Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1560/2025 21.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, sürücülük fəaliyyəti ilə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 24 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs “Daevvo” markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs məxsus “Hyundai Santafe” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomaşını Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində qəsdən arxa hissəsindən vuraraq qəsdən əmlaka ziyan vurmuşdur. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, hadisə zamanı, yəni xx.xx.2025-ci il tarixdə, Sumqayıt şəhəri, Koroğlu küçəsində 3 zolaqlı yolun 3-cü sırası ilə içərisində sərnişinlər olan, Dayvo markalı, **-NR- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirdi. Bu zaman arxasında olan Hunday Santafe markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi uzaqvuran işıqlarını yandıraraq ona yol verməyini istəmiş, lakin bu mümkün olmadığından o, həmin maşına yol verə bilməmişdir. Bu isə həmin sürücünün xoşuna gəlmədiyindən onun avtomobilini ötüb ön tərəfinə keçmişdir. Daha sonra həmin sürücü bir neçə dəfə qəfildən əyləci basaraq qəza vəziyyəti yaratmışdır. İlk dəfə belə edəndə o, maşını qaçırtmış, lakin o, ikinci dəfə qəfil əyləci basdıqda o, maşını qaçırda bilməmiş və nəticədə onun idarə etdiyi avtomobilin ön hissəsi həmin sürücünün avtomobilinin arxa hissəsinə dəymişdir. Hadisə yerində polisə zəng vurub, yol polis əməkdaşlarının ora gəlməsini xahiş etmişdir. Maşından düşdükdən sonra aralarında sözlü mübahisə yaranmışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə evə gələrkən yolun sağ tərəfi boş idi. İşıqforun qarşısında sağ tərəfə hərəkət etmək istəyən zaman avtobus onun avtomobilini arxa hissədən vurmuşdur. Sürücü maşından düşən kimi onun ünvanına nalayiq ifadələr işətmişdir. O, mübahisə etməmək üçün öz avtomobilinə əyləşərək DİNnin 102 xidmətinə məlumat vermişdir. Hadisə zamanı onun avtomobilinə 2325 manat ziyan dəymişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 11 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, iş üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-in 232-1 və 510-cu maddələri ilə tədbir görülməsi üçün qərar aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan “FMS” Motorsun xx.xx.2025-ci il tarixli Qüsur aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus ** EU *** dövlət qeydiyyat nişanlı Hyundai Santafe avtomobilin təmir-bərpa xərci ümumilikdə 2325 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsasları müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onun təqsirli olması işin halları ilə öz təsdiqini tapır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki iş üzrə vurulmuş zərərin qiyməti qüsur aktında qeyd edildiyi kimi 2325 manat kimi qəbul edilməlidir İndiki halda isə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə İXM-in 232-1-ci maddəsi ilə olan işə baxılır və sonradan dəymiş zərər məsələsi hazırki işin predmeti deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydinə əsasən bu maddədə az miqdar dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş 2325 (iki min üç yüz iyirmi beş) manat ziyanın bir misli miqdarında, yəni 2325 (iki min üç yüz iyirmi beş) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1560/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1560/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver