Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1616/2024 16.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1981-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokola dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2417/2021 saylı icra vərəqəsinə əsasən Şəxs qalıq 7391 manat borcunu üzrsüz səbəbdən ödəməkdən yayınır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2417/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 10549 manat 90 qəpik dəymiş maddi ziyan və 30 manat məbləğində dövlət rüsumu alınaraq Elnarə İsmayılovaya ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə icra məmurunun icraatına daxil olmuş, həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edilmiş, tərəflərə məlumat üçün məhkəməyə göndərilmişdir. Bundan sonraki müddət ərzində borclu öhdəliyini yerinə yetirmədiyi üçün məcburi icra tədbirlərinə başlanılmışdır. Belə ki, borclunun adına əmlakın olub-olmaması yoxlanmış, lakin müsbət nəticə əldə olunmamışdır. Daha sonra borclunun məcburi gətirilməsi ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Borclu məcburi qaydada idarəyə gətirilmiş, tərəflərdən izahatlar alınmışdır. Borclunun öhdəsində olan borcun ödənilməsi ilə bağlı o dəfələrlə xəbərdar edilmişdir. Daha sonra borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla müraciət edilmiş, təqdimat təmin olunmuşdur. Bütün bunlara baxmayaraq borclu öhdəsində olan borcu bu günə qədər tam şəkildə ödəməmişdir. Daha sonra borclunun işləməsi faktı müəyyən olunmuşdur. Tələb icra olunması üçün borclunun işlədiyi yerə göndərilmiş və 50% həcmində borclunun əmək haqqından tutulması həyata keçirilmişdir. Tələbkar məbləğin çox olmasına əsasən ayda 300 manat ödəniş edilməsi ilə bağlı borcluyla şifahi razılığa gəlmişdir. Lakin borclu yenə də borcunu ödəməkdən yayınmışdır. Qeyd edilənlərə əsasən icra məmuru Şəxs barəsində qanunvericiliyin tələbinə uyğun inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, keçən il barəsində inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Bundan sonra o rəsmi heç bir yerdə işləməmişdir. Fəhləlik edirdi, ayda 300 manat olmaqla ödəniş edirdi. Rəsmi işə qəbul olduqdan sonra əmək haqqına 50%-nə tutma yönəldilmişdir. Sonra maddi cəhətdən çətinlikləri olduğundan razılaşdıqları qaydada ödənişi yerinə yetirə bilməmişdir. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borcluya borcunu ödəməsi üçün şərait yaratmışdır. Ayda 300 manat ödəniş edilməsi ilə bağlı şifahi razılığa gəlmişlər. Lakin o, borcunu qaytarmamışdır. Borcun tam ödənilməsini tələb edir. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs müvafiq qərar qəbul edilməsini məhkəməsdən xahiş etdi. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işləyir, mütəmadi olaraq əmək haqqı alır. Tələbin icra olunması üçün əmək haqqına yönəlmə edilmişdir. Şəxs borcunu ödəməkdən yayınmır. Qeyd edilənlərə əsasən o, protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2417/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 10549 manat 90 qəpik dəymiş maddi ziyan və 30 manat məbləğində dövlət rüsumu alınaraq Elnarə İsmayılovaya ödənilməlidir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədində göstərilən borcun 10 gün müddətində könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilsə də, ötən müddət ərzində icra sənədi üzrə borclu tərəfindən icra sənədində göstərilən borcun ödənilməsi təmin olunmamışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da və zərərçəkmiş şəxslə razılaşaraq hər ay icra sənədi üzrə borcdan əmək haqqından tutulmalarla yanaşı 100 manat əlavə pul vəsaiti ödəyəcəyini öhdəsinə götürsə də sonradan razılaşdıqları qaydada ödənişləri həyata keçirməmiş və icra məmurunun çağırışlarına gəlməməsi səbəbindən barəsində 10 iyun 2024-cü il tarixli qərarla axtarış elan edilmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Eyni zamanda qeyd edilməlidir ki, İXM-in 528.1-ci maddəsi üzrə şəxsə inzibati tənbeh tətbiq edilərkən, bu onun vəziyyətinin həddən artıq ağırlaşmasına səbəb olmamalı və icra sənədinin icrasının çətinləşməsinə səbəb olmamalıdır. İşdən göründüyü kimi Şəxs mühafizə işləyir və 400 manat əmək haqqı alır. İcra məmurunun da bildirdiyi kimi digər icra sənədi üzrə tutma onun əmək haqqına yönəldilmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati qaydada həbs edilməsi onun rəsmi iş yerinin itirilməsinə və nəticə etibarilə hazırkı icra sənədinin icrası üzrə hər hansı perspektiv yaratmamaqla yanaşı, digər icra sənədinin də icrasının mümkünsüzlüyünə səbəb ola bilər. Bu səbəbdən məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir (66.2). Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz (66.3). “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Vəkil X6 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(060)-1616/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1616/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver