Məhkəmə qərarları › İş №3(060)-1562/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1562/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1562/2022 13.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Hövsan qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən 13 iyun 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ümumilikdə 15.900,00 manat X3, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 10375/2016 saylı, 2(060)-11077/2015 saylı, 2(060)-11077/2017 saylı, 2(060)-2332/2020 saylı, 2(060)-20044/2016 saylı icra sənədləri üzrə borcları üzürsüz səbəbdən ödəməmiş və bununla da İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ümumilikdə 15.900,00 manat X3, Sumqayıt Şəhər Məhkəməsinin digər icra sənədləri üzrə borcları üzürsüz səbəbdən ödəməmişdir. Qeyd olunan icra sənədləri xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlama haqqında qərar və bildiriş bocrlunun qeydiyyat ünvanına göndərilmiş, lakin borclu qeyd olunan ünvanda yaşamadığından bildiriş borclu tərəfindən qəbul edilməmişdir. Onun barəsində axtarış qərarı qəbul edilmiş, o, polis əməkdaşları tərəfindən icra idarəsinə gətirilmişdir. Digər icra sənədləri üzrə borclunun məlumatı olmuş və hissəvi ödənişlə bağlı ona Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etməsi izah edilmişdir. Hal-hazırda xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkar qeyd olunan borcun ödənilməsini tələb edir. Göstərilənlərə əsasən borclu Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra sənədi icraatına bu gün daxil olmuş və ona əsasən bocrlu barəsində İXM-nin 528.1-ci maddəsi ilə tənbeh verilmə məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə icra sənədi üzrə tələbkar X4 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ümumilikdə 15.900,00 manat pul borcludan tutularaq ona ona verilməlidir. İcra sənədi üzrə borcdan heç bir ödəniş olmamışdır. Hal-hazırda qeyd olunan borcun tam ödənilməsini tələb edərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ümumilikdə 15.900,00 manat X3 ödənilməlidir. Lakin onun X3 borcu olmadığını bildrərək qeyd etdi ki, Bakı şəhəri Hövsan qəsəbsində ona məxsus evini satmış və X3 borcunu ödəmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən ümumiyyətlə məlumatı olmamış, o polis əməkdaşı tərəfindən icra idarəsinə gətirilərkən icra məmuru tərəfindən izahatı alınmış, həmin an icra sənədinin mövcudluğundan məlumatı olmuşdur. Digər icra sənədləri ilə bağlı vaxtaşırı ödənişləri olmuş, hal-hazırda işləmdəiyindən ödənişlər etməyə maddi imkanı olmadığını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunu, icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İcra haqqında Azərbaycan Respublikasinin Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözü gedən icra sənədi ilə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən xx.xx.2022-ci ildə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilsə də borclunun həmin qərar və bildirişi alması müəyyən olunmur, həmin sənədlər borcluya təqdim olunmamışdır. İcraata başlama haqqında qərar 13 iyun 2022-ci ildə borcluya təqdim olunmuşdur. Yalnız inzibati xəta haqqında protokol tərtib edilən gün yəni-13 iyun 2022-ci ildə borclunun izahatı alınaraq həmin qərar və bildiriş ona təqdim olunmuşdur. İcra məmuru tərəfindən həmin gün, yəni 13 iyun 2022-ci il tarixdə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, işin qeyd edilən halı Şəxs sözü gedən icra sənədini üzürsüz səbəbdən icra etməməsi nəticəsinə gəlməyə əsas ola bilməz. Çünki icra məmuru tələbin könüllü icrası barədə bildirişi 13 iyun 2022-ci il tarixdə borcluya təqdim edib həmin gün də İXM-nin 528.1-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməsi borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi anlamına gələ bilməz. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 13 iyun 2022-ci il tarixdə Şəxs barəsində MN seriyalı ******* №li protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar