Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1569/2025 25.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri massivi, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları evdə döyərək xəsarət yetirməsi ilə əlaqədar Şəxs barəsində İXM 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş 2-ci PBnin sahə rəisi Rauf Həmidov tərtib etdiyi protokola uyğun izahat verərək bildirmişdir ki, 04 iyun 2025-ci il tarixində vətandaş Şəxs yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək sonuncuya bədən xəsarətləri yetirmişdir. Tərəfələri PB-də dinlənilmiş, təhqiqat zamanı onların izahatı alınmışdır. PB-ə zərərçəkmiş şəxs qeyd edilən məsələ barədə müraciət etdiyindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir və qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, 11 aydır ki, Almaniya Federativ Respublikasında olmuş, orada usta kimi çalışmışdır. Belə ki, o, 31 may 2025-ci ildə ölkəyə geri qayıtmış, hadisə də məhz bundan sonra 02 iyun 2025-ci ildə baş vermişdir. Həmin gün tanışının övladının kiçik toy məclisinə gedərkən yoldaşından üzüklərinin harada olduğunu soruşmuş, Zərərçəkmiş şəxs isə ona qızılların özü tərəfindən Avropaya gedərkən satdığını bildirmişdir. Bundan sonra o, əsəblərini cilovlaya bilməmiş və evdəki güzgünü sındırmış, lakin Yeganəni döyməmişdir. Həyat yoldaşı ilə evdə ikisi yaşadıqları üçün hadisəyə kimsə şahid olmamışdır. Məhkəmə iclasında Şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Avropada olduğu müddət ərzində həyat yoldaşına təxminən 300-500 manat məbləğində pul göndərmiş, evin kommunal ödənişləri ilə məşğul olmuş, həyat yoldaşına mobil telefon almışdır. Qeyd olunanların nəzərə alınmasını və barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs şikayətçidir. Evli olduqları 5 il ərzində sonuncunun fiziki şiddətinə, eləcə də təhqirlərinə məruz qalmışdır. Həyat yoldaşı Almaniyada olan zaman ona zəng edib onu da Almaniyaya gətirəcəyinə vəd etmişdir. Qeyd edir ki, 26 may 2025-ci il tarixində məhkəmə iclasında həyat yoldaşından boşanmaq istəmədiyini bildirdiyi üçün iclas növbəti tarixə təxir olunmuş, Şəxs 01 iyun gecəsi ölkəyə qayıtmışdır. Evə gələn zaman onunla niyə boşanmadığını soruşmuş, onunla eyni evdə yaşamaq istəmədiyini bildirərərk onu təhqir etmiş, ailə üzvləri haqqında nalayiq ifadələr işlətmişdir. Daha sonra onun sağ qoluna və xəsarət yetirmişdir. Bundan sonra 04 iyun 2025-ci il tarixində yenə mübahisələri yaranmış, bu zaman onun saçından tutub sürümüş, qənd qabı ilə evdəki güzgünü sındırmışdır. Hadisə zamanı baş verənləri səs yazısı ilə qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Şəxs Almaniya Federativ Respublikasında olduğu 11 ayın ilk 4 ayı ərzində ona heç bir vəsait göndərməmişdir. Sonra isə təxminən hər ay 100 manat məbləğində vəsait göndərmişdir. Sonuncunun borcu olduğunu və əsasən borcunun ödənilməsi üşün vəsait göndərdiyini qeyd edir. O, Şəxslə barışmamış, ondan şikayətçidir. Qarşı tərəflə barışmaq niyyəti belə yoxdur. Qeyd olunanların nəzərə alınmasını və barəsindədə inzibati xəta haqında protokol tərtib edilmiş şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil sonuncunun həyat yoldaşı ilə aralarında həqiqətən də mübahisənin olduğunu, lakin həyat yoldaşını vurmadığını qeyd etdiyini bildirmişdir. İnzibati xəta haqqında başlanmış icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə tədbir görülməsi üçün 2-ci PB-nə göndərilmişdir. AR Səhiyyə Nazirliyi MTE və PA X3 Şəxsdən daxil olmuş 821 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ saidin orta 1/3-nin ön səthinin, sol baldırının aşağı 1/3-nin ön səthinin, sol budun aşağı 1/3-nin bayır səthinin qançırları. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən 7-9 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilərdi, öz-özünə yetirməsi istisna edilmir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində protokol tərtib edilmiş şəxsi, zərəçəkmiş şəxsi və iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs təqsirliliyi tam sübuta yetirilir. İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurmaması ilə bağlı verdiyi izahata tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda izahat vermişdir, belə ki, verdiyi izahat özünü müdafiə xarakterli izahat kimi qəbul edilməlidir. Təqdim edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs bədəni üzərində yaranmış sağ saidin orta 1/3-nin ön səthinin, sol baldırının aşağı 1/3-nin ön səthinin, sol budun aşağı 1/3-nin bayır səthinin qançırları xəsarətləri olmuşdur. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən İXM-nin 157-ci inzibati tənbeh tətbiq edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin məcəllənin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Şəxsdan şikayətçi olduğunu, onunla barışmayacağını bildirmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, o cümlədən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1569/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1569/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver