Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1590/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:35 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni zamanda, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:35 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində ünvansız nalayiq küçə söyüşü söyərək ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* saylı protokollarla bağlı işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin polis sahə rəisi, polis mayoru X4 tərtib edilmiş protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 42-ci məhəllə, 10 saylı peşə liseyinin qarşısında nalayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozmuş, bu hal dəfələrlə baş vermiş, polisin qanuni tələbinə tabe olmamış, öz əməllərinə davam etmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq ciddi qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o şəxsi işi ilə əlaqəli tezdən Bakıya getmişdir, orada işini bitirdikdən sonra Sumqayıta evə gələrkən 30-cu məhəllə ərazisində Oba marketə dönüb evə süd, çörək, hazır yemək olan məhsul alıb, yaşadığı 14-cü məhəllədəki binanın girişinə yaxınlaşarkən iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq adını çəkib onu çağırmış, onlarla birlikdə getməyini istəmişlər. O həmin şəxslərin polis əməkdaşı olduğunu tanımamışdır, çünki polis vəsiqəsi təqdim etməmişlər. O da bu səbəbə görə onlarla polis idarəsinə getməkdən imtina etmişdir. Sonra onu həmin şəxslər zorakı formada maşına mindirib polis idarəsinə aparmışlar. Yolda gedərkən və polis idarəsində təhqirə məruz qalmışdır. Sonra onu 4-cü PB-nə gətirmişlər. Ona qarşı zor işlədərək onu maşını mindirmişlər, onun sağ və sol qolunda qandal izləri vardır, hətta onu boğduqları üçün boynunda da iz qalmışdır. Onu döyə-döyə polis idarəsinə aparmışlar, o da buna etiraz etmişdir. O heç kimi söyməmiş, heç kimi təhqir etməmişdir, əksinə onu təhqir etmişlər. Onu ilk öncə idarəyə, oradan yarım saat sonra isə bölməyə aparmışlar. Polis bölməsində olduğu vaxt axşam o vəkilinə və evlərinə zəng etmək istəmiş, lakin ona şərait yaradılmamış, evə məlumat verə bilməmişdir. Səhər saatlarında bölmənin növbətçisi ona bildrmişdir ki, anası onun itkin düşməyi barədə məlumat vermişdir. Anası ilə tək yaşayır, anasına özü baxır, ona görə də bunun nəzərə alınaraq barəsində ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs qanunsuz olaraq tutulduğunu, qollarının qandallandığını, anası və vəkili ilə əlaqə saxlamağa imkan yaradılmadığını, bədənində xəsarət izlərinin olduğunu bilirdi və onun barəsində tərtib edilmiş tutma qərarının ləğv edilməsini, icraata bəraətverici əsaslarla xitam verilməsini, işdə iştirak edən şahidlərin yalan ifadə verdiklərinə və Şəxs bədəni üzərində olan xəsarətlər barədə Sumqayıt Şəhər prokuroruna məlumat verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21:35-də CAŞ-nin kiçik inspektoru polis serjantı Məmməd Məmmədbəyli ilə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində xidmətdə olduqları vaxt bir nəfə şəxs ictima yerdə ucadan ünvansız nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşaraq özlərini təqdim edib, ictimai yerdə ünvansız küçə söyüşləri söyməsi ilə əlaqədar irad bildirdikdə həmin şəxs polislərin də ünvanına nalayiq söyüşlər söyməyə başlamış, həmin şəxsi nizam intizama dəvət etsələr də, həmin şəxs öz hərəkətlərinə davam etdirmişdir. Bundan sonra o, həmin şəxsi barəsində qanunamüvafiq tədbir görülməsi üçün polis bölməsinə aparmaq istədikdə sonuncu polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra həmin şəxsi maşına əyləşdirib aidiyyatı üzrə Sumqayıt ŞPİ 4-cü polis bölməsinə aparmışlar. Bölmədə həmin şəxsin ünvan 3 ünvanında yaşayan Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş CAŞ-nin kiçik inspektoru X2 da şahid X6 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Kənan Məcidov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:35-də CAŞ-nin kiçik inspektoru polis serjantı Məmməd Məmmədbəyli ilə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində xidmətdə olduqları vaxt bir nəfər şəxs ictima yerdə ünvansız nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşaraq özlərini təqdim edib, ictimai yerdə ünvansız küçə söyüşləri söyməsi ilə əlaqədar irad bildirdikdə həmin şəxs polislərin də ünvanına nalayiq söyüşlər söyməyə başladı. Onlar həmin şəxsi nizam intizama dəvət etsələr də, həmin şəxs öz hərəkətlərinə davam etdi. Bundan sonra o, həmin şəxsi barəsində qanunamüvafiq tədbir görülməsi üçün polis bölməsinə aparmaq istədikdə sonuncu polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra həmin şəxsi maşına əyləşdirib aidiyyatı üzrə Sumqayıt ŞPİ 4-cü polis bölməsinə aparmışlar. Bölmədə həmin şəxsin ünvan 3 ünvanında yaşayan Şəxs olduğu məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan bütün şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun xx.xx.2023-cü il tarixdə saat 21:35 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində ictimai qaydanı pozması təsdiq edilmir və hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə sübuta yetirilir. Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:35 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe omaması işdə olan sübutlarla və şahidlərin ifadələri ilə təsdiq edilir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İşdəki tutma protokolundan görünür ki, Şəxs 21 iyun 2023-cü il tarixdə, saat 22:30da tutulmuş, 22 iyun 2023-cü il tarixdə saat 14:00-da azad edilmişdir. Məhkəmə hesab edir ki, buna görə də inzibati həbsin əvvəli onun tutulduğu 21 iyun 2023-cü il tarixdə saat 22:30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 21 iyun 2023-cü il tarixdən, saat 22:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1590/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1590/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver