Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1628/2020 17.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, xx.xx.1977-ci ildə ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri inzibati xəta haqqında AP ******* №-li, xx.xx.2020-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Azərbaycan prospektində hərəkət edən zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılmışdır. Həkim yoxlanışından keçdikdə məlum olmuşdur ki, maşını sərxoş halda idarə etmişdir. (Həkim yoxlanışı akt 4355). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gəlmədiyindən və X3 İdarəsinin Dövlət Yol Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 43.1-ci maddəsinin tələbinə əsasən İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması məhkəmələrin səlahiyətinə aid edilmişdir. Ancaq həmin madədə İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması məhkəmələrin səlahiyətinə aid edilməmişdir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il, 795 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların və ya vəzifəli şəxslərin səlahiyyətinə aid olduğu hallarda işə kimin baxması inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol vermir, ancaq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxx 2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, «İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.» Azərbaycan Respublikasının Cinayət-prosessual Məcəlləsinin 74-cü maddəsində isə müəyyən edilmişdir ki, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində, cinayət işlərindən biri hərbi məhkəməyə, digəri isə rayon (şəhər) məhkəməsinə, yaxud ağır cinayətlər məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə hərbi məhkəmədə, cinayət işlərindən biri Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə, digəri isə Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə hesab edir ki, baxilan iş üzrə şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya dair işlərə harada baxılması prosessual məsələdir və burda qanunun analogiya üzrə tətbiqi mümkündür. Çünki oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənmir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxx 2016-cı il tarixli Qərarında qeyd etdiyi mövqeyə görə Azərbaycan Respublikasının Cinayət-prosessual Məcəlləsinin 74cü maddəsinin tələbləri baxımından yanaşaraq şəxsin eyni vaxtda, eyni hərəkətlə törətdiyi inzibati xətalara baxmağı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbləri nəzərə alınmaqla tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 6-cı hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. Şəxs Qanunun göstərilən tələblərini pozaraq, təhlükəsizlik kəmərindən istifadə etməmiş və avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 4355 №li, xx xxxxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2020-ci il, saat 09:25) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Şəxs həmin aktla tanış olmuş, tanış olaraq razı olması barədə qeyd etməklə imza etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi və daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində yəni Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə tənbeh təyin edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirlən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran halın olmamasını nəzərə alır və hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün ona cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1628/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1628/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver