Məhkəmə qərarları › İş №3(060)-1589/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1589/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1589/2025 30.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən İXM-nın 333.2-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* seriya №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, “MİTSUBİSHİ PAJERO-10 MİNİK” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:00 radələrində İXM-nin 327.3 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə saxlanılmış, nəticədə alkoqoldan istifadə etməklə İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi faktı aşkar olunmuşdur. Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən Mətənat Həsənova barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxslər Sumqayıt ŞPİ-nin DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı Səbuhi Əmirli izahatında göstərdi ki, Sumqayıt şəhəri, Sahil küçəsində spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücülürən müəyyən edilməsi üçün reyd keçirmiş, onların olduğu istiqamətdə hərəkət edən sürücü Şəxs qəfildən manevr edərək ordan uzaqlaşmışdır. Bu hal şübhə yaratdığı üçün sürücü təqib edilmiş, ona bir neçə dəfə avtomobili saxlamaq üçün göstəriş verilsə də, sonuncu buna məhəl qoymadan hərəkətinə davam etmişdir. Avtomobilin saxlanılmasına müvəffəq olduqdan sonra sürücünün spirtli içki təsiri altında olduğu vizual olaraq aşkar edildikdən sonra o, avtomobilin idarə edilməsindən kənarlaşdırılmışdır. Bundan sonra alkotest vasitəsilə sürücünün spirtli içki qəbul edib-etməməsi yoxlanılmış müayinə zamanı onun spirtli içki qəbul edərək avtomobil idarə etməsi faktı aşkar edilmişdir. İdarə etdiyi avtomobil aktla təhvil alınmış və duracağa təhvil edilmiş, sonuncu barəsində İXM-nin 333.2-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edir ki, sürücü il ərzində təkrar eyni məzmunlu inzibati xəta törətdiyi üçün həmin maddə ilə barəsində protkol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir və şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilmədini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, hadisə baş verən zaman Novxanı qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan zaman Sahil küçəsində polis əməkdaşlarının reyd keçirdiyini görmüş, bu zaman içkili vəziyyətdə avtomobil idarə etdiyinin müəyyən edilməməsi üçün manevr edərək oradan uzaqlaşmışdır. Polis əməkdaşları səsgücləndirici vasitəsilə ona avtomobili saxlaması üçün işarə vermiş, bir az irəlilədikdən sonra avtomobili kənara çəkib saxlamışdır. O, həmin gün Bakı şəhərində yaşadığı evdə 3 butulka “Xırdalan” pivəsi içmiş, daha sonra özünə məxsu avtomobillə Sumqayıt şəhərinə gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra alkotester vasitəsilə yoxlanılmış, testin nəticəsi ilə tanış olmuşdur. Məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 16 noybr 2024-cü il tarixində spirtli içkinin təsiri altında avtomobil idarə etdiyinə görə 400 manat məbləğində cərimə edilmiş, həmin cəriməni ödəmişdir. Qeyd edir ki, avtomobili gül daşınması üçün istifadə edir. Himayəsində 12 və 13 yaşlarında iki azyaşlı övladı vardır və onların ehtiyacları ilə təkbaşına özü məşğul olur. Əməlindən peşmandır. Gələcəkdə eyniməzmunlu xəta törətməyəcəyinə dair söz verir. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil izahatında göstərdi ki, şəxs əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu” barədə aktdan görünür ki, “MİTSUBİSHİ ” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mühafizə olunan duracağa təhvil verilmişdir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin “İnzibati tənbeh vermə haqqında” TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs xx.xx.2024-cü il tarixində saat 15:00 radələrində Moskva prospektində “MİTSUBİSHİ PAJERO-10 MİNİK” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 400 manat məbləğində cərimə edilmişdir. 28 iyun 2025-ci ildə Sumqayıt DYPŞ tərəfindən “Alcovisor-Jupiter X” markalı alkotester ilə keçirilmiş yoxlama zamanı sürücü Şəxs 0,973% alkoqol sərxoşluğu faktı aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli izahatdan məlum olur ki, Şəxs öz təqsirini boynuna almışdır. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərməh haqqında” 28 iyun 2025-ci il tarixli protokola əsasən, Şəxs 0,973% spirtli içki qəbul etməsi faktı müəyyən olunduğunan sonuncunun tibbi müayinyə göndərilməsinə ehtiyac qalmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi, dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 333.2-ci maddəsinə görə Bu Məcəllənin 333.2-ci maddəsində nəzərdə tutulmuş xətanın (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 333.1-ci maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat cərimə olunmuşdur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati xətanı barəsində nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoş vəziyyətdə idarə edilməsinə görə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində yenidən törətmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən peşman olmasını, eləcə də himayəsində 2 azyaşlı uşağının olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Şəxs inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilməlidir. İXM-nin 23.3-cü maddəsinə görə bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, əməlindən peşman olmasını, davranışını, himayəsində iki azyaşlı uşağının olmasını, törədilən inzibati xətanın xarakterini, həmçinin məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona cərimə və nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdıılması növündə tənbeh tədbirlərinin tətbiq edilməsi sonuncunun islah olunması üçün kifayət edəcəkdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar