Məhkəmə qərarları › İş №3(060)-16/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-16/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-16/2022 08.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində 06.08.2021-ci il tarixdə, MN ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs MMCyə məxsus fabrikin fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən normadan artıqdır. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03.09.2021-ci il tarixli, 3(060)-2802/2021 nömrəli qərarına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28.10.2021-ci il tarixli, 3(105)-628/2021 nömrəli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 03.09.2021-ci il tarixli, 3(060)- 2802/2021 nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin apellyasiya şikayəti qismən təmin olunaraq, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2802/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi X5 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən 05 avqust 2021-ci il tarixdə aparılan monitorinq nəticəsində "xxxx" MMC-ə məxsus fabrikin fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunmuşdur. Fabrik axşam saatlarında fəaliyyət göstərdiyi üçün ölçmə işləri də axşam saatlarında aparılmış, həmin vaxt fabrikin ərazisində ancaq mühafizəçilər olduğu üçün müəssisənin nümayəndəsinin iştirakını təmin etmək mümkün olmamışdır. Ancaq protokolun yazılması zamanı "xxxx" MMC-nin nümayəndəsi dəvət olunsa da iştirak etməkdən imtina etmiş, protokolu imza etməmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, monitorinq aktı tərtib edilərkən istifadə olunan cihaz dövlət yoxlanışından keçməmiş, onun sonuncu dəfə dövlət yoxlanışından keçdiyi vaxt, sertifikat məlumatları və s. qeyd edilməmişdir. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyası isə akkreditasiyası olunmamışdır. Bununla bağlı tərəfimizdən 21 oktyabr 2021-ci ıl tarixli elektron sorğu ilə “Azərbaycan Akkreditasiya Mərkəzi"-nə müraciət edilmişdir. “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən tərəfimizə göndərilən elektron cavab məktubunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitoring Departamentinin laboratoriyasının akkreditasiyası ilə bağlı “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-ə müraciət daxil olmadığı bildirilmişdir. Eyni zamanda, inzibati orqan tərəfindən aparılan yoxlama “yoxlama.gov.az" portalında qeydiyyata alınmadan həyata keçirilmişdir və bu səbəbdən də hüquqi nəticəsi yoxdur, Elə iş üzrə əsas sübut kimi təqdim edilən monitorinq aktından da qeyd olunmuşdur ki, yoxlama Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şifahi tapşırığına əsasən aparılmışdır. Qanunverciliyə görə yalnız vergi yoxlamaları, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalar və maliyyə bazarları sahəsində aparılan yoxlamalar portalda qeydiyyata salınmadan aparıla bilər, inzibati orqan tərəfindən istinad edilən İXM-nın 233,1 -ci maddəsi isə ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətadır və portaldan qeydiyyatdan keçirilmədən aparıla bilən yoxlamalara aid deyildir. Bu səbəbdən onun heç bir hüquqi nəticəsi ola bilməz. inzibati xəta haqqında protokol tərtib edilərkən şirkətimizin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, bu barədə heç bir məlumat verilməmişdir. Protokol tərtib edilərkən şirkətimizin nümayəndəsinin dəvət edilməsim təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. İnzibati orqan inzibati xəta haqqında protokolun surətinin şirkətimizə göndərilməsini təsdiq edən hər hansı poçt sənədini məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, protokolun sonuncu sətrində bu barədə qeyd yazılmalı olsa da, hər hansı qeyd göstərilməmişdir. inzibati xəta haqqında protokol tərtib edılməzdən 1 gün əvvəl 0349 nömrəli monitorinq aktı tərtib edilmişdir. Aktın blankından da görünür ki, onu tərtib etmək səlahiyyəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətindədir. Monitorinq aktını tərtib edən şəxslərlə protokolu tərtib edən şəxslər eyni şəxslər deyildir. ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin vəzifəli şəxsləri tərəfindən tərtib edilən monitorinq aktının nə üçün Milli Hidrometerologiya Xidmətinin blankında tərtib edilməsinin səbəbləri məlum deyildir. Protokolun ikinci səhifəsində imzalar bölməsində müfəttiş X6 şahid kimi qeyd olunmuşdur. Halbuki, işin həllində marağı olan inzibati orqanın əməkdaşı işdə şahid kimi iştirak edə bilməz. Bunun nəticəsində aparılan prosessual hərəkətlərin heç bir qüvvəsi yoxdur. İnzibati xəta haqqında protokol İXM-nin 233.1-ci maddəsi ilə tərtib edilmişdir. Atmosfer qanunvericiliyini pozma isə 234-cü maddənin tərkibini yaradır. Beləliklə, inzibati xəta tərkibi olmamışdır. Beləliklə, qanunvericlikdə müəyyən edilən prosessual müddət də ötürülmüşdür. Qeyd olunanlara əsasən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığı üçün MN ******* nömrəli protokola dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən tərtib edilmiş məktubdan müəyyən olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyasının akkreditasiyası ilə bağlı “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-ə müraciət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən təqdim edilən X2 müəyyən olunur ki, Atmosfer havasına atılan zərərli maddələrə dair “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesabat forması üzrə məlumatların konfidensiallığına zəmanət verilir və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə edilir. İş materiallarına əlavə edilmiş X1 X3 Reyestri haqqında portaldan çıxarışdan müəyyən olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən aparılan yoxlama “yoxlama.gov.az" portalında qeydiyyata alınmamışdır. “X1 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X3 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama keçirilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X3 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və X3 reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və X3 reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə proses iştirakçılarının izahatlarını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində iş üzrə icraata xitam verilməlidir. Beləliklə iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə məxsus fabrikin fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən normadan artıq olduğundan barəsində 06.08.2021-ci il tarixdə, MN ******* nömrəli protokol tərtib olunmuşdur. Tərəflərin izahatlarından müəyyən olunur ki, fabrik axşam saatlarında fəaliyyət göstərdiyi üçün ölçmə işləri də axşam saatlarında aparılmış, həmin vaxt fabrikin ərazisində ancaq mühafizəçilər olduğu üçün müəssisənin nümayəndəsinin iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, yoxlama X3 reyestrində qeydiyyata alınmamış, plandankənar (növbədənkənar) yoxlama vətəndaşların müraciəti əsasında keçirilməsi barədə yoxlayıcı orqan konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması barədə sübut təqdim etməmişdir. Eyni zamanda “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən tərtib edilmiş məktubdan müəyyən olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyasının akkreditasiyası ilə bağlı “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-ə müraciət daxil olmamışdır. Bununla da “X1 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ 1029 ünvan 2 ünvanında yerləşən Şəxs MMC (VÖEN **********)-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar