Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1611/2025 02.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Tələbkar Rəsulova (Həşimova) Aidə Gülhüseyn qızının iştirakları ilə, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN2091298 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(060)-4182/2022 saylı icra sənədini üzrə üzürlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə tələbkara olan borcu qərəzli şəkildə ödənilməmiş və 14575 manat aliment borcu qalmışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 4182/2022 saylı icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X12 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə hər ay üçün 450 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu bu ilin fevral ayına kimi hər ay 10- 20 manat olmaqla xırda ödənişlər etmişdir. Yaranmış aliment borcu ilə əlaqədar borclu barəsində protokol tərtib olunaraq məhkəməyə gətirilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Borclu bu günə qədər ümumilikdə 100 manat məbləğində ödəniş etmişdir. Daha sonra borclu dəfələrlə icra idarəsinə çağrılsada çağrışlardan yayınmış və barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən borclu icra idarəsinə təhvil verilmiş və izahatı alınmışdır. Hazırda borclu 3030 manat məbləğində pul ödəmək imkanı olduğunu qeyd edir. Lakin tələbkar yaranmış borcu tam tələb etdiyi üçün borclu barəsində protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Hazırda borclu tərəfindən tələbkara olunmuş ödənişi nəzərə alaraq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə tələbkar Rəsulova (Həşimova) Aidə Gülhüseyn qızı bildirmişdir ki, borclu şəxs 31 may 2022-ci il tarixdən bu günə qədər ümumilikdə 72 manat aliment ödəmişdir. Hər dəfə aliment borcunu tələb etdikdə ödəməyəcəyini bildirmişdir. Hazırda iki gün öncə 1500 manat, hər ay 500 manat, bu gün isə 3030 manat və hər ay 600 manat ödəyəcəyini bildirmişdir. O, hazırda ona ödənilən 3030 manatı qəbul etdi və hər ay 600 manat ödənilməsinə etiraz etmir. Göstərilən halları nəzərə alaraq, hazırda borcluya qarşı heç bir şikayətinin olmadığını və barəsində olan protokola xitam verməsini xahiş edərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, səhhətində yaranmış probləmlərlə əlaqədar olaraq işləyə bilməmişdir. Bu səbəbdən aliment borcu yığılmışdır. Hazırda 3030 manat ödəniş etmiş və hər ay 600 manat ödənişlər həyata keçirdəcəkdir. Qərar qəbul edilərkən göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs hazırda tələbkara aliment borcunun müəyyən bir hissəsini ödəmiş və tərəflər arasında barışıq əldə edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4182/2022 saylı icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X12 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə hər ay üçün 450 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)- 536/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibai həbs olunmuşdur. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4182/2022 saylı icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq bundan sonra da icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Qeyd edilən hərəkətləri ilə də Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs səhhətində yaranmış problemlərə görə icra sənədini icra edə bilməməsinə istinad etsə də, məhkəmə qeyd edir ki, istinad edilən dəlil əslində keçən uzun müddət ərzində yuxarıda sadalanan sənədin icra edilməsi üçün bəhanə olmaqla dövlətin adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə etinasız yanaşmanın göstəricisidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs tələbkara aliment borcundan müəyyən bir hissəsini ödəməsini və tələbkarla barışmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs olan borcundan qismən ödəməsini və gələcəkdə də ödəyəcəyini öhdəsinə götürməsini, nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Digər tərəfdən, ədalətli və qanuni cəza təyinatı zamanı ilə bağlı məhkəmə onuda nəzərə alır ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu tələb eyni zamanda BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 1ci maddəsində və Azərbaycan Respublikasında İnsan Hüquq və X1 Tənzimlənməsi Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsində də təsbit olunmuşdur. 4 saylı Protokolun 1-ci maddəsi və yuxarıda göstərilən digər hüquq normaları insanın azadlığı və ləyaqəti anlayışından fərqli olaraq, sadəcə fərdin konkret öhdəliyini yerinə yetirməsi üçün maddi və saitin olmadığına görə onun istənilən şəkildə azadlıqdan məhrum edilməsini qadağan etməyə yönəlib. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1611/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1611/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver