Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1575/2025 25.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Laçın rayonu, Kürdhacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fəhlə işləyən, Laçın rayonu Kürdhacı kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində kirayədə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:15 radələrində Sumqayıt şəhəri Babək küçəsində ünvansız nalayiq küçə söyüşləri söyüb, hərəkətlərini davam etdirərək qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X8 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 00:15 radələrində 9179 çağırışlı avto patrulda xidmət aparan polis serjantı Miryaqub Qaraxanova 9166 çağırışlı manqa komandiri Zaur Yarıyev tərəfindən radiostansiya vasitəsi ilə Sumqayıt şəhəri, Babək küçəsində yerləşən “Xəlifə” şadlıq sarayının qarşısına yaxınlaşması bildirilmiş, onlar həmin yerə yaxınlaşan zaman küçədə bir neçə nəfər şəxsin münaqişə yaratmasını, dalaşmasını, uca səslə qeyri-etik küçə söyüşləri söyərək ətrafdakı insanların narahatlığına səbəb olduğunu görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Dəfələrlə onları nizam-intizama dəvət etmişlər, onlar isə yolun hərəkət hissəsinə yüyürərək avtomobillərin gedişinə maneə olmağa çalışmışdırlar. Barəsində icraat aparılan şəxs və onun birlikdə saxlanılan iki nəfər ünvansız söyüşlər söymüş, kütlə şəkilində polis əməkdaşlarının fəaliyyətinə maneçilik törətmişdirlər. Həmin şəxslər polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışlar. Onlar hadisə yerindən 1-ci Polis Bölməsinə aparılmışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saat 18 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Xəlifə” restoranında qohumu Rzaqulunun oğlunun kiçik toy məclisinə gəlmişdir. O, toy məclisində iştirak etmiş, saat təxminən 23 radələrində toy yekunlaşan zaman o, aşağı düşmüş həmin vaxt onu görən Rzaqulunun yoldaşının əmisi Hüseynalı onu tutub divara vurmuşdur. Bu zaman onların arasında mübahisə yaranmışdır. Qeyd etmişdir ki, Hüseynalı da spirtli içkinin təsiri altında olmuşdur, həmçinin onun psixi problemi vardır. Dərmanı yanında olmadığı üçün sakitləşməmişdir. Onlar Hüseynalını avtomobilə mindirməyə çalışmışlar, lakin, Hüseynalı onu söyərək təpiklə vurmuş və avtomobilə minmək istəməmişdir. Bu zaman orada hay-küy olmuş və polis əməkdaşları yaxınlaşıb onlara sakitliyə riayət etmələrini bildirmişlər. Daha sonra onu, Hüseynalını və sonuncunun qardaşı Mirəlini polis bölməsinə aparmışlar. Bölmədə də Hüseynalı ona yumruq atmış, lakin o, Hüseynalını vurmamışdır. Hüseynalının dərmanını verdikdən sonra sakitləşmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 izahatında Şəxs əməlini etiraf etməsini nəzərə alaraq ona yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt şəhər ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün, polis nəfəri, polis serjantı X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixində təxminən saat 00:15-də manqa komandiri Yarıyev Zaur radiostansiya vasitəsilə onun “Xəlifə” şadlıq sarayının qarşısına yaxınlaşmasını bildirmiş, o və postacı yoldaşı X9 həmin əraziyə yaxınlaşarkən səs-küy olduğunu, yol hərəkəti istiqamətinə maneə olduğunu, Mahmud adlı şəxslə Hüseynalı adlı şəxsin mübahisə etdiyini və nalayiq söyüşlər işlətdiklərini görmüşlər. Onlar mübahisə edən şəxslərə sakitləşmələrini desələr də, onlar sakitləşməmiş və tələblərə tabe olmamışdırlar. Mahmud adlı şəxs hətta polis maşının on güzgüsünü qırmış və avtomobilə oturmaq istəməmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt ŞPİ-nin post patrul xidməti taboru, polis kiçik serjantı X9 məhkəmədə şahid qismində izahat vermiş X4 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN1960049 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:15 radələrində Sumqayıt şəhəri Babək küçəsində ünvansız nalayiq küçə söyüşləri söyüb, hərəkətlərini davam etdirərək qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs və bir neçə nəfər “Xəlifə” şadlıq sarayının qarşısında dalaşaraq səs-küy yaratmış, uca səslə qeyri-etik küçə söyüşləri söyərək ətrafdakı insanları narahat etmişdir. Polislər yaxınlaşıb sakitləşdirmək istədikdə isə polisin qanuni tələblərinə tabe olmamış, bölməyə gətirildikdə də bölmə daxilində qeyri-etik davranışlarını davam etdirmişlər. xx.xx.2025-ci il tarixində X9 və X4 tərəfindən verilən izahatlardan görünür ki, onlar kütlə şəklində dava-dalaş yaradaraq və nalayiq küçə söyüşləri söyərək ətrafdakı insanları narahat etmiş və onlar özlərini təqdim edib sakitliyi təmin etməyə çalışarkən polisin qanuni tələblərini tabe olmamış, polislərə qarşı nalayiq ifadələr işlətmişdir. Onları bölməyə apardıqda da qeyri-etik hərəkətlərini davam etdirmişlər. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 14:10-da azad edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs və X1 barələrində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin 1-ci PB-yə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Şəxs özünün etirafı və digər iş materialları ilə onun polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının XM-nın 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə eyni zamanda inzibati xəta törədən şəxsin xx.xx.2025-ci il tarixdə, saat 01:30-dan xx.xx.2025-ci il tarixə saat 14:10-dək tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş cərimə növündə tənbehin həddi müəyyən edilərkən Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 106- 112, 114, 115, 115.5, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulduğu 02 (iki) gün nəzərə alınmaqla barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1575/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1575/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver