Məhkəmə qərarları › İş №3(060)-1607/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1607/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1607/2024 15.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin polis sahə rəisi polis leytenantı X6, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb olunmayan, Sumqayıt şəhəri, yataqxana 1, otaq 8, 41 ünvanında qeydiyyatda olan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2024-cü il tarixində Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1-in həyətində vətəndaş X1, təhqir etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 102 zəng xidmətinə şikayəti və digər toplanmış materiallar ilə təsdiq edilir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin polis sahə rəisi polis leytenantı X8 bildirdi ki, xx.xx.2024-cü il tarixində X2 İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək bildirmişdir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1-in həyətində qonşusu Şəxs onu söyərək, təhqir etmişdir. Bununla da vətəndaş bölməyə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində Şəxs bölməyə dəvət olunmuş və izahatı alınmışdır. Həmin əməllər ilə bağlı o təqsirləndirilmiş bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunmuş və aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs bölmədə üç saat müddətində saxlanılmışdır. Saat 2-də vətəndaşı gətirmiş, sənədləşmə prosessini həyata keçirmiş, həyata keçirən kimi də məhkəməyə gətirmişlər. Şəxs barəsində əvvəl inzibati məsuliyyət məsələsi olmuş və həbs olunmuşdur. Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə işi olmuşdur. Ancaq il ərzində inzibati məsuliyyətə cəlb edilməmişdir. Qeyd edilənlərin nəzərə alınmasını və məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, uşağı autizm xəstəsidir. Özü xəstəxanada tibb bacısı işləyir. Evdə olarkən övladını ayaqyoluna aparır. Gecə növbələrində olur. Evdə olarkən uşaqlarına bildirir ki, övladları çölə çıxmasın. Övladları vedrədən istifadə edir. Şəxs əlindən isə həmin vedrədən istifadə edə bilmirlər. Vedrə onun öz şəxsi balkonunda yerləşir. Barəsində inzibati icraat aparılan şəxs balkona çıxaraq ona əxlaqsız, tərbiyəsiz kimi ifadələr işlədir. Bu hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Ondan əvvəl ona söz atmış, o isə dillənməmişdir. Onlarda ümumi tualetdir. O, öz evində balkonu mətbəx etmişdir. Onun evində hamam və tualeti yoxdur. O və yoldaşı evdə olarkən uşaqları hamam və tualetə gedir. Onlar isə evdə olmayarkən uşaqlar vedrəyə gedir. Onun qorxusundan isə çölə çıxa bilmirlər. Hadisə olarkən qadınlar və uşaqların yanında ona qarşı əxlaqsız ifadələr işlətmişdir. xx.xx.2024-cü il tarixdə işə gedərkən ona qarşı bir daha əxlaqsız ifadələr işlədərək, gülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, özünü təqsirli bilir. Xanıma vedrənin götürülməsini bildirmiş, o da qəsdən ora qoyduğunu bildirmişdir. 20 ildir ki, yataqxanada yaşayır. Lakin zərərçəkmiş şəxsin neçə il orada yaşadığını bilmir. Xanım işləyərkən yoldaşı evdə olur. Vedrənin içindəki iy onu narahat edir. Otaqlar dörd metrdir. Onu evi ilə arada cəmi bir metr məsafə vardır. İy onun evinin içərisinə gedir. O elə bilir ki, evdə yox, ayaq yolundadır. Hamam və tualet ümumidir. Tiktoka baxır. Qapıdan çıxarkən gülməyi o demək deyildir ki, kiməsə gülür. Zərərçəkmiş şəxs onu təhqir etmişdir. Xəstədir, inarkt keçirmişdir. İşləyə bilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta barədə tərtib olunmuş protokolu, izahatı, məhkəmə iclasında ifadələri əsasında Şəxs əməli sübut olunmuşdur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraat müdafiəçi, zərərçəkmiş şəxsə hüquqi yardım göstərmək üçün işə nümayəndə buraxılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda, vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə nəticə etibarilə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1- ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar