Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1576/2025 25.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X15 Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsi, 1ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Laçın rayonu, Daşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, Daşlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş materiallar xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Protokoldan görünür ki, vət. Şəxs xx.xx.2025-ci il tarixində saat 00:15 radələrində Sumqayıt şəhəri, Babək küçəsində ünvansız nalayiq küçə söyüşləri söyüb hərəkətlərini davam etdirərək qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X11 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixində təxminən saat 00:15 radələrində 9179 çağırışlı avto patrulda postaçı yoldaşı polis serjantı Miryaqub Qaraxanovla xidmət aparan zaman 9166 çağırışlı manqa komandiri Zaur Yarıyevin radiostansiya vasitəsilə onlara Sumqayıt şəhəri, Babək küçəsində yerləşən “Xəlifə” şadlıq sarayının qarşısına yaxınlaşması bildirilmiş, həmin yerə yaxınlaşan zaman küçədə bir neçə nəfər şəxsin münaqişə yaratmasını, dalaşmasını, uca səslə qeyri-etik küçə söyüşləri söyərək ətrafdakı insanların narahatlığına səbəb olduğunu görmüşdür. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Dəfələrlə həmin şəxsləri nizam-intizama dəvət etmiş, yolun hərəkət hissəsinə yürüyərək, avtomobillərin gedişinə mane olmağa çalışmışdırlar. Onlara həmin yerə kömək məqsədilə “9177, 9109” çağırışlı avto patrulları dəvət etmişlər. Həmin şəxslər polisin vətən xaini olduğunu bildirmişlər. Polisin ünvanına söyüşlər söymüş, kütlə şəklində polis əməkdaşlarının fəaliyyətinə maneçilik törətmişlər. Həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışlar. Onlar hadisə yerindən beş nəfər şəxsi fiziki qüvvə tədbiq edib 1-ci Polis bölməsinə aparmış, həmin şəxslərdən kəskin spirt qoxusunun gəlməsini bildirmişdirlər. Bölməyə təmin edilən zaman avto patrul avtomobilinin güzgüsünü sındırdıqlarını bildirmişdirlər. Həmin şəxslərin X5, X6, X3, X1, Şəxs olması göstərilmişdir. Buna görə də şəxsin barəsində polisin qanuni tələbinə tabe olmama ilə bağlı protokol tərtib edilmişdir. Odur ki, qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, onun heç bir təqsiri yoxdur. Onun qardaşı qazidir. Onun problemləri var. Biraz əsəbi olub səs-küy salıb. Onun özü heç bir səs-küy salmamışdır, əksinə qardaşı möhkəm danışdığına görə onu sakitləşdirməyə çalışmışdır. Polis əməkdaşları da deyib bölməyə gedək. O da heç bir zor tətbiq etmədən maşına oturub polis bölməsinə gəlmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt şəhər polis İdarəsinin Post-Patrul xidməti taboru, polis serjantı X12 bildirmişdir ki, 24.06.25-ci il tarixində, təxminən 00:15 radələrində həmin vaxt fasilədəydilər. Onlara manqa komandiri xəbər verdi ki, Babək küçəsində dava dalaşdı. Restoranın qabağında vətəndaşlar var idi. 2 qardaş da orada idi. Bir-birlərini söyürdülər. Yaxınlaşıb onlara özlərini təqdim etdilər. Patrul maşınına əyləşməyə dəvət etdilər. Mirəli rahat tabesizlik göstərmədən maşına əyləşsə də, digər şəxs müqavimət göstərdi, patrul maşına əyləşmədi, əlavə olaraq da maşının şüşəsini sındırdı. Məcbur da olsa onları polis bölməsinə gətirdilər. Şahid əlavə olaraq ona verilmiş suallara cavab olaraq bildirdi ki, Mirəlinin heç bir günahı yoxdur. O müqavimət göstərməmişdir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt şəhər polis İdarəsinin Post-Patrul xidməti taboru polis serjantı X4 bildirmişdir ki, saat 00:15 radələrində komandir onu çağırdı. Ora da onun ərazisi idi. Onlar ora yaxınlaşan zaman yolun hərəkət hissəsini kütlənin bağladığını gördülər. Onlar ora yaxınlaşan zaman vətəndaşlar toplaşmışdı. Yaxınlaşan zaman özlərini təqdim etdilər. Onları nizamintizama dəvət etdilər. Onlar polisin ünvanına nalayiq ifadələr işlədirdilər. Onların içkili olduğunu başa düşüb onları sakitləşdirməyə çalışsalar da onlar sakitləşmirdi. Zor tədbiq elədilər. Bundan başqa onlar ora çatanda Mirəlinin qardaşı orda idi. Onu psixatriyaya yerləşdirirdilər. Mirəli də hamını sakitləşdirməyə çalışırdı ki, bəsdirin qurtarın. Bundan başqa bir nəfər Mahmud adında şəxs səs-küy salır, söyüş söyür, dayanmırdı. Onlar nə desələr də o davam edirdi söyüş söyməyə. Onlara belə səs küy salmaq olmaz, ətrafda insanlar var desələr də, Mahmud buna məhəl qoymurdu. Mahmudu maşına əyləşməyə dəvət edəndə o müqavimət göstərdi. Dedi ki, mən heç yerə getmirəm. Onlara güc tədbiq edirdi. Hətta maşının sol güzgüsün də vurdu sındırdı. Şahid ona verilmiş suallara cavab olaraq bildirdi ki, Mirəlinin heç bir günahı yoxdur. O polisə müqavimət göstərməmişdir. Əksinə səsküy salanları sakitləşdirmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sumqayıt şəhəri, 1-ci Polis Bölməsindən daxil olmuş 25 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 24 iyun 2025-ci il tarixdə təxminən saat 00:15 radələrində Sumqayıt şəhəri, Babək küçəsində ünvansız nalayiq küçə söyüşləri söyüb hərəkətlərini davam etdirərərək qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün, polis nəfəri, polis serjantı X9 müraciəti əsasında Sumqayıt ŞPİ-nin 1-ci PB-də təhqiqat araşdırması aparılmışdır. Toplanmış material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma dövründə X3 və Şəxs əməllərində Azərbaycan Respublikası İXm-nin 535.1-ci maddəsinin tərkibi olması müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görnür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X3 və Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün qəbul edilmiş qərarın Sumqayıt ŞPİ-nin 1-ci PB-nə göndərilməsi qərsra alınmışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı Şəxs xx.xx.2025-ci il tarixdə polis qanuni tələbinə tabe olmaması müəyyən edilmir və sübuta yetirilmir. İş materiallarında Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24 iyun 2025-ci il tarixdə təxminən saat 00:15 radələrində Sumqayıt şəhəri, Babək küçəsində ünvansız nalayiq küçə söyüşləri söyüb hərəkətlərini davam etdirərək qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında hadisə şahidləri olan Sumqayıt şəhər polis İdarəsinin Post-Patrul xidməti taboru, polis serjantı X12 və Sumqayıt şəhər Polis İdarəsinin Post-Patrul xidməti taboru polis serjantı X4 isə protokolda qeyd olunanları təkzib edərək, barəsində protokol tərtib edilən şəxsin heç bir müqavimət göstərmədən polis əməkdaşlarının göstərişlərinə riayət edərək, patrul maşınına əyləşdiyini bildirdilər. Tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolda Şəxsnın ünvansız nalayiq küçə söyüşləri söyüb hərəkətini davam etdirərək qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasından bəhs edilsə də, aydın olmur ki, Şəxs tərəfindən polisin hansı qanuni tələblərinə tabe olunmamış və həmin tabe olmama nədə ifadə olunur. Eyni zamanda məhkəmə iclasında vermiş olduğu izahatında Şəxs heç bir tabesizlik etmədiyini, əksinə polis əməkdaşları ilə birlikdə patrul maşınına əyləşib bölməyə gəldiyini bildirmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. - 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. - 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1576/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1576/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver