Məhkəmə qərarları › İş №3(060)-1590/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1590/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1590/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1-də qeydiyyatda olan və yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 29.04.2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs polisin qanuni tələbinə tabe olmamışdır. Eyni zamanda Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 29.04.2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 08.04.2021-ci il tarixdə polis bölməsinə gətirilərkən səs-küy salmış və iş rejimini pozmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin polis sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 2 ay bundan əvvəl “facebook” sosial şəbəkəsində özünə məxsus olan istifadəçi adı ilə polislər haqqında paylaşılan videoya mənfi rəy bildirərək polislərin qanunsuz hərəkətlər etməsini, işlərini düzgün qavramadıqlarını, eləcə də haqsızlıq etdiklərini düşünərək daxili işlər orqanlarının əməkdaşlarını təhqir etmişdir. O, polis əməkdaşlarının bölməyə getmək barədə təkliflərini rədd etmiş, həmçinin polis əməkdaşlarına sənədlərini təqdim etməkdən imtina etmişdir. Törətdiyi əməldən peşmandır. Məsuliyyətsizliyə yol vermişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, 28.04.2021-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru, polis kiçik serjantı Hafiz Məmiyevlə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində xidmət apararkən özünü şübhəli aparan 1 nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs polisin qanuni tələblərinə tabe olmayaraq sənədlərini təqdim etməkdən imtina etmiş, polis əməkdaşlarının bölməyə getmək barədə təklifkərini rədd etmişdir. İş materiallarında olan, Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru, polis kiçik serjantı Orxan Baxşəliyevin 28.04.2021-ci il tarixli raportundan görünür ki, 28.04.2021-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru, polis kiçik serjantı Hafiz Məmiyevlə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində xidmət apararkən özünü şübhəli aparan 1 nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin suallara qeyri-səmimi cavab verdiyi, eləcə də onlar tərəfindən verilmiş qanuni tələblərə tabe olmadığı üçün həmin şəxs 1-ci Polis Bölməsinə aparılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin məsul növbətçisi, polis kapitanı İlqar Zülfüqarlının 28.04.2021-ci il tarxli raportundan görünür ki, 28.04.2021-ci il tarixdə polisin qanuni tələblərini pozduğu üçün polis bölməsinə gətirilmiş ünvan 1 ünvanında yaşayan, xx.xx.1984-cü il təvəllüdlü Şəxs polis bölməsində səs-küy salaraq iş rejimini pozmuşdur. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28.04.2021-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuş, 29.04.2021-ci il tarixdə, saat 11:00-da azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 29 aprel 2021-ci il tarixdən, saat 14:20-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun 28.04.2021-ci il tarixdə polis bölməsinə gətirilərkən səs-küy salması xırda xuliqanlıq hesab edilmir və hazırda X3 hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlər onun Polis bölməsinə aparılması ilə bağlı olmuş, onun qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılsın və Şəxs qəti olaraq 09 (doqquz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 29 aprel 2021-ci il, saat 14:20-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar