasında Vəkil adı çəkilən yük avtomobilin qeydiyyat şəhadətnaməsində avtomobilin yüksüz kütləsinin 10220 kq göstərildiyi halda israrla həmin çəkinin əslində 14 ton olduğunu bildirmişdir. Bundan başqa hər m3 beton qarışının 2.5 ton təşkil etdiyini, avtomobildə cəmi 15361 kq beton qarışı olduğunu da qeyd etmişdir. Vəkil eyni zamanda hər hansı təsdiqedici möhürü olmayan digər bir arayışı da məhkəmə təqdim edərək xx.xx.2025-ci il tarixdə zavoddan çıxarkən avtomobilin yüklə birlikdə çəkisinin 31700 kq olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqdim edilmiş arayışlar və müdafiəçinin izahatında qeyd etdikləri bir-digərilə maqayisəli şəkildə tədqiq edilməli gəlinən nəticə əsaslanmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, qeydiyyat şəhadətnaməsində yük avtomobilinin yüksüz kütləsi 10220 kq olduğu göstərilmişdir. Avtomobildə 6.5 m3 beton qarışığının olduğunu nəzərə alsaq 6.5 m3x2.5=16250 kq beton qarışının avtomobilə yükləndiyinin şahidi olmuş olarıq. Belə olan halda avtomobilin yüklə birlikdə 10220 kq+16250kq=26470 kq olduğu müəyyən edilir. Bundan başqa Vəkil yük avtomobilinin yüksüz kütləsinin 10220 kq deyil, 14 ton olduğunu bildirmişdir. Belə olan halda avtomobilin yüklə birlikdə 14000 kq+16250 kq=30250 kq olduğu müəyyən edilir. Qeyd edilənlərə baxmayaraq Vəkil ərizəsinə hər hansı möhürlə təsdiqlənməyən arayışı məhkəmə təqdim edərək avtomobilin yüklə birlikdə zavoddan çıxarkən çəkisinin 31700 kq olduğunu bildirmişdir. Göründüyü kimi qərardan şikayət verən şəxsin vəkili biri digəri ilə əhəmiyyətli dərəcədə fərqli izahat vermiş, təqdim etdiyi arayışa uzlaşmayan mövqe nümayiş etdirmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, vəkil tərəfindən verilən izahatda beton qarışığının 6.5 m3x2.5=16250 kq olduğu bildirilsə də, sonuncunun təqdim etdiyi digər təsdiq edilməmşi arayışda yükün gerçək çəkisinin əslində təxminən 01 ton az 15361 kq olduğu qeyd edilmişdir. Yuxarıdaki abzalarda qeyd edilənlərdən fərqli olaraq avtomobilin yüksüz çəkisi hər iki variantda yükün yəni 15361 kiloqramın üzərinə əlavə edilərsə daha fərqli nəticənin alındığı müəyyən edilmiş olar. Göründüyü kimi məhkəmə tərəfindən şikayətdə göstərilən hər bir xüsusat yoxlanıldı, müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Tofiq Allahverdiyevin barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 27638205 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar