Məhkəmə qərarları › İş №3(060)-1622/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1622/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1622/2023 03.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Tural İsayevin, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1966-cı ildə Ermənistan Respublikasının, İcevan rayonunda anadan olmuş, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İsayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-7792/2017 saylı icra sənədinə əsasən borclu Şəxs ümumi 1300 (bir min üç yüz) ABŞ dolları məbləğində borcdan qalıq qalmış 1910 manat vəsaiti üzrsüz səbəbdən tələbkara ödəməkdən yayınmış, bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Tural İsayev bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7792/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1300 (bir min üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı tam icra edilməmiş, hal-hazırda borclunun tələbkara 1910 manat ödənilməmiş borcu qalmışdır. Borclu icra sənədi üzrə yığılmış borcundan yalnız bir dəfə 500 manat ödəniş etmişdir. Bildirir ki, icra sənədi digər icra məmuru Ramil Babayevin icraatındadır, hazırda R.Babayev məzuniyyətdə olduğundan və borclu Şəxs Polis əməkdaşları vasitəsilə axtarış yolu ilə gətirildiyi üçün protokol onun tərəfindən tərtib edilmişdir. Borclunun faktiki olaraq yaşadığı ünvana baxış keçirilib-keçirilməməsi, borcluya məxsus 3-cü şəxslərdə olan tələbin yönəldilə biləcəyi əmlakın olub-olmaması barədə hər hansı icra tədbiri həyata keçirilməsi barədə onda heç bir məlumat olmadığı üçün iş materiallarına əlavə edə bilməmişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-7792/2017 saylı icra sənədinə əsasən onun tələbkara 1910 manat ödənilməmiş qalıq borcu vardır. O, bundan öncə qapı-pəncərə sexində işləyərkən tələbkarla razılıq əldə edərək hər ay 100 manat ödəniş edəcəyini öhdəsinə götürsə də, işlədiyi yerdə ona əmək haqqı vermədikləri üçün ödəniş edə bilməmişdir. Orada işdən ayrıldıqdan sonra isə uzun müddətdir işsiz qalmış, artıq üç aydır ki, Gəncə şəhərində tikintidə fəhlə işləyərək fərdi əməklə məşğul olur. O, bu gün icra idarəsində olan zaman borcundan daha 100 manat ödəniş etmək istədiyini bildirsə də, tələbkar onunla razılaşmayaraq pulu qəbul etməmiş, məbləğin tam olaraq ödənilməsini tələb etmişdir. Borcun ödənilməsindən imtina etmir, lakin borcu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Bundan öncə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 10/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinirək 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh edilmiş, lakin imkanı olmadığı üçün həmin cərimə məbləğini ödəyə bilməmişdir. O, ailəlidir, yaşlı anası himayəsindədir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-7792/2017 saylı icra sənədinə əsasən borclu Şəxs ona 1910 manat qalıq borcu qalmışdır. Bu müddət ərzində borclu yalnız bir dəfə 500 manat ödəniş etmişdir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi hissə-hissə icra edəcəyini bildirsə də, vədinə əməl etməmiş və heç bir ödəniş etməmiş, bu səbəbdən borcun tam ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-10/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, borclu həmin tarixdə qətnamə üzrə borcundan tələbkara 500 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli izahatda borclu qətnamə üzrə qalıq borcunu hissə-hissə olmaqla ödəyə biləcəyini və hal-hazırda daha 100 manat məbləğində vəsait ödəməyə imkanının olduğunu bildirmişdir. İş materiallarında olan Elektron İcra İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.1969-cu il təvəllüdlü X1 ilə evlidir, birgə nikahlarından 2 övladları var. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbiəğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərdən, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, sonuncu öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırmır və borcun ödənilməsi ilə bağlı Şəxs tərəfindən heç bir qərəz nümayiş etdirilməmişdir. Belə ki, tələbin borclu tərəfindən ödənilməsi istiqamətində icra məmuru tərəfindən “İcra Haqqında” qanunda nəzərdə tutulmuş bütün mümkün icra tədbirləri həyata keçirilmədən protokol tərtib edilmişdir. Bu səbəbdən Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri yoxdur. “İcra haqqında” AR qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. AR Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. AR Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə əsasən Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Göründüyü kimi, icra məmuru tərəfindən Şəxs faktiki olaraq yaşadığı ünvanda tələbin yönəldilə biləcəyi əmlakın, borcluya məxsus 3-cü şəxslərdə, o cümlədən həyat yoldaşı Nəzakət Süleymanova ilə birgə nikah dövründə sonuncunun adına rəsmiləşdirilmiş hər hansı daşınar və daşınmaz əmlakın əldə-edilib edilməməsi yoxlanılmamış, yoxlama aparıldığı halda həmin əmlaklarla bağlı qanuni tədbirlər görülmədən borclu barəsində daha sərt inzibati təsir tədbirinin görülməsi üçün inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bundan başqa tələbkar Əlişan Cahangirovun özünə məxsus müvafiq bank hesabını təqdim etmədiyini, lakin Şəxs qətnamə üzrə borcdan qismən yəni hər ay 100 manat məbləğində vəsaiti ödəmək istədiyini nəzərə alaraq icra məmuru tərəfindən İcra İdarəsinə məxsus müvafiq bank hesabı borcluya təqdim edilməmişdir. İcra məmuru tərəfindən tərtib edilmiş protokolda, o cümlədən məhkəmə iclasında borclunun üzrsüz səbəbdən icra sənədini icra etməməsi halları sübuta yetirilməmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən 13 aprel 2022ci il tarixdə İXM-nin 528.1-ci maddə ilə protokol tərtib olunaraq baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, məhkəmənin eyni tarixli qərarı ilə borclu Şəxs təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilmişdir. Lakin borclu tərəfindən qeyd olunan cərimə növündə inzibati tənbeh tədbiri icra edilməmiş, cərimə tənbeh tədbirinin borclu tərəfindən icra edilməməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə AR İXM-nin 529.2-ci maddəsinin tələblərinə uyğun olaraq tədbir görülməmiş, müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilməmişdir. Bundan sonra 1 ildən bir qədər artıq müddət keçdikdən sonra yenidən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. AR İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar