Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1615/2023 24.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Qərardan şikayət verən şəxs X3 iştirakı ilə , Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, icarəyə götürüb işlətdiyi "Flanminqo" ailəvi istirahət mərkəzində aparılan monitorinq zamanı tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarı yol verilən normadan artıq olması və zərərli maddələrin zərərsizləşdirilməsi üçün tənzimləyici qurğunun quraşdırılmaması müəyyən edilmişdir. Bildirir ki, o, istirahət mərkəzini 25 yanvar 2023-cü il tarixdə "xxxx" MMC-dən 1 il müddətinə ictimai-iaşə xidmətləri üçün icarəyə götürmüşdür. İcarə müqaviləsinin şərtlərinə əsasən onun mərkəzdə hər-hansı tikinti-quraşdırma işlərini aparmaq, o cümlədən tüstü təmizləyici qurğunun quraşdırmaq hüququ və icazəsi yoxdur. Mərkəzi zəruri qurğu və vasitələrlə təhciz etmək mülkiyyətçinin vəzifəsidir. Bu barədə ekologiya idarəsinin əməkdaşlarına məlumat vermiş, lakin onlar buna əhəmiyyət verməmişlər. Mərkəzin mülkiyyətçisi olmadıqlarına görə o cümlədən tüstu təmizləyən qurğunun quraşdırılması vəzifəsi icarəçi olaraq onun vəzifəsi olmadığına və bu hadisədə təqsirsiz olduğuna görə onun inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 ərizəni müdafiə edərək şikayətin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq da bildirdi ki, o, 25 yanvar 2023-cü il tarixdə icarə müqaviləsi bağlasa da faktiki olaraq may ayının 15-i tarixindən “Flaqman” ailəvi istirahət mərkəzi onun istifadəsində fəaliyyət başlamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindəm yoxlama 22 may 2023-cü il tarixdə aparılmışdır. Tüstü bacalarının təmizlənməsi istiqamətində heç bir tədbir görməməsini etiraf edir, eyni zamanda restoranın tüstü bacasına hər hansı qurğu quraşdırmalı olması barədə məlumatı olmamış, mərkəzin sahibi tərəfindən ona bu barədə heç bir məlumat verilməmişdir. Bildirir ki, “Flaqman” A.İ.M-i beş il olar fəaliyyət göstərir, lakin istirahət mərkəzində tüstü bacasından atmosferə atılan zərərli maddələri təmizləyən hər hansı qurğu quraşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, 22 may 2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsi, “Flaqman” A.İ.M-də aparılan monitorinqlər ölçmə zamanı tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarı yolverilən norma həddindən artıq olması, tüstü bacasında zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğunun quraşdırılmaması məlum olmuşdur. Bildirir ki, tüstü bacasından atmosferə atılan zərərli maddələrin maksimal miqdarı 5 mq/m3 olduğu halda, həmin vaxt “Flaqman” A.İ.Mdə tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarı 48.3 mq/m3 olmuşdur. Adətən ətraf obyektlərdə aparılan yoxlama zamanı tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarı 5-10 mq/m3 olsa da, “Flaqman” A.İ.M-də isə tüstü bacasında zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğunun quraşdırılmaması səbəbindən normadan çox yuxarı həddə 48.3 mq/m3 olmuşdur. Bundan sonra 31 may 2023-cü il tarixdə əməkdaşlar tərəfindən MN ******* saylı protokol tərtib edilmiş, həmin protokol əsasında “Flaqman” A.İ.M xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə “Flaqman” A.İ.M-i icarə əsasında işlədən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında şahid X1 bildirdi ki, sözügedən istirahət mərkəzində aşpaz kimi fəaliyyət göstərir, lakin əsasən icarəçi restoranda olmadığı üçün idarəçiliyi o, həyata keçirir. Belə ki, “Flaqman” A.İ.M-i icarə əsasında işlədən Eyvaz Eyvazov tələbə olduğundan, o cümlədən Bakı şəhərində yerləşən digər ictimai iaşə obyektində də çalışdığından “Flaqman” A.İ.M-də çox zaman olmur, bu səbəbdən idarəçilik onun üzərindədir. 22 may 2023-cüil tarixdə “Flaqman” A.İ.M-də olarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları oraya gəlmiş, yoxlama aparacaqlarını bildirib, qurğu ilə tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarını yoxlayıcılarda olan xüsusi cihaz vasitəsilə onun iştirakı ilə yoxlamış, yoxlamanın nəticəsi qurğunun ekranında öz əksini tapmiş, ona nəticə barədə məlumat verilmiş, lakin cihazdaki rəqəmləri şəxsən görsə də hal-hazırda həmin vaxt göstəricinin neçə olduğunu xatırlamır. Yoxlama aparılması ilə bağlı onlara heç bir bildiriş təqdim edilməmişdir. Bildirir ki, “Flaqman” A.İ.M-də tüstü bacasında zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğunun olmamasından onların heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş 000540 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Monitorinq idarəsi tərəfindən 22 may 2023-cü il tarixdə Novxanı-Sumqayıt şosesində yerləşən ”Flaqman” istirahət mərkəzində yoxlama həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş 79492 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin idarəsinin əməkdaşları tərəfindən tərəfindən 22 may 2023-cü il tarixli akt əsasında 31 may 2023-cü il tarixdə Sumqayıt şəhəri,Sahil küçəsi, Xəzər dənizi sahilində yerləşən Flaqman” istirahət mərkəzində yoxlama həyata keçirilmişdir. İnzibati araşdırma çərçivəsində 31 may 2023-cü il tarixdə Flaqman” istirahət mərkəzinin icarəçisi E.Eyvazovun izahatı alınmış, sonuncu müqaviləyə əsasən istirahət mərkəzinin tüstü bacasında təmizləyici qurğunun olmamasına onun cavabdeh olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Flaqman” A.İ.M-də aparılan monitorinqlər ölçmə zamanı tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarı yolverilən norma həddindən artıq olması, tüstü bacasında zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğunun quraşdırılmaması məlum olmuşdur. Yoxlamada Ankat 64M3-03 adlı xüsusi texniki vasitədən istifadə edilmişdir. İş materiallarında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Flaqman” A.İ.M-də yoxlama həyata keçirilmiş, yoxlama nəticəsində atmosferə atılan zərərli maddələrin miqdarı yolverilən norma həddindən artıq- 48.3 mq/m3 olması məlum olmuşdur. Materiala əlavə edilmiş fotoşəkildən görünür ki, yoxlama zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş istirahət mərkəzində aşpaz kimi fəaliyyət göstərən, lakin əsasən icarəçi restoranda olmadığı üçün əsasən idarəçiliyi həyata keçirən X1 da orada olmuşdur. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli “İcarə müqaviləsindən” görünür ki, X5 (VÖEN **********) "xxxx" MMC ilə icarə müqaviləsi bağlanılmış, müqavilənin predmentinə əsasən Sumqayıt şəhəri, Corat ərazisində icarəyə verilən qeyri yaşayış sahəsi ictimai-iaşə xidməti üçün icarəyə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə X3 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, "xxxx" haqqında AR qanunun 41-ci maddəsinə əsasən Müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. “Atmosfer havasının mühafizəsi haqqında” AR qanunun 14.1-ci maddəsinə əsasən Təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə riayət edilməsinə dair tələblər təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin siyahısına əsasən Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlər atmosfer havasına atılan zərərli maddələrin miqdarına, sayına və qatılıq hədlərinə əsasən 4 təhlükəlilik kateqoriyasına bölünməsi qeyd olunmuşdur. SSRİ Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xx.xx.1984-cü il tarixli, N 3086-84 saylı “Yaşayış yerlərində atmosfer havasında çirkləndiricilərin yol verilən qatılıq hədlərinin norması” qaydalarına əsasən atmosfer havasına atılan zərərli maddələrin miqdarının CO- 5 mq/m2 – dən çox olmamalıdır. İş materiallarından görünür ki, “Flaqman” A.İ.M-də aparılan yoxlama zamanı havaya atılan zərərli maddənin miqdarı 48.3 mq/m3 olmuşdur.. Göründüyü kimi, E.Eyvazlınını icarə əsasında işlətdiyi “Flaqman” A.İ.M-də ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmuş, həmçinin tüstü bacasında zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğunun quraşdırılmamışdır. AR İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi X4 xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutlar toplamış, bunun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Beləliklə Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Bu səbəbdən X3 inzibati məsuliyyətə edilməsi və barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1615/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1615/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver