Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-16/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş şəxs-Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Orxan Bağırlının, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Mütəxəsis: X1 iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 1 uşağı olan, fərdə əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, icra sənədi xx.xx.2022-ci il tarixdə İcra İdarəsinə daxil olmuş, tərəflər bu barədə məlumatlandırılmışdır. Uşağın anasına verilməsi tələb olunsa da İcra sənədi Şəxs tərəfindən icra edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qubadlı Rayon Məhkəməsinin 3(028)-97/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. Bu qərardan narazı qalan Şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-644/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib cərimə olunmasına dair Qubadlı Rayon Məhkəməsinin 3(028)-97/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati material yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək məhkəmə iclasında bildirdi ki, icra məmuru ondan uşağı gətirməsini istədikdə o vaxtında uşağı oraya aparmışdır. İcra məmuru daha sonra ona zəng etmişdir ki, məhkəməyə getməlidirlər. O məhkəməyə gələn zaman bilmişdir ki, onun barəsində uşağı verməməyə görə 528.1-ci maddə ilə protokol tərtib edilmişdir. İcraçı özü də məhkəmə prosesində bildirmişdir ki, o icra idarəsinə vaxtında gedir. İcra məmuru onun barəsində düzgün protokol tərtib etsəydi, o Ədliyyə Nazirliyinə şikayət edib icra məmurunu dəyişdirməzdi. Uşaq 3 ildir ki, onun yanındadır. Uşaq özü anasıyla görüşmək istəmir. Buna görə də, barəsində olan iş üzrə icraat xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, Şəxs icra məmurunun da deyi kimi icra məmurunun tələblərini yerinə yetirir. Onun hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Uşaq atası ilə qalmaq istəyir, anası ilə görüşmək istəmir. Protokol əsassız olduğu üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs bildirdi ki, məhkəmə qərarında atasız görüş olmuşdur, amma görüşə o həmişə atası ilə, əmisi ilə olmuşdur. O Teymurgilin evinə də gedib uşağını orada görmüşdür. Onu güclə çölə çıxartmışdırlar. Bir dəfə hətta həyətdə onu döymüşdür. Daha sonra icra məmuru zəng edərək çağırsa da, o uşağı gətirməmişdir. Sonra gətirəndə isə yalandan guya uşağın altını batırdığını demişlər. Onlar uşağı öyrədirlər deyə uşaq onun yanında qalmaq istəmir. Məhkəmədən uşağın alınıb ona verilməsini, Şəxs cərimələnməməsini istəyir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin (icra sənədi üzrə tələbkarların), uşaqların izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən icra sənədinin yerinə yetirilməməsi təsdiq olunmur. Şəxsnın hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşin hallarını və icra sənədinin mahiyyətini nəzərə alaraq məhkəmə azyaşlı uşağı məhkəmə iclasına dəvət edərək psixoloqun iştirakı ilə onların fikirlərini dinlədi. Məhkəmə iclasında xx.xx.2014-cü il təvəllüdlü X4 bildirdi ki, o 2-ci sinifdə oxuyu, onu atası işə gedən zaman məktəbə aparıb qoyur. Anası Yeganə gəlib onu götürmür. Onun vaxtı olub-olmadığını bilmir. Anası ilə görüşmək istəmir. Onun anası ilə görüşməməsini atası demir, özü anasının yanına getmək istəmir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-210/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Şəxs apellyasiya şikayəti təmin edilməmiş, Qubadlı Rayon Məhkəməsinin 2(028)-97/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi aliment tutulması hissəsində dəyişdirilmiş, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs uşaq anasınını himayəsinə verildiyi vaxtdan başlayaraq hər ay 150 manat alimentin tutularaq Orucova (Rufullayeva) Yeganə Aydın qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 3(028)-97/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-644/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib cərimə olunmasına dair Qubadlı Rayon Məhkəməsinin 3(028)-97/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati material yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə, müəyyən edildi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-210/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs uşaq anasınını himayəsinə verildiyi vaxtdan başlayaraq hər ay 150 manat alimentin tutularaq Orucova (Rufullayeva) Yeganə Aydın qızına verilməsi qət edilmişdir. Lakin uşaq atasının yanında qaldığından anasının onunla görüşməsi mümkün olmamışdır. Buna görə də, icra məmuru tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Borclu uşaqları vaxtlı-vaxtında icra idarəsinə aparsa da, uşaqlar özləri nənə və babaları ilə görüşməkdən imtina etmişlər. Uşaq xx.xx.2014-cü il təvəllüdlüdür, özünün fikri var və onun məcburi qaydada ana ilə görüşdürülməsi mümkün deyildir. İcra yerinə borclu uşağı gətirir, orada uşaq anası ilə görüşmək istəmir. Protokolda göstərildiyi kimi, Şəxsnın üzrsüz səbəbdən icra sənədi üzrə öhdəliyini yerinə yetirməməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir, icra işində də belə sübut yoxdur. Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi təsdiq edilmir. Məhkəmə işin hallarını, uşağın yaşını, tərəflər arasındakı faktiki münasibətləri və bu münasibətlərin uşağın inkişafına, psixoloji durumuna və tərbiyəsinə təsirini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək xatirinə icra ilə bağlı yaranan problemlərin dərinləşdirilməsi, davamlı olaraq uşağa təzyiq (hər iki tərəfdən) göstərilməsi uşağa pis təsir göstərə, onun normal inkişafına mane ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan respublikasının qanununun 14-cü maddəsinə əsasən hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır. Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. “Uşaq Hüquqları Konvensiyası”nın 12-ci maddəsində göstərilmişdir ki, uşaq özünə təsir edəcək məsələlərlə bağlı öz baxışlarını azad ifadə etmək hüququna malikdir və bu baxışlar nəzərə alınmalıdır. Həmin Konvensiyanın 13-cü maddəsində göstərilmişdir ki, uşaq öz rəylərini ifadə etmək və hər cür informasiya almaq, informasiya və ideyalar vermək hüququna malikdir. Həmin Konvensiyanın 13-cü maddəsində göstərilmişdir ki, uşağın fikir, vicdan və din azadlığına hörmət edilməlidir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-16/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-16/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver