Məhkəmə qərarları › İş №3(060)-1626/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1626/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1626/2025 28.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28212651 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını əsassız hesab edərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində idarə etdiyi ** SH *** dövlət nişanlı avtomobilə hər zaman getdiyi və ötmə əməliyyatını etdiyi küçədə (S. Vurğun küçəsi) kamera vasitəsilə elektron protokol (EQ ********) tərtib olunmuşdur. Bu protokol əsasında ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini iddia edərək 150 manat cərimə yazılmışdır. Qeyd etmək istəyir ki, qeyd olunan ərazidəki yol iki tərəfli yoldur və heç bir xətləmə aparılmamışdır. Nəqliyyat vasitəsinin hər zaman idarə edərkən həmin yolda hamı kimi qanuni şəkildə ötmə əməliyyatını həyata keçirmişdir. Həmin gün yenə də hər zamankı kimi qanuna uyğun olaraq qarşıdakı nəqliyyat vasitəsi asta getdiyinə görə ötmə əməliyyatını həyata keçirtmişdir. Nədənsə elektron protokola əsasən guya qanunsuz olaraq qarşı yola çıxdığı (əks istiqamətə) bəhanəsiylə ona əsassız olaraq-150 manat cərimə gəlmişdir. Həmin yolda düz xəttləmə işarəsi yox idi, o yolda hər zaman qırıq-qırıq xətləmə zolağı olub və ötmə əməliyyatını qanuna uyğun olaraq həyata keçirmişlər. Bununla bağlı müvafiq dövlət qurumuna getmiş, şikayətini bildirmiş, həmin ərazidə xəttləmənin olmadığını bildirmişdir, “SMS Radar” proqramından şəkili göstərdmiş, amma ona qulaq asan olmamışdır. “Bu artıq yazılıb, qərar verilib və biz ləğv edə bilmərik” cavabını almışdır. Bu haqqsızlıqla bağlı Ali Baş komandan cənab İlham Əliyevə, X6 cənab Vilayət Eyvazova da şikayət ünvanlamışdır. Bir daha qeyd etmək istəyir ki, müvafiq dövlət qurumunun əlində heç bir əsaslı sübut və görüntü olmaya- olmaya əsassız olaraq protokol tərtib olunmuşdur. Əgər hər hansı bir sübut varsa gətirib təqdim etsinlər. Düşünür ki, bu sadəcə olaraq bir “tələ”dir və vətəndaşı əsassız yerə cəzalandırmaqdır. İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində göstərilən “1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə” burada tətbiq olunmamalıdır və oluna da bilməz. Faktiki olaraq göstərilən yerdə xəttləmə qırıq-qırıq idi və ötmə əməliyyatı aparılmasına icazə var idi. Bundan əlavə himayəmdə yaşlı, xəstə valideynləri və səhhətində ciddi problemləri olan övladları var. Bu cür haqqsız yerə ona 150 manat cərimə yazılması maddi durumuna da ciddi təsir göstərəcək və ailə başçısı kimi ailəsi qarşısında öhdəliklərimin yerinə yetirilməsində ona böyük çətinliklər törədəcəkdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətinin mahiyyətinə uyğun çıxış edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İnzibati tənbeh vermə haqqında EQ 28212651 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, idarə etdiyi “Renault Megane” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində cərimə olunmuşdur. Belə ki, iş materiallarında olan foto şəkildəndə müəyyən olunmuşdur ki, ““Renault Megane” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi S.Vurğun küçəsində nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından və işdə iştirak edən şəxslərin məhkəmə iclasında verdiyi izahatdan göründüyü kimi, inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilən əsaslarla məhkəmə X1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar