Məhkəmə qərarları › İş №3(060)-1599/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1599/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1599/2024 30.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Sumqayıt Bölgəsi üzrə şöbə müdiri X1 iştirakı ilə, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə Yaşayış massivində fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında 30 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Sumqayıt Bölgəsi üzrə şöbə müdiri X4 izahatında bildirmişdir ki, Şəxs 30 iyun 2024-cü il tarixdə özünə məxsus Sumqayıt şəhəri, Yaşıldərə Yaşayış massivində fərdi həyət evində qanunla qeydiyyata alınmadan, qanunsuz dini yığıncaqlar və dini mərasimlər təşkil etmişdir. Belə ki, həmin evdə çoxsaylı müxtəlif dini cərəyanlara aid şəxslər kütləvi formada toplaşmış və orada dini təbliğat aparılmışdır. Bu fakt şöbənin əməkdaşları tərəfindən aşkar edilmişdir. Qeyd edilən qanunsuz dini təbliğatla bağlı müvafiq video görüntülər də vardır. Hadisə ilə bağlı Şəxs və digər şəxslərin izahatı da alınmışdır. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 30 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt şəhəri, Yaşıldərə Yaşayış massivində fərdi həyət evində Şəxs dini mərasim və dini yığıncaq təşkil etmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, o izahatında 26 nəfərin evində qonaq olmasını, onlarla çay süfrəsində əyləşdiklərini, həmin vaxt qonağı Qurbanov Vüqarın peyğəmbərin həyatından danışmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş X2 adından yazılmış izahatdan görünür ki, o, 30 iyul 2024-cü ildə dostu Şəxs evinə qonaqlığa gəldiklərini, namaz qıldıqdan sonra çay süfrəsinə əyləşdiklərini, həmin vaxt təxmini 20 nəfərin olmasını, dostları Vüqarın nəsə danışdığını, onun önündə bir kitabın olmasını, kamera ilə danışığın qeydə alınmasını, daha sonra polis əməkdaşlarının və Dini Qurumlarla iş üzrə dövlət komistəsinin əməkdaşlarının gəlməsini bildirmişdir. İş materiallarında olan X3 adından yazılmış izahatdan görünür ki, o dostu Zeynalın evinə qonaq gəldiklərini, çay içib söhbət etdiklərini, söhbət əsnasında peyğəmbərin həyatından bir fraqment danışmasını, öz şəxsi kitabından mütaliə etməsini, məclisdə təxmini 20-yə yaxın insan olmasını, söhbət zamanı çəkiliş etməyən telefonunun önündə olmasını, hələ çəkiliş etmədiyini və bir video bloger kimi hərdən özünü çəkməsini bildirmişdir. İş materiallarında olan video görütülərdən görünür ki, fərdi evə çoxsaylı insanlar toplaşmış və həmin şəxslər xarici görkəmlərinə görə müxtəlif dini cərəyanlara mənsub əlamətlərə malikdirlər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin və dini yığıncaqda iştirak edən digər şəxslərin izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Şəxs dini yığıncaqlar və digər dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozması sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar