Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1613/2025 10.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs Manafov Taleh Səxavət oğlunun iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından Manafov Taleh Səxavət oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Taleh Manafov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.2 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 100 manat məbləğində cərimə dilmişdir. Qeyd edilən qərardan narazı qalan Taleh Manafov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Taleh Manafov şikayətini onunla əsaslandırmışdır ki, İXP 722683 saylı, xx.xx.2025ci il tarixli inzibati tənbeh verilmə haqqında protokolla İXM-nin 327.2-ci maddəsiylə təqsirli bilinərək 100 manat məbləğındə cərimə olunmuşdur. O, yaşadığı ünvandan çıxaraq eyni mikrorayonda yolu keçib məhəlləyə girən zaman yol polis əməkdaşları onu saxlamış, yol nişanının tələblərini pozduğunu bildirmişlər. O, orada heç bir yol nişanının olmadığını bildirmişdir. Bundan sonra o, Sumqayıt Şəhər Dövlət X3 getmiş və mobil telefonunda qayda pozuntusunun qeydə alındığı ərazinin görüntüləri olduğunu və həqiqətən həmin ərazidə heç bir yol nişanının olmadığını bildirmişdir. X1 həmçinin onun təhlükəsizlik kəmərindən də istifadə etmədiyini bildirmişlər. Onun mobil nömrəsinə “ASAN PAY”-dən daxil olan bildirişdə isə İXM-nin 327.2-ci maddəsi ilə birlikdə İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə məlumat gəlmişdir. Bildirir ki, qərarda qeyd edilən ünvan əslində səhvdir, belə ki, onu 10-cu mikrorayon, Məzahir Abdullayev küçəsi, 130B ünvanında saxlayıblar orada da heç bir yol hərəkət nişanı və svetafor olmamışdır. Lakin protokolda yazılan ünvan 13-cu mikrorayon, 51A ünvanıdır. Belə olduğu halda o, məsuliyyət daşımır bu səbəbdən TP ******* saylı, xx.xx.2025-ci tarixli inzibatı tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Taleh Manafov izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 10cu mikrorayon ərazisində yeləşən yaşadığı ünvandan idarə etdiyi “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmişdir. Hərkətdə olan zaman qarşıdan ŞPİ-nə məxsus yol patrul xidməti avtomobilin gəldiyini görmüş, ara məsafəasini saxlayaraq dönmə işığını yandırmaqla sol tərəfə, yəni məhəlləyə dönmüşdür. Ardınca gələn polis əməkdaşı ona saxla əmri vermiş, daha sonra ona inzibati xəta törətdiyi bildirilərək barəsində protokol tərtib etmişdir. Həmin protokolda protokolun tərtib edildiyi ünvan Sumqayıt şəhəri 10-cu mikrorayon olsa da, bu ünvan Sumqayıt şəhəri 13-cü mikrorayon kimi göstərilməklə səhv qeyd edilmişdir. Protokolun tərtib edildiyi ərazinin görüntülərini mobil telefon vasitəsi ilə qeydə almışdır. Qeyd edir ki, həmin ərazidə heç bir yol nişanı olmamışdır. Yolayrıcını keçmə qaydalarını pozmadığını bildirdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman sonuncular onun içkili olduğundan şübhələnmişdir. Ona təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirmiş, eləcə də onlara niyə yol vermədiyini soruşmuşdur. Baş vermiş hadisə ilə Sumqayıt ŞPİ-nə müraciət etmiş, onda videogörüntülərin olduğunu, məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, qarşıdan gələn xidməti avtomobillə ara məsafəsi çox olduğuna görə ona yol verməmişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə protokolu tərtib etmiş orqana məlumat verilməsinə baxmayaraq, protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin “İnzibati tənbeh vermə haqqında” TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Taleh Manafov Sumqayıt şəhəri, 13-cü mikrorayon, 51A ərazidə “TOYOTA PRİUS” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə və yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-nin 327.2 və 329.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında Sumqayıt ŞPİ-nin DYPŞ-indən işçi qaydasında əldə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülər DYP-nə patrul xidməti avtomobilinə quraşdırılmış videoqeydiyyatçıdan götürülmüş görüntülərdir. Görüntü günün işıqlı vaxtı qeydiyyata alınmışdır. Belə ki, “TOYOTA PRİUS” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı boz rəngli avtomobil iki tərəfli hərəkət yolunda hərəkətdə olarkən əks hərəkət zolağı ilə hərəkətdə olan Sumqayıt ŞPİ-nin DYPŞnə məxsus olan yol patrul xidməti avtomobilinə sola dönmə zamanı yol verməli olduğu halda bunu etməmiş nəticədə yolayrıcını keçmə qaydalarını pozmuşdur. Həmin vaxt sürücünü təhlükəsizslik kəmərindən istifadə etmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 77.4-cü maddəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə Taleh Manafovun şikayətinin dəlillərini işdə olan və əldə edilmiş digər sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə Taleh Manafovun məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda izahat vermişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “TOYOTA PRİUS” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı boz rəngli avtomobilin sürücü Taleh Manafov iki tərəfli hərəkət yolunda hərəkətdə olarkən əks hərəkət zolağı ilə düzünə hərəkətdə olan Sumqayıt ŞPİ-nin DYPŞ-nə məxsus olan yol patrul xidməti avtomobilinə sola dönmə zamanı yol verməli olduğu halda bunu etməmiş nəticədə yolayrıcını keçmə qaydalarını pozmuşdur. Həmin vaxt sürücünün təhlükəsizslik kəmərindən istifadə etmədiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hər bir xüsusat yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Taleh Manafovun inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Manafov Taleh Səxavət oğlunun şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1613/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1613/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver