Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-159/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılmış Şəxs ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq İdarəsi tərəfindən Şəxs ASC-nin barəsində 17.12.2020-ci il tarixdə, MN ******* №-li protokol tərtib olunmuşdur. Həmin protokolda ünvan 1 ünvanında yerləşən Şəxs ASC-də yoxlama aparılarkən müəyyən olunmuşdur ki, Şəxs ASC tərəfindən tullantı sularının Xəzər dənizinə axıdılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılmış Şəxs ASC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, zavod ərazisində yağış suları və istehsalatda istifadə olunan təmiz, eyni zamanda üfüqü çökdürücü (təmizləyici) qurğudan keçən sular 1949-cu ildə inşa olunan kollektor vasitəsi ilə dənizə axıdılırdı, 1980-cı illərdə hər ay təxminən dənizdən 5 mln ton dəniz suyu və xəttdən 450 min kub metr texniki su götürülüb soyutma sistemi üçün istifadə olunurdu və həmin miqdarda olan su tullantı şəkilində dənizə atılırdı. Sonralar istehsalatın tədricən zəifləməsi və zavod mütəxəssislərinin verdiyi təkliflərə əsasən, istehsalatda qapalı dövr edən su soyutma sistemi yaradılmış və isti yayma avadanlıqlarının və onun məhsullarının soyutması üçün əvvəllər istifadə olunan dəniz suyundan imtina olunmuş və hazırda yaranan çirkli su çökdürmə üsulu ilə təmizlənib təkrar istifadəyə verilir. Bu proses təkrarlanan olduğu üçün dənizə atılası əlavə su və başqa tullantı yaranmır. Ona görə də, bu məqsəd üçün inşa olunmuş kollektordan istifadə olunmur. Kollektor boyunca yerləşən, özəl və dövlət müəssisələri kollektora birləşdirilib. Kollektordan istifadə edilməsinə zavodla razılaşmadan, şəhərin səlahiyyətli idarələri tərəfindən icazə verilib. Axıdılan suyun tərkibi və miqdarı məlum deyildir. Həmin müəssisələrin tullantılarının qarşısını almaq və ya nəzarət etmək ,eləcə də axıntı sularının təmizlənməsinə dair tədbirlərin təmin olunması bizim imkanımız xaricindədir. Kollektor üzərində inşa olunmuş obyektlər içərisində özəl maşın yuma məntəqələri vardır, nəqliyyat vasitələri kimyəvi qarışığı olan su ilə təmizlənir onun çirkab su qarışığı isə axıntı yolu ilə kollektora axıdılır. Bunlarla yanaşı qeyd olunmuş kollektorun üzərində gecəqondular tikilib məcburi köçkünlər yaşayır və heyvan saxlayır, dəniz sahili sahədə isə Xəzər yaşayış massivinin bir hissəsi salınmışdır. Şəxs ASC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq İdarəsinin 25.11.2020-ci il tarixli ekoloji məlumat bülletenində Sumqayıt inzibati ərazisinin ekoloji vəziyyətin araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt ərazisindən Xəzər dənizinə axıdılan və dənizi çirklənməyə məruz qoyan axarlardan biri də Şəxs ASC-nin tullantı sularını nəql edən kollektordur. Müəssisədə formalaşan şərti təmiz sular, uzunluğu 7 km olan kollektor vasitəsilə Xəzər dənizinə axıdılır. Bu kollektorun eyni zamanda dənizə axıdıldığı ərazidə sahil zolağında kiçik gölməçələrin əmələ gəlməsi də müşahidə edilmişdir. Şəxs kollektorundan götürülmüş su nümunəsi üzərində aparılmış analitik təhlillərin nəticəsinə görə ammonium ionları - 13,0; asılı maddələr - 4,2; sintetik səthi akt maddələr (SSAM)-2,2 və neft məhsulları-3,2 dəfə normadan artıq müəyyən edilmişdir. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöp bakteriyalarının miqdarı - 13 890 000 ədəd/litr, enterokokların miqdarı-1 120 000 ədəd/litr və şərti patogen xəstəlik törədən bakteriyaların (E.coli) miqdarı-2 070 000 ədəd litrdi (coli indeks). Xəstəlik törədən bakteriyaların miqdarı normadan 2 070 dəfə çoxdur. Ekotoksikoloji baxımdan nümunə kəskin zəhərli təsirə malik olmuşdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarından olan 4860 saylı, 21.12.2020-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs ASC-yə ünvanlanan məktubunda bildirilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq İdarəsi tərəfindən Sumqayıt inzibati ərazisində keçirilmiş monitorinq zamanı, kollektorun xəzər dənizinə çıxışından götürülmüş su nümunələri tərkibində aparılan analitik təhlillərin nəticəsinə görə Xəzər dənizinə axıdılan tullantı sularının tərkibindəki xəstəlik törədən bakteriyaların miqdarının norma həddindən artıq olduğu müəyyən edilmişdir. İş materiallarından olan AZB 01/01 saylı, 05.01.2021-ci il tarixli Şəxs ASC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanan məktubunda bildirilir ki, X3 Monitorinq İdarəsinin apardığı monitorinq zamanı kollektorun çıxışında aşkarlanan kənarlaşmaların kimlər tərəfindən atılmasının tapılmasında müvafiq tədbirlər görülməsində Şəxs ASC-nin rəhbərliyinin təsiretmə imkanının məhdud bildirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılmış Şəxs ASC-nin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir və həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını nəzərə alaraq cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həçim Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli 714-İVQ saylı Qanunun 27-ci maddəsinin 1-ci bəndinə əsasən məhsul nümunələrinin tədqiqi(sınağı) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu növ işlərin aparılması üçün akkreditasiya edilmiş istənilən laboratoriyalarda və ya digər təşkilatlarda aparıla bilər. Beləliklə iş materiallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq İdarəsinin 25.11.2020-ci il tarixli ekoloji məlumat bülletenində Sumqayıt ərazisindən Xəzər dənizinə axıdılan və dənizi çirklənməyə məruz qoyan axarlardan biri də Şəxs ASC-nin tullantı sularını nəql edən kollektordur. Müəssisədə formalaşan şərti təmiz sular, uzunluğu 7 km olan kollektor vasitəsilə Xəzər dənizinə axıdılır. Bu kollektorun eyni zamanda dənizə axıdıldığı ərazidə sahil zolağında kiçik gölməçələrin əmələ gəlməsi də müşahidə edilmişdir. Şəxs kollektorundan götürülmüş su nümunəsi üzərində aparılmış analitik təhlillərin nəticəsinə görə ammonium ionları - 13,0; asılı maddələr - 4,2; sintetik səthi akt maddələr (SSAM)- 2,2 və neft məhsulları-3,2 dəfə normadan artıq müəyyən edilmişdir. Mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöp bakteriyalarının miqdarı - 13 890 000 ədəd/litr, enterokokların miqdarı-1 120 000 ədəd/litr və şərti patogen xəstəlik törədən bakteriyaların (E.coli) miqdarı-2 070 000 ədəd litrdi (coli indeks). Xəstəlik törədən bakteriyaların miqdarı normadan 2 070 dəfə çoxdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat başlanmış Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan barəsində inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinib 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-159/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-159/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver