Məhkəmə qərarları › İş №3(060)-1565/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1565/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1565/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 17 iyun 2025-ci il tarixli, EP № 13000-00827/25 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.2-ci maddəsinə əsasən tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, EP № 13000-00827/25 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən, Dəniz Nəqliyyatı və X3 Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-cü il tarixli 3-33-3200/012/002373 nömrəli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə “Yalama” gömrük postundan keçməklə Şəxs MMC-nin ünvanına gələn mallar 12 may 2025-ci il tarixində **********6608 nömrəli gömrük bəyannaməsi ilə Bas İdarədə rəsmiləşdirilmişdir. Lakin sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının’’ təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə Şəxs MMC tərəfindən İXM 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə onların işirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərə əsasən, 15 may 2025-ci il tarixli raporta əsasən “S AVTO COMPANY" MMC-nin (VÖEN: **********) ünvanına 52911369 nömrəli nəqliyyat qaiməsi ilə gələn yük Yalama gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuşdur. Belə ki, “S AVTO COMPANY" MMC tərəfindən yuxarıda qeyd edilən qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin göstərilməməsi ŞəxsMMC tərəfindən təqdim edilmiş **********6608 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. **********6608 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından cəmi 3360 ədəd “minik avtomobilləri üçün akkumulyatorlar” yükü daxil olmuşdur. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 inzibati araşdırma zamanı verdiyi izahatından görünür ki, malı göndərən şirkət yükün gömrük sərhədinə yaxınlaşması barədə məlumatı gec bildirildiyi üçün qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin 17 iyun 2025-ci il tarixli “icraatın başa çatdırılması haqqında” raportuna əsasən, həmin tarixdə Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başa çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. İş materiallarında bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də Şəxs MMC İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. GM-nin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. İXM-nin 485.2-ci maddəsinə görə GM ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İşin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, Şəxs MMC Rusiya Federasiyasından idxal edilmiş yüklərə dair GM-nin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə daxil olanadək elektron qaydada Gömrük orqanına qısa idxal bəyannaməsi təqdim etməli olduğu halda həmin qısa idxal bəyənnaməsini təqdim etməməklə inzibati xətanı törətmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Şəxs MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar