Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1603/2025 28.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, X1 müdafiəçisi Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və həmin qərarın əsasında yazılmış 3000 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası qanunvericiliyi əsasında (VÖEN:**********) fəaliyyət göstərən fərdi sahibkardır. Cavabdeh təşkilat tərəfindən onun adına MN ******* saylı xx.xx.2025- ci il tarixli protokol tərtib edilmişdir. Protokolda qeyd olunub ki, "Bəyaz" şadlıq sarayında aparılan monitorinq zamanı sarayın tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmuşdur. Protokolda qeyd olunanlar tamamilə yalan və əsassızdır. Çünki tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmayıb. Cavabdeh orqan qərəzli şəkildə barəsində protokol tərtib edib və həmin protokol əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərarla o, İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə olunmuşdur. O, ona istinad olunan inzibati xətanı törətməmişdir. İXM-nin 233.1-ci maddəsinin tələbini pozmamışdır. Qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2025-ci il tarixdə "Bəyaz" şadlıq evində hava təmizləyici hidrofilterlər və aksesuarların təmizlənməsi həyata keçirilmiş və bu barədə AR yanğın təhlükəsizliyi qaydalarına əsasən tüstü bacalarının yanar tozlardan təmizlənməsi işlərinin tamamlanması haqqında akt tərtib olunmuşdur. Yəni təmizləyici qurğu təmiz və işlək vəziyyətdə olub. Bu barədə video görüntü iş materiallarına əlavə olunub. Protokolda göstərilmişdir ki, guya atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı həddən artıq çoxdur. Lakin bunu necə müəyyən ediblərsə onu protokolda göstərməyiblər. Yoxlamanın hansı qaydada həyata keçirilməsi, yoxlayan aparatın lisenziyası və zərərli maddələrin miqdarı barədə onlara heç bir məlumat verilməmişdir. Həmçinin protokol tərtib edilərkən, Azərbaycan Respublikası İXM-nin tələbləri kobud şəkildə pozularaq onların hüquq və vəzifələri izah olunmamış, xətanın mahiyyəti bildirilməmişdir. Müvafiq qurğu ilə təchiz olunan tüstü bacası bütün standartlara uyğun şəkildə fəaliyyət göstərir. Bu hal sadəcə olaraq ona qarşı təzyiq forması kimi istifadə edilir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Məhkəmədə şikayətçinin müdafiəçisi Vəkil şikayətin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə "Bəyaz" şadlıq sarayının təmizləyici qurğusunun işlək vəziyyətdə olması barədə Akt tərtib olunmuşdur. Qarşı tərəf qərəzli olaraq iki il ərzində 4 dəfə şadlıq sarayında yoxlama aparılmış və yoxlama nəticəsində cərimə yazmışlar. Hesab edir ki, yazılan cərimə qərəzli mövqe dayışıyır bu səbəbdən şikayət təmin olunmalıdır. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayəti əsassız hesab edərək bildirmişdir ki, yoxlama ETSN-nin nəzdində fəaliyyət göstərən XKEMİ-nin əməkdaşları tərəfindən aparılmış və nöqsan aşkar olunduğu üçün akt tərtib edib araşdırma aparılması üçün təmsil etdiyi quruma göndərmişlər. Tərəflərindən iki dəfə tərəflərin iştirakı ilə monitorinq-ölçmə aparılacağı bildirilmiş və monitorinq-ölçmədə şikayətçinin əri iştirak etmiş və öncə təmizlik qurğularının yoxlanılması ilə bağlı hər hansı bir akt tərtib təqdim edilməmişdir. Hesab edir ki, iş materiallarına əlavə edilmiş akt hansı ki, özəl fəaliyyət göstərən müəssisə tərəfindən verilmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, həmin aktı daha öncəki tarixədə yazdırmaq mümkündür. Bu səbəbdən hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmədə şahid X2 bildirmişdir ki, o, “Bəyaz” şadlıq sarayında rəsmi olaraq nəzarətçi işləyir. may ayında günü dəqiq xatırlamır, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nəfər əməkdaşı şadlıq sarayına daxil olaraq təmizlik qurğularının olduğu yerə getmiş və üzərində heç bir ölçmə aparatı olmadan “Bəyaz” şadlıq sarayından tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarı yol veilə bilən normadan artıq olması barədə protokol tərtib etmişdir. Onlar həmin şəxsi həmin zaman videoqeydiyyata almışlar. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X7 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən Kəmalə Əsədovanın rəhbərlik etdiyi “Bəyaz” şadlıq sarayından tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativdən artıq olmuşdur. Nəticədə “Bəyaz” şadlıq sarayı fiziki şəxs X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 10 iyun 2025-ci il tarixli MN ******* saylı qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 may 2025-ci il tarixli 91376 nömrəli aktından görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində fəaliyyət göstərən “Bəyaz” şadlıq sarayının ətraf ərazilərində atmosfer havasında manitorinq keçirilmişdir. Monitorinq zamanı AVVKAT ** VV *** qaranalizator cihazı vasitəsilə aparılan ölçmə zamanı şadlıq sarayının tüstü bacasından atmosferə atılan zərərli maddələrin CO (dəm qazı) miqdarı 12,5 mq/m (norma 5,0 mq/ kub metr) təşkil etmişdir. Bu göstərici ətraf mühit üçün yol verilən norma həddindən artıqdır. Bununla əlaqədar “Bəyaz” şadlıq sarayının rəhbəri X4 idarə tərəfindən xx.xx.2025-ci il tarixli bildiriş məktubları göndərilərək barəsində aparılan inzibati araşdırma ilə əlaqədar idarəyə dəvət edilsə də, o, idarəyə gəlməmiş, şadlıq sarayının inzibatçısı Elməddin Hüseynov xx.xx.2025-ci il tarixdə idarəyə gəlmişdir. Elməddin Hüseynov yazılı izahat verməkdən imtina etmişdir. Məhkəmə iclas zalında təqdim olunmuş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, sözügedən şadlıq sarayının tüstü bacaları işlək vəziyyətdədir və normadan artıq zərərli maddələrin atılması halı aşkar olunmamışdır. Belə ki, XKEMİ-nin əməkdaşı üzərində heç bir ölçü cihazı olmadan əsassız yerə protokol tərtib etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə görə İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin məcəllənin 100.4-cü maddəsinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından isə görünür ki, X7 barəsində inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar bildiriş ilə eyni vaxt barəsində qərar qəbul edilmiş şəxsə göndərilmişdir. Həmçinin sözügedən xətanın X7 tərəfindən törədilməsi barədə heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddasinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Belə ki, X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 barəsində qəbul edilmiş 10 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 barəsində qəbul edilmiş 10 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1603/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1603/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver