Məhkəmə qərarları › İş №3(060)-1581/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1581/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1581/2025 10.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 28695168 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 28695168 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarla Kamran Mahmudov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Kamran Mahmudov məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs Kamran Mahmudov şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 22:39 radələrində Qaradağ rayonu, Səngəcal qəsəbəsi istiqamətində “MAN" markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olduğu zaman İXM 353.2-ci maddəsi ilə EQ 28695168 nömrəli qərar qəbul edilmişdir. Bildirir ki, o, inzibati xəta törətməmiş və İXM-nin 353.2-ci maddəsinin tələblərini pozmamışdır. Bununla bağlı aidiyyatı qurumlara müraciət etsə də, bu günə kimi heç bir nəticəsi olmamışdır. Hesab edir ki, DYP əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə barəsində qəbul edilmiş EQ 28695168 nömrəli inzibati xəta haqqında qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28695168 nömrəli inzibati tənbeh verilmə haqqında qərarın surəti ona verilməmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli, EQ 28695168 nömrəli inzibati tənbeh verilmə haqqında qərarın surətinin alınaraq iş materiallarına əlavə edilməsini, eləcə də xx.xx.2025ci il tarixli, EQ 28695168 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Kamran Mahmudov şikayəti müdafiə edərək bildirdi ki,xx.xx.2025-ci il tarixində gecə radələrində etibarnamə əsasında idarə etdiyi “MAN TGX 18.440 YÜK” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" MMC-dən təxminən 27.080 kq sement yükünü yük avtomobilinə yükləyərək yola çıxmışdır. Bu zaman avtomobilin sement yükü ilə birgə çəkisi 39,780 kq olmuşdur. Yola çıxmadan öncə Qazax şəhərində elektron tərəzi vasitəsilə avtomobilə yüklənmiş yükün çəkisi müəyyən edilmiş, eləcə də Ağstafa və Ucar rayonları ərazisində olarkən də elektron tərəzi vasitəsilə yükün çəkisi yenidən ölçülmüş və normadan artıq olmadığı müəyyən edilmişdir. Lakin Qaradağ rayon ərazisində olarkən idarə etdiyi avtomobildə daşıdığı yükün guya normadan artıq olması əsasına görə barəsində elektron protokol tərtib edilmişdir. Həmin sement yükünü Bakı şəhərinə gətirirmiş. Həmin vaxt avtomobilin hərəkət sürəti 48 km/saat olmuşdur. Qeyd edir ki, sürücü vəzifəsində çalışdığı şirkətdə işləyən digər bir sürücü də yük daşıyan zaman o da məhz həmin ünvanda radara düşmüş, barəsində eyniməzmunlu elektron protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində tərtib edilmiş EQ 28695168 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilən DİN BDYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Kamran Mahmudov EQ 28695168 saylı, xx.xx.2025 -ci il tarixli qərarla İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə olunmuşdur. Qazax rayonu Daş Salahlı kəndində yerləşən və fəaliyyət göstərən "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli əmtəə nəqliyyat qaiməsindən görünür ki, sücürü Kamran Mahmudovun idarə etdiyi “MAN TGX 18.440 YÜK” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin boş çəkisi 12,7; dolu çəkisi isə 39,78 ton təşkil etmişdir. "xxxx" MMC-yə məxsus xx.xx.2025-ci il tarixli, OMS K 00580 nömrəli kalibrnamə serfitikatından görünür ki, 0004789-6AK seriya nömrəli ölçmə vasitəsinin istehsalçısı Çin Xalq Respublikası, sifarişçisi "xxxx" MMC-dir. Kalibrlənən ölçmə vasitəsi elektron ölçmə tərəzisidir. Ölçmə vasitəsinin növbəti kalibrləmə tarixi xx.xx.2026-cı il tarixidir. “X3” MMC tərəfindən təqdim edilmiş yükün çəkildiyi tərəziyə dair Kalibrləmə sertifikatından görünür ki, Kamran Mahmudovun idarə etdiyi avtomobildə olan yükün çəkisinin ölçüldüyü tərəzinin termohiqrobarometrin kalibrləmə tarixi xx.xx.2025-ci il tarix olmuş, hər hansı qüsur aşkar edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “MAN TGX 18.440 YÜK” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir və avtomobilin yüksüz kütləsinin 7875 kq, yüklə birlikdə çəkisinin 18000 kq olduğu göstərilmişdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. İXM-nin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə qərardan şikayət verən Kamran Mahmudovun izahatını, ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ 28695168 saylı qərarı ləğv edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərlə izah edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “MAN TGX 18.440 YÜK” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Kamran Mahmudov xx.xx.2025-ci il tarixdə saat 15:13 dəqiqədə Qazax rayonu Daş Salahlı kəndində yerləşən Arkoz Sement zavodundan nəqliyyat vasitəsinin boş çəkisi 12.7 ton olduğu halda avtomobilə zavodda 27,08 ton sement yükü yükləyərək ümumilikdə 39,78 ton sement yükü ilə zavoddan çıxış etmişdir. Sürücü Bakı şəhəri istiqamətində hərəkət edərkən Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində həmin gün saat 22:39:10 dəqiqədə limit 40000 kq olduğu halda çəkisinin guya 43460 kq olması əsası ilə kameraya düşmüş və nəticədə barəsində İXM-nin 353.2-ci maddəsi elektron protokol tərtib edilmişdir. Avtomobil kamareya Bakı Qazax yolunun 47.9 km-də düşmüşdür. Görünən odur ki, həmin avtomobil yüklü olduğundan hərəkət sürəti aşağı olmuşdur. Qazax rayonundan Bakı şəhərinə qədər olan məsafənin 455 km olduğunu, sürücünün qeyd etdiyi kimi orta hesabla hərəkət sürətinin 48 km saat olduğunu nəzərə alsaq, Qazax şəhərindən saat 15:13-də çıxan avtomobilin Qaradağ rayonu Səngəçal qəsəbəsinə saat 22:39:10 dəqiqədə çatmasını məhkəmə ağlabatan hesab edir. Lakin nədənsə təxminən 400 km-dən artıq məsafə qət edən avtomobil həmin ünvana qədər hər hansı kemaraya düşməmiş və yalnız yüzlərlə km məsafə qət etdikdən sonra Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində guya yükünün artıq olması əsası ilə kameraya düşmüşdür. Məhkəmə yükə dair, bundan başqa yükün zavoddan çıxarkən çəkisini müəyyən edən elektron tərəzinin kalibrləmədən keçirilməsinə dair sənədin də movcud olduğu şəraitdə, o cümlədən yuxarıdaki abzasda qeyd edilən xüsusatlara əsasən xx.xx.2025-ci il tarixdə saat 22:39:10 dəqiqədə, “MAN TGX 18.440 YÜK” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobildə sement yükünün yol verilə bilən limitdən artıq olmasını qəbul edilən hesab etmir. Belə olan halda məhkəmə həmin avtomobildə, qeyd edilən tarixdə və saatda həqiqətən də sement yükünün çəkisinin yük avtomobilinin öz çəkisi ilə birlikdə 39780 kq olması qənaətinə gəlir. Məhkəmə bu nəticəyə gələrkən sürücünün və digər şəxslərin zavoddan çıxdıqdan sonra həmin avtomobilə əlavə sement yükünün vurula bilməsi ehtimalını nəzərdən keçirmiş, lakin bu xüsusat öz təsdiqini tapmamışdır. Belə ki, görüntülərdən də göründüyü kimi qeyd edilən avtomobildə daşınma kisələrlə deyil, sementin xüsusi təzyiqli aparatlarla çənə vurulması yolu yüklənməklə həyata keçirilmişdir. Bu səbəbdən yolda olarkən həmin avtomobildə olan yükün boşaldılması istisna olmaqla, sürücü tərəfindən əlavə yükün çənə vurulması zavod şəraitindən başqa mümkünsüz hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin, 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, qərar qəbul edilərkən Kamran Mahmudovun İXM-nin 353.2-ci maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmiş, əksinə məhkəmə iclasında onun həmin inzibati xətanın törədilməsində təqsirsiz olması, əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. İXM-nin 134.1.3-cü maddəsində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilə bilən qərarlardan biri kimi bu məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi göstərilmişdir. İXM-nin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması göstərilmişdir. Odur ki, yuxarıda sadalanan bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Kamran Mahmudovun hərəkətlərində inzibati xəta tərkibi olmamışdır bu səbəbdən şikayət əsaslı olduğu üçün təmin edilməli və X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 28695168 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilərək İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İXM-nin 53 və 134.1.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmş EQ 28695168 saylı, xx.xx.2025 -ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar