Məhkəmə qərarları › İş №3(060)-162/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-162/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-162/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyat Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu St.xətt polis şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı məhkəmə müəyyən etdi: Şəxs barəsində 16 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 232-1-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 16 yanvar 2023-cü il tarixdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Daxili İşlər Nazirliyi Nəqliyyat Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu St.xətt polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun “inzibati xətanın mahiyyəti” hissəsində göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt Dəmir Yolu Vağzalında dayanmış vəziyyətdə olan elektrik qatarının şüşəsini vaqonda olan dəmir çəkiclə sındırmışdır. İş materialında olan Şəxs şəxsi portalından görünür ki, Şəxs xx.xx.2006-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəbrayıl rayonu, Soltanlı ərazi dairəsi, Soltanlı kəndində qeydiyyatdadır. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Həmin məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin məcəllənin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin məcəllənin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələbinə uyğun tərtib olunmamışdır. Belə ki, Sabunçu St.xətt polis şöbəsinin İctimai təhlükəsizlik qrupunun yetkinlik yaşına çatmayanlarıın işləri üzrə inspektoru X1 tərəfindən Şəxs barəsində inzibati xəta haqqında prtokol tərtib edilərkən onun qanuni nümayəndəsinin iştirakı təmin edilməmişdir. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Bundan başqa inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsi göstərilsə də, İXM-nin 232-1-ci maddəsinin mahiyyətinə uyğun Şəxs törətdiyi inzibati xətanın mahiyyəti protokolda natamam qeyd edilmişdir. İnzibati xəta haqqında protokolda Şəxs tərəfindən vurulan ziyanın məbləği və hansı idarəyə ziyan vurulması göstərilməmişdir. İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol həmin protokolun tərtib edilməsinə dair İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olmadığından həmin protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyat Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu St.xətt polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş 16 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyat Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu St.xətt polis şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar