Məhkəmə qərarları › İş №3(060)-1592/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1592/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1592/2022 10.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron Xızı regional söbəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair 03 iyun 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X6 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətin Sumqayıt regional ərazi söbəsinin (bundan sonra mətndə Sumqayıt regional ərazi söbəsi) rəisi X5 qəbul etdiyi inzibati tənbeh vermə haqqında MN ******* saylı, 03 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 şikayətində göstərmişdir ki, Sumqayıt regional ərazi şöbəsinin rəisi X5 qəbul etdiyi inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 03 iyun 2022-ci il tarixli qərarına əsasən, o, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Qərara əsasən guya Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən "Plastik təkrar emal" sexində onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44 və 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid1, Şahid3 Qadir oğlu və Şahid4 Şahmar qızının işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri müəyyən olunmuşdur. Həmin qərarı qanunsuz və əssasız hesab edir. Belə ki, 20 aprel 2022-cu il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən ona məxsus "Plastik emal sexində" karantin rejim qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması zamanı guya həmin sexdə fəaliyyət göstərən işçilərin bir qisminin qeyri-qanuni, yəni əmək müqaviləsi bağlanmadan əməyə cəlb edilməsi aşkar edilmişdir. Bundan sonra Sumqayıt Şəhər Polis İdarəsinin rəisi tərəfindən qeyd olunan məsələ ilə bağlı İXM-də nəzərdə tutulmuş qaydada tədbrlərin görülməsi üçün Sumqayıt regional ərazi şöbəsinə müraciət edilmişdir. Daha sonra, Sumqayıt regional ərazi şöbəsinin rəisi Aqşin Əhədov tərəfindən göndərilən məktubda Sumqayıt Şəhər Polis İdarəsindən daxil olmuş müraciətə baxılması əlaqədar müraciətin tam, hərtərəfli araşdırılmasını təmin etmək məqsədi ilə iştirak etmək və müvafiq sənədləri təqdim etmək xahiş olunmuşdur. O, 25 may 2022-ci il tarixdə Sumqayıt regional ərazi şöbəsinə gedərək işin araşdırılması ilə bağlı 29 vərəqdən ibarət sənədlər təqdim etsə də, orada heç bir araşdırma aparılmamış və onun barəsində artıq İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədməsilə bağlı inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişlər. Qeyd olunan iş üzrə heç bir araşdırmanın aparılmaması, barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu sübut edir. Mübahisələndirilən qərarda adları göstərilmiş guya onun tərəfindən əmək müqaviləsi bağlanmadan əmək fəaliyyətinə cəlb edilmiş şəxslərin heç biri ona məxsus sexdə əmək fəaliyyəti ilə məşğul olmamışlar. Həmin şəxslər özləri bu halı izahatları ilə təsdiq etmişlər. Beləliklə onun İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirim sübuta yetirilməmişdir. Mübahisələndirilən qərar rəsmi qaydada 06 iyun 2022-ci il tarixdə almışdır. Bu səbəbdən də qərardan şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. İnzibati xəta haqqında işə baxılması 28 iyun 2022-ci il tarixə təyin olunmuş, sübutların məhkəməyə təqdim olunması və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin məhkəmə iclasına dəvət olunması ilə bağlı məhkəmə iclası 28 iyul 2022ci il tarixə təxirə salınmışdır. 28 iyul 2022-ci il tarixdə məhkəmə iclasında iştirak etməyən digər şahidlərin məhkəmə iclasına dəvət olunması ilə bağlı məhkəmə iclasının davamı 10 avqust 2022-ci il tarixə keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş şikayət vermiş şəxs sonuncu məhkəmə iclasına gəlməmişdir. 28 iyun 2022-ci il tarixdə məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 şikayətə uyğun izahat verərək 03 iyun 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. 28 iyul 2022-ci il tarixdə məhkəmə iclasında Abşeron Xızı regional söbəsinin etibarnamə üzrə nümayəndəsi X10 izahatında göstərdi ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Plastik təkrar emal” sexində işə götürən X6 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü və 49-cu maddələrində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid1, Şahid3 Qadir oğlu, Şahid4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmasına görə onun barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərar Sumqayıt şəhər Polis İdarəsindən göndərilmiş materiallara əsaslanaraq qəbul edilmişdir. Qeyd olunanlara əsasən X6 tərəfinfən verilmiş şikayətin təmin olunmamasını xahiş etdi. 28 iyul 2022-ci il tarixdə məhkəmə iclasında Şahid1 izahatında bildirdi ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "Plastik təkrar emal" sexində fəhlə işləmişdir. Sonradan işdən çıxmışdır. xx.xx.2022-ci il tarixdə Plastik təkrar emal sexinə gələrək sexin müdiri Nadir müəllimdən onu yenidən işə götürməsini xahiş etmişdir. Həmin vaxt polis əməkdaşları sexə daxil olaraq, 3-cü doza peyvəndlənmənin yoxlanılması aparılacağını bildirdilər. Polis əməkdaşları ona 3-cü doza peyvəndlənməsi olmadığı üçün izahat yazmalı olacağını dedilər. O polis əməkdaşlarına yazı yaza bilmədiyini bildrmişdir. Polis əməkdaşları onun yerinə izahat yazmışlar və o da həmin izahata imzasını çəkmişdir. 25 yanvar 2022-ci ildən 20 aprel 2022-ci il tarixədək o, qeyd edilən sexdə işləməmişdir. Hazırda isə həmin sexdə müqavilə ilə işçi olaraq çalışır. 28 iyul 2022-ci il tarixdə məhkəmə iclasında Şahid2 izahatında bildirdi ki, o, duldur, iki övladı var, ikisi də hərbi xidmətdə olduğundan o, işlədiyi Nadir Şiriyevin müdir olduğu "Plastik təkrar emal" sexində yaşayır. Şahid4 onun rəfiqəsidir. 20 aprel 2022-ci il tarixdə "Plastik təkrar emal" sexində olarkən polis əməkdaşları içəri daxil olaraq karantin rejimi ilə əlaqədar 3-cü doza peyvəndlənmənin yoxlanılması aparılacağını bildirdilər. Həmin vaxt rəriqəsi Aybəniz də onun yanına sexə gəlmişdir. Polislər Şahid4 və sexdə olanlardan izahat almışlar, Aybənizə izahatda guya "Plastik təkrar emal" sexində işləməsini məcburi halda yazdırmışlar. Halbuki, rəfiqəsi Şahid4 "Plastik təkrar emal" sexində işləmir və həmin sexlə heç bir əlaqəsi yoxdur. Daha sonra rəfiqəsi ona bildirmişdir ki, polis əməkdaşları ona məcburi halda izahatında “Plastik təkrar emal" sexində işlədiyini qeyd etdirmişlər, əks halda onu polis bölməsinə aparacaqları ilə qorxutmuşlar. 28 iyul 2022-ci il tarixdə məhkəmə iclasında şahid X8 izahatında bildirdi ki, o, azərbaycan dilində təmiz danışır, başa düşür, lakin yazmağı və oxumağı bacarmır. O Nadir Şiriyevin müdir olduğu "Plastik təkrar emal" sexində rəsmi əmək müqaviləsi ilə qaynaqçı vəzifəsində işləyir, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları "Plastik təkrar emal" sexinə gələndə o işdə olmuş, polis əməkdaşları karantin rejimi ilə əlaqədar 3-cü doza peyvəndlənmənin yoxlanılması aparılacağını bildirdilər və o 3-cü doza peyvənd qəbul etdiyini bildirmişdir. Daha sonra ondan izahat alınmasını bildirdiklərində o, Azərbaycan dilində yazıb və oxumağı bilmədiyini bidlridikdə onun əvəzinə polis əməkdaşları izahat yazaraq ona imza çəkdirmişlər. Sonradan ona məlum olunmuşdur ki, izahatında guya o, "Plastik təkrar emal" sexində əmək müqaviləsi olmadan işə cəlb olunmağını qeyd etmişdir. Onun xx.xx.2021-ci il tarixdən müddətsiz əmək müqaviləsi olmuşdur. Məhkəmə şikayət verən şəxsi, qərarı mübahisələndirilən idarənin nümayəndəsini, şahidləri və işdəki materialları tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X6 barəsində 03 iyun 2022-ci il tarixdə, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4.000,00 manat məbləğində cərimə edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi rəisi tərəfindən Sumqayıt regional ərazi söbəsinin rəisi cənab Aqşin Əhmədova ünvanlanmış xx.xx.2022-ci il tarixli 123-16072-1222 №-li məktubdan görünür ki, xüsusi karantin rejimi dövründə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması məqsədilə Sumqayıt şəhəri, Xəzri bağları ərazisində yerləşən vətəndaş X4 məxsus olan "Plastik təkrar emal” sexində fəaliyyət göstərən işçilər DİN-in mərkəzləşdirilmiş portalı vasitəsilə yoxlanılarkən xx.xx.1971-ci il təvəllüdlü Şahid1; 28.01,1984-cü il təvəllüdlü Şahid3 Qadir oğlu; xx.xx.1970-ci il təvəllüdlü (iran vətəndaşı) X1; xx.xx.1971-ci il təvəllüdlü Şahid4 qeyriqanuni, yəni əmək müqaviləsi bağlanmadan əməyə cəlb edilməsi faktı aşkar edilmişdir. X4 məxsus olan "Plastik təkrar emal” sexi barəsində İXM-də nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi və nəticəsi barədə Sumqayıt ŞPİ-nə məlumat verilməsi xahiş olunmuşdur. İş materialında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bildirişindəən görünür ki, X8 xx.xx.2021-ci il tarixdən müddətsiz X4 məxsus olan "Plastik təkrar emal” sexində qaynaqçı vəzifəsində işləyir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 192.1ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin 2-ci bəndinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin Məcəllənin 49-cu maddəsinə 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəməyə təqdim olunmuş izahatlardan görünür ki, Şahid1, Şahid3 Qadir oğlu, Şahid4 polisə rəsmi izahat verərkən Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Plastik təkrar emal” sexində əmək müqaviləsi olmadan işlədiklərini etiraf etmişlər. Bu da X6 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü və 49-cu maddələrində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid1, Şahid3 Qadir oğlu, Şahid4ni işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilmiş və o inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunmuşdur. Məhkəmə mübahisələndirilən qərarı qanuni və əsaslı hesab edir. Məhkəmə məhkəmə iclasında izahat vermiş şahidlər- Şahid2 və Şahid1 məhkəmə iclasındakı izahatlarına tənqidi yanaşaraq qeyd edir ki, həmin şəxslər hazırda da N.Şiriyevin işçiləridirlər və onlar N.Şiriyevi inzibati məsuliyyətdən yayındırmağa çalışırlar. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X2 İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X2 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətin Abşeron Xızı regional şöbəsinin rəisinin qəbul etdiyi MN № ******* saylı, 03 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar