Məhkəmə qərarları › İş №3(060)-1586/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1586/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1586/2022 16.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ikinci Qarabağ müharibəsi iştirakçısı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə 16 iyun 2022-ci il tarixli MN №li ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 4 saylı yataqxananın arxasında saxlanılan vətəndaş Şəxs üzərində kustar üsulla hazırlanmış narkotik vasitə aşkarlanmışdır. Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 16 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X4 izahatında göstərdi ki, o, təhqiqatın xx.xx.2022-ci il tarixli qüvvədə olan qərarına əsasən Şəxs barəsində İXM-nın 206-cı maddəsi ilə protokol tərtib etmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 4 saylı yataqxananın arxasında saxlanılan vətəndaş Şəxs üzərində kustar üsulla hazırlanmış narkotik vasitə aşkarlanmışdır. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində olduğu zaman diqqətini yerdə ağ rəngli siqaret kağızı bükümü cəlb etmiş, o, həmin bükümü yerdən götürmüş, bükümü açıb içərisinə baxdıqda onun içərisində tünd qəhvəyi rəngli toz halında maddə olduğunu bilmiş, əvvəllər narkotik vasitə istifadə etdiyindən həmin maddənin heroin olduğunu bilmiş, buna görə ehtiyacı yaranarsa istifadə etməyi üçün həmin bükümü əynində olan mavi rəngli şalvarının sağ kiçik yan cibinə qoyub saxlamışdır. Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yataqxananın arxasında olduğu zaman saat təxminən 16:20 radələrində təbii ehtiyaclarını ödəmək üçün yataqxananın ayaqyoluna girmək istədiyi zaman 2 nəfər ona yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər, onu qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək saxlanıldığını bildirmişlər. Polis işçiləri onu araşdırma ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparacaqlarını bildirdikdə o, etiraz etməyərək polislərlə birlikdə PB-nə gəlmişdir. Hazırda törətdiyi əməldən peşman olmasını bildirərək ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı Şəxs əməlində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əlamətinin olması müəyyən edilmişdir. Bu səbəbdən də aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxs Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 2931 saylı rəyində göstərilmişdir ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə iş nömrəsi 3(060)-1586/2022 saylı Şəxs şəxsi məlumatlar haqqında çıxarışdan görünür ki, Şəxs xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını, ikinci Qarabağ müharibəsi iştirakçısı olmasını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada icra edilir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar