Məhkəmə qərarları › İş №3(060)-1561/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1561/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1561/2025 24.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov isfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən borclu Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriyalı, xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2657/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 2 uşağın saxlanılması üçün hər ay 234 manat aliment ödəməlidir. Hazırda borclunun tələbkara ödənilməmiş 7908 manat borcu yaranmış, nəticədə borclu inzibati tənbeh etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törətmiş, aliment borcunu qərəzli olaraq ödəməmişdir. Protokolu tərtib etmiş icra məmuru Qönçə Süleynalı izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2657/2016 saylı, xx.xx.2016-cu il tarixli icra vərəqəsinə əsasən borclu hər ay iki uşağın saxlanılması üçün cəmi 234 manat məbləğində alimenti tələbkar Fəridə Hüseynovaya ödəməlidir. Borclu tərəfindən aliment borcu ödənilmədiyi üçün sonuncu barəsində 30 oktyabr 2024-cü il tarixdə protokol tərtb edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Məhkəmənin 16 dekabır 2024-cü il tarixli qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin zaman şəxs borcundan ödəniş etdiyini iddia etmiş, ödənişlə bağlı bank sənədləri məhkəmənin sorğusu əsasında əldə edilmiş, nəticədə borclunun həmin dövrə hansı məbləğədə borcu olması müəyyən edilmişdir. Qeyd edir ki, tələbkar borcun ödənilməsini tələb etmiş və bu məqsədlə dəfələrlə icra idarəsinə müraciət etmişdir. Bildirir ki, borclu tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi gündən bugünədək keçən 6 ay ərzində 1150 manat məbləğində aliment ödənilmişdir, halbuki bu məbləğ 1404 manat olmalı idi. Borclu həm xx.xx.2024-cü il tarixə olan 7475 manat borcunu, həm də bu qərardan sonra yaranan borcunun bir hissəsini yenidən ödəməməklə inzibati xəta törətmiş, nəticədə barəsində İXM-in 528.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qeyd edir ki, hazırda tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs borcun ödənilməsi barədə vaxt vermiş, bu barədə aralarında razılaşma əldə edilmiş, tələbkar bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə əsasən qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hazırda onun Zərərçəkmiş şəxs 7908 manat deyil, 7729 manat aliment borcu vardır. Qeyd edir ki, barəsində sonuncu inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra 6 ay ərzində tələbkara 1150 manat aliment ödəmiş, lakin hazırda işləmədiyi üçün yığılmış aliment borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Bildirir ki, hazırda yığılmış 7729 manat aliment borcunu yaxın iki gündə ödəyəcəyi barədə tələbkarla aralarında razılıq əldə etmiş, barışmışlar. Bu məqsədlə Zərərçəkmiş şəxs ona möhlət verir. Qeyd olunanları nəzərə alaraq inzibati işin icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında bildirdi ki, borclu Şəxs ona indiyədək ödənilməmiş 7729 manat aliment borcu olsa da o, borcunu tam olaraq ödəməmişdir. Hazırda borclu ondan aliment borcunu ödəmək üçün iki gün möhlət almış, o da Şəxs təklifi ilə razılaşmışdır. Qeyd edir ki, borclu tərəfindən ona olan aliment borcunun iki gün ərzində ödənilməsi barədə qarşı tərəflə razılığa gəlmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmənin icraatında olan inzibati işin icraata xitam verilməsini xahiş edir, bu barədə ərizəsini məhkəməyə təqdim edir. Barəsində protokol tərtib edilmiş Şəxs vəkili Vəkil sonuncunun bu vaxta qədər aliment borcundan ödəniş etdiyini, məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırmadığını və təqdim edilmiş ərizəni nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2657/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü Həzrət Həsənli və xx.xx.2013-cü il təvəllüdlü Yağmur Həsənlinin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşaq üçün 117 manat cəmi 234 manat sabit pul məbləğində aliment 19 may 2016-cı il tarixdən tutularaq iddiaçı Fəridə Həsənovya verilməli və hüquqi yardıma görə cavabdeh Şəxs 20 manat tutularaq iddiaçıya verilməlidir Sumqayıt Şəhr Məhkəməsinin 3(060)-2737 2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsili bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Elektron İcra İnformasiya sistemindən işə əlavə edilmiş məlumatdan borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. “İcra haqqında” qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsin izahatını dinləyib inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən icra sənədindəki tələbin ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Məhkəmə göstərilənlərlə bağlı aşağıdakıları qeyd etməyi vacib hesab edir: Belə ki, qeyd edilən icra vərəqəsi xx.xx.2017-ci il tarixdə İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlanılmış, borclu icra sənədini icra etmədiyi üçün barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş, məhkəmənin qərarı ilə o, 08 gün müddətiondə inzibti qaydada həbs edilmişdir. Göründüyü kimi Şəxs xx.xx.2024-cü il tarixə ödənilməmiş cəmi 7475 manat aliment borcu toplandığı üçün məhkəmənin həmin tarixli qərarı ilə inzibati qaydada həbs edilmiş, həbsdən çıxdıqdan sonra o, aylıq aliment borcunu fasiləsiz olmaqla yəni ümumilikdə 1150 manat ödəniş etmişdir. Bundan başqa icra məmuru borclunun Sumqayıt şəhərində faktiki yaşadığı yerə baxış keçirməmiş, ünvana baxış keçirməklə mənzildə tələbin yönəldilə biləcəyi hər hansı daşınar əşyanın olub-olmasını yoxlamamışdır. Eyni zamanda qeyd edilməlidir ki, icra məmuru borclunun 3-cü şəxslərdə əmlakının olub-olmaması barədə hər hansı icra tədbiri həyata keçirməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, icra məmuru borclu ilə borcun ödənilməsi barədə profilaktik söhbət aparmadan, qərarın icra edilməməsi nəticələri barədə sonuncunu məlumatlandırmadan barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Halbuki bu barədə məhkəmə iclasında tərəflərlə aparılan söhbətlər zamanı Zərərçəkmiş şəxs Şəxs borcun ödənilməsi üçün möhlət verdiyini, bu barədə aralarında razılıq əldə edildiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, icra məmuru borclunun borcunu ödəməsi üçün “İcra Haqqında” qanuna uyğun olaraq bütün mümkün icra tədbirlərini həyata keçirməmiş, bundan başqa borclu il ərzində icra sənədinin icrasından təkrarən yayınmamışdır. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi bütün imkanlar tükənmədən icra məmuru sərt inzibati təsir tədbirinin tətbiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixli edilmiş dəyişikliyə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar