Məhkəmə qərarları › İş №3(060)-1595/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1595/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1595/2025 10.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Əliyev Ceyhun Nadir oğlunun iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28654196 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından Əliyev Ceyhun Nadir oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əliyev Ceyhun Nadir oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək inzibati tənbeh vermə haqqında EQ 28654196 saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025 tarixində avtomobili olan 90VC675 dövlət qeydiyyat nömrə nişanlı cruz markalı nəqliyyat vasitəsinə EQ 28654196 saylı qərar tərtib edilmişdir. Qərar baxan zaman bir sıra nüanslar onu narahat etdi, belə ki, onu cəzalandıran Elektron texniki vasitə 4 nüansı qeyd etmədən keçmişdi. Belə ki: 1) onu qeydə aldığı səki deyilən yerdə tikinti meydançası mövcuddur və həmin ərazidə hərəkət həmin tikintiyə görə məhdudlaşmış vəziyyətdədi, qanun pozuntusu da məhz hərəkəti məhdudlaşdırmaya görə tətbiq edilir, onsuzda həmin ərazidə hərəkət məhduddur, aidiyyatı şəkilləri təqdim edəcəkdir. Belə ki, həmin avtomobil olan hissədə o, əraziyə uyğun olaraq hərəkət olmadığı üçün heç kimə maneə olmadığından orada qalmışdır. Yol hərəkəti haqqında qanunda 16-cı maddədə səkinin nə olduğu aydın göstərilir və orada aydın izah edilir ki, səki piyadaların hərəkəti üçün nəzərdə tutulur, burada isə piyada orada tikinti meydançası olduğu üçün mühafizə zonasıdı deyə hərəkət etmir və piyada hərəkəti yoxdur. Həmçinin Tikinti məcəlləsi 3.0.23 tikinti ərazisindən və 3.0.24 maddəsi isə tikinti meydançasından danışır. Elə məhz zona səkinin bitdiyi yerdi və orada artıq tikinti meydançası başlayır. Həmçinin onu da izah edir ki, səkilər və aidiyyatı yollar qanuna uyğun təşkil edilir, hansı ki, NK yanın yol hərəkətinin təşkili komissiyasının qərarı əsasında və onun mövcud xəritəsinə əsasən müvafiq edilmiş səkilər və yollar mövcuddu və işləkdi. Bir sözlə əvvəlcə həmin səkinin aidiyyatı işlək yol olması əvvəlcə müəyyən olunmalı, xəritədə təsdiqini tapmalı, sonradan onun üzərində aparılan hərəkətlərə hüquqi qiymət verilməlidir. Yəni həmin ərazi hələki işlək səki statusunda olması üçün hərəkətə aşılması üçün tikinti bitməli, istismara yararlı sənəd qəbul edilməlidir. Başa düşə bilmir ki, necə tikinti gedə-gedə həmin səki işlək müəyyən edilir. Bunlardan aydın görünür ki, ərazidə tikinti getdiyi üçün həmin hissə tikinti meydançası ərazisinə düşür. Şəkli qeyd edən texniki vasitə nədənsə həmin nüansları qeyd etməkdə çətinlik çəkmiş və həmin ərazini aktiv hərəkət zonası kimi müəyyən etmişdir. Bu səbəblə də nəinsə doğru olmadığını hesab edir və bunu aidiyyatı araşdırmaq istəyir. Digər hal 2) isə ərazini qeyd edən texniki vasitə ərazidə dəqiq koordinat verməmiş, ünvanı göstərməkdə yubanmışdır, belə ki, Yeni Bulvar küçəsi kristal yazmışdır. Yeni Bulvar küçəsi kristal haradı, ora böyük bir ərazidi, bu da imkan verdi ki, texniki vasitənin düzgün qeydiyyat aparmamasını müzakirə edək. Bir sözlə texniki vasitələr ya fulkova kordinat sistemləri ilə yada gps sistemləri ilə işləməli və dəqiq ünvan verməlidir. Misal yeni bulvar küçəsi 25 ünvanı burada isə belə bir hal yoxdur. Bu səbəblə hesab edir ki, texniki vasitənin sertifikasiyasını və onun normativ qeydiyyatdan keçmə vaxtını, nömrəsini öyrənsin. Digər hal 3) bu əgər bort kompyuterlə həyata keçrilibsə İXM-nin 124.5 və 124.6 tələbləri qorunmalı, onun avtomobilinin qabaq şüşəsinə həmin cərimənin məlumatları aidiyyatı yerləşdiriməli idi. Bu hal da olmamışdır. Nədənsə bu da yaddan çıxmışdır, o, bunu DYP şöbəsinin Sumqayıt şəhər şöbəsindən gedib müraciət əsasında almışdır . Bu da onda müəyyən suallar yaratmışdır. Digər hal 4) əgər onu elektron texniki vasitələr qeyd edibsə mütləq həmin vasitələr İXM-nin 81 və 100.1.8 maddələrin tələblərinə uyğun texniki vasitənin saz olmasını izah etmək üçün mütləq texniki vasitənin məlumatlarını ifadə etməlidir, belə ki, texniki vasitənin saz və işlək olduğu müəyyən edilsin, əks təqdirdə həmin sübutlar əsassızdır. Həmçinin NK-in 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarında tələbləri açıq aydın pozulmuşdur, belə ki, qeydə alan texniki vasitənin məlumatları əks olunmamışdır. Həmin nümunəni də atır tanış olmaq üçün. Yuxarıdakı tələbləri əsas tutaraq bu halı məhkəmədə mübahisələndirmək qərarına gəlmiş və bu əsasla konstitusyon hüququ olan məhkəməyə müraciət edir. Həmçinin vəziyyətin izah olunması üçün bir sıra qanun və normativləri təqdim edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq tətbiq edilən intizam tənbehin vermə haqqında qərarı (EQ28654196 nömrəli) İXM-nin 53-cü maddəsinə əsasən xitam edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Əliyev Ceyhun Nadir oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28654196 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxşında tədqiq edilmiş: -Baş X4i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28654196 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əliyev Ceyhun Nadir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. - 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. - 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. “Yol hərəkəti haqqında” Qanununun 83-cü maddəsinin 2-ci bəndinə əsasən Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. - 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi Əliyev Ceyhun Nadir oğlu inzibati xəta törətməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da Əliyev Ceyhun Nadir oğlu tərəfindən hansı inzibati xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli EQ 28654196 saylı inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın xüsusi texniki vasitənin köməyi ilə müəyyən edildiyi qeyd edilsə də həmin xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer qeyd edilməmişdir. Bundan əlavə Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X4 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və sübutlar təqdim edilməsi üçün Baş X4 İdarəsinə sorğu göndərsə də, Baş X4 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və həmçinin məhkəmənin sorğusuna cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli EQ 28654196 saylı qərar ləğv edilməli və Əliyev Ceyhun Nadir oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əliyev Ceyhun Nadir oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Baş X4 İdarəsi tərəfindən Əliyev Ceyhun Nadir oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli EQ 28654196 saylı qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar