Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1573/2025 25.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXMnin 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1825/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 15135 manat borc məbləğini tələbkarən xeyrinə inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra bir il ərzində üzrsüz səbəbdən təkrarən icra etməmiş, bununla da, o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Mətin Kazımlı izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 15135 manat borc tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Həmin icra sənədi əsasında xx.xx.2024-cü ildə icraata başlanılmışdır. Qanunamüvafiq icra hərəkətləri yerinə yetirildikdən sonra məhkəmə qərarı icra edilmədiyi üçün borclu barəsində protokol tərtib edilərək baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2025-cü il tarixli qərarı ilə borclu Şəxs İXM-nin 528.1-ci maddəsini törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bundan sonraki ötən müddət ərzində borclu tələbkara heç bir ödəniş etməmişdir. Sonuncuya müvafiq sms bildirişlər göndərilmiş, icra idarəsinə dəvət olunmuş, lakin borclu idarəyə gəlməkdən boyun qaçırdığına görə sonuncu barəsində iki dəfə axtarılması haqqında qərar qəbul edilmişdir. Borclu barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları tərəfindən icra idarəsinə gətirilmiş, izahatı alınsa da, icra sənədinin icrasını təmin etməmişdir. Bu səbəbdən barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Protokolu müdafiə edir, məhkəmədən protokolun təmin edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarının üzrsüz səbəbdən icra edilməsində özünü təqsirli bilmədiyini bildirərək qeyd etmişdir ki, məhkəmə qərarı ilə müəyyən edilmiş borc məbləği ilə razı deyildir. Bundan 3-4 il öncə Zərərçəkmiş şəxs borc pul almış, lakin maddi cəhətdən sıxıntı yaşadığı üçün borcunu ödəyə bilməmişdir. Bir müddət ölkə xaricində, yəni Montenegro Respublikasında olmuş, bir neçə ay bundan öncə ölkəyə geri qayıdanda onu polis əməkdaşları sərhəddə saxlayaraq İcra İdarəsinə gətirmişlər. İcra İdarəsində ona tələbkara olan borcunu ödəməsi təklif edilmiş, o isə imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Nəticədə tərtib edilmiş protokol əsasında o, məhkəmə qərarı ilə 500 manat cərimə edilmiş, lakin cərimə məbləğini də ödəməyə bilməmişdir. Məhkəmə iclasında Şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Sumqayıt bazarında 4 kvadrat metr obyektdə tərəvəz satışı ilə məşğul olur. Həmin obyektin müdiridir. Gündəlik 120-130 manat məbləğində gəlir götürür. Daha öncə Zərərçəkmiş şəxs borcunu hissə-hissə ödəməyi təklif etsə də, sonuncu bununla razılaşmamış, ona telefon zəngləri etsə də, zəngləri cavablamamışdır. Qeyd olunanların nəzərə alınmasını və ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu Şəxs aylıq minimun qazancı on min manatdır. Aprel ayında məhkəmə iclasında borclunun 1000 manat ödəniş etməsini, qalan borcunu isə hssə-hissə ödəməsini təklif etmiş, lakin borclu yenə ödəniş etməkdən yayınmışdır. Qeyd edir ki, borclu Sumqayıt şəhər ərazisində yerləşən ticarət mərkəzində sahibkarlıq fəliayyəti ilə məşğul olur, borcu ödəməyə imkanı vardır, lakin qərəzli olaraq borcunu ödəmir. Bu səbəbdən borcludan şikayətçidir, borcun tam ödənilməsini tələb edir. Məhkəmədən borclu barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş ağır inzibati tənbehin tətbiq edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil qeyd olunanların nəzərə alınmasını və borclu barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1825/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 15135 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs qaytarılmalıdır. Şəxs icra sənədi üzrə ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-920/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. “Borclunun axtarışı haqqında” xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixli qərarlar qəbul edlərək icra edilməsi üçün aidiyyatı üzrə icra edilməsi üçün göndərilmişdir. Elektron İcra İnformasiya sistemindən əldə edimiş məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə protokol tərtib etmiş icra məmurunu, borclu və tələbkarıın izahatlarını dinləyib iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmiş, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Onun məsuliyyətini istinsa edən hər hansı hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş protokollara baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrsüz səbəbdən icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada yenidən icra etməmişdir. Belə ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin müvafiq icra sənədinə əsasən müəyyən edilmiş 15135 manat pulu qanunla müəyyən edilmiş vaxtda və qaydada tələbkar Zərərçəkmiş şəxs ödəmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin qərarına ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilsə də, o, il ərzində eyni icra sənədinə münasibətdə borcunu ödəməkdən yayınmış, yəni inzibati xətanı yenidən törətmişdir. Göründüyü kimi, Şəxs xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən daha yüngül inzibati tənbeh tətbiq edilməklə inzibati məsuliyyətə cəlb edilsə də, o bundan sonra da hər hansı üzrlü səbəb olmadan əsassız olaraq Zərərçəkmiş şəxs olan borcunu ödəməmişdir. Məhkəmə hesab edir ki, borclunun özünün də qeyd etdiyi kimi borcu ödəməyə kifayət qədər imkanı olmuşdur. Belə ki, o, özü də izahatında Sumqayıt şəhəri ərazisində yerləşən ticarət obyektində meyvə-tərəvəz ticarəti ilə məşğul olduğunu, gündəlik olaraq 120-130 manat gəlir əldə etdiyini qeyd etmişdir. (120*30=3600 manat) Məhkəmə hesab edir ki, borclunun məhkəmə iclasında göstərdikləri hallar əsassız hesab edilməli, borcun ödənilməsindən yayınmaq üçün atılmış addım kimi qiymətləndirilməlidir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi icra məmuru tərəfindən borcun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan qanunamüvafiq icra tədbirləri yenidən həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). İXM-nin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, zərəçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxsin izahatları, o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və qalıq borcunu üzürlü səbəb olmadan il ərzində yenidən ödəmədiyini, əvvəllər tətbiq edilmiş inzibati cərimə növündə inzibati tənbeh tədbirindən nəticə çıxarmadığını nəzərə alaraq hesab edir ki, sonuncu barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 25 iyun 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1573/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1573/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver