Məhkəmə qərarları › İş №3(060)-1564/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1564/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1564/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, “Sumqayıt Tibb Mərkəzində” mühafizəçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 20 iyun 2023-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının 14 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən DSMF-nin Abşeron-Xızı filialının hesabına olan 4.508,74 manat borcu üzrsüz səbəbdən ödəmir, icra məmurunun qanuni tələbini icra etmir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron- Xızı regional filialının 14 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən DSMF-nin Abşeron-Xızı filialının hesabına olan 4.508,74 manat borcu üzrsüz səbəbdən ödəmir, icra məmurunun qanuni tələbini icra etmir. Borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış, borcun ödənilməsi bildirilsə də, lakin o, DSMF-nin Abşeron-Xızı filialının 14 saylı xx.xx.2022-ci il tarixli qərarından şikayət edəcəyini bildirmişdir. Hazırda Şəxs DSMFnin Abşeron-Xızı filialının qərarından xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Borclu bu günədək qeyd olunan borcdan heç bir ödəniş etməmişdir. Qeyd olunanlara əsasən bocrlu barəsində məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, ona DSMF Abşeron-Xızı regional filialı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 265.22 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Hal-hazırda ona təyin olunmuş ünvanlı sosial yardım ödənişi xx.xx.2021-ci il dayandırıldığından aylar üzrə 265.22 manat, cəmi 4.508,74 manat məbəği geri tələb edilir. Lakin o, barəsində qəbul edilmiş DSMF-nin Abşeron-Xızı filialının 14 saylı xx.xx.2022-ci il tarixli qərarından xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan başqa onun iş yeri vardır, ayda 470 manat əmək haqqı alır. İcra məmuru tutulmanı onun əmək haqqına yönəltmədən barəsində protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirləridir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim olunmuşdur. Şəxs “Sumqayıt Tibb Mərkəzi” mühafizəçi vəzifəsində işləyir və ona 557,00 əmək haqqı təyin olunmuşdur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq borclunun əmək haqqı təyin olunduğu halda icra məmuru tərəfindən borclu barəsində heç bir məcburi icra tətbirləri görülməmiş, tutma onun əmək haqqına yönəldilməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsinin Şəxs barəsində 20 iyun 2023-ci il tarixli, MN seriyalı ******* №li protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar