Məhkəmə qərarları › İş №3(060)-1598/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1598/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1598/2021 08.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Bayramov Nurlan tərəfindən tərtib olunmuş 19.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Bayramov Nurlan tərəfindən tərtib olunmuş 19.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 ərizə ilə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayəti onunla əsaslandırmışdır ki, 19.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində Sumqayıt ŞPİ-in 1-ci PB-nin sahə rəisi polis leytenantı Bayramov Nurlan onun tibbi maskadan istifadə qaydalarını pozduğunu bildirərək, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, o, tibbi maskadan istifadə etmiş və bunu ərazidə olan kameralar vasitəsilə də vizual şəkildə görmək mümkündür. Lakin polis leytenantı Nurlan Bayramov heç bir əsas olmadan ona cərimə yazmaq niyyətində olduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Protokol tərtib olunarkən narazılığını bildirərək, protokola imza atmayacağını bildirsə də, polis əməkdaşı imzanın sadəcə olaraq protokolla tanış olmağının təsdiqi olduğunu bildirərək, hüquqi savadı olmadığından istifadə edərək ona imza çəkdirmişdir. Sonradan o, hüquqşünasa müraciət etdikdə polis əməkdaşının inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verə biləcəyini qeyd etdi və bu səbəblə də qərarı almağını bildirdi. Ertəsi gün o, polis bölməsinə gedərək qərarın ona verilməsini xahiş etsə də, polis leytenantı Nurlan Bayramov yalnız protokolu verə biləcəyini və qərarın olmadığını bildirdi. O, qərardan şikayət verəcəyini və buna görə də qərarın surətini ona verilməsini təkid etsə də, polis əməkdaşı Nurlan Bayramov qərarın olmadığını və çox təkid edəcəyi halda onu müvəqqəti saxlanma yerinə salacağını qeyd edərək, dövlət işçisinə yaraşmayacaq tərzdə onu hədələmişdir. Bundan dərhal sonra o, 102 qaynar xəttinə zəng edərək məlumat vermiş, növbəti gün ona zəng edilərək bölməyə çağırılmış və qərarın surəti ona təqdim edilmişdir. Göründüyü kimi polis əməkdaşı qanunsuz olaraq cərimə yazdığı üçün qərarın surətini mənə verməkdən çəkinmişdir. Hazırda narazlığının yaranma səbəbi onun əməlimdə heç bir qayda pozuntusunun tərkibinin olmamasıdır. Polis əməkdaşı onun maskasız olduğumu əsas gətirərək protokol tərtib etsə də, bunu təsdiq edə biləcək şəklini çəkməmiş və bununla da səhvin özündə olduğunu göstərmişdir. O, tibbi maskadan istifadə etdiyini, həmin tarixdə qanuna zidd heç bir hərəkət etmədiyini bildirərək Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Bayramov Nurlan tərəfindən tərtib olunmuş 19.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Bayramov Nurlan məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə, məhkəmə iclasının Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Bayramov Nurlanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin olunmalı, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Bayramov Nurlan tərəfindən tərtib olunmuş 19.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 19.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı İXM-nin 134.1.3-cü və 53.0.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar