Məhkəmə qərarları › İş №3(060)-1629/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1629/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1629/2020 14.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 4, mənzil 38-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri inzibati xəta haqqında AP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Sülh-Koroğlu küçələrinin kəsişməsində hərəkət edən zaman işıq cihazlarından istifadə qaydalarını pozaraq saxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, o, maşını sərxoş halda idarə edir. (Həkim aktı 4334). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhəri polis idarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru X2 məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Onun barəsində tərtib edilmiş protokolla razı deyil. İnzibati xəta üzrə özünü təqsirli bilmir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhər polis idarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru X3 bildirdi ki, sürücü Sülh-Koroğlu küçələrinin kəsişməsində hərəkət edən zaman işıq cihazlarından istifadə qaydalarını pozaraq saxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, o, maşını sərxoş halda idarə edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə əsasən İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması məhkəmələrin səlahiyətinə aid edilmişdir. Ancaq həmin maddədə İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması məhkəmələrin səlahiyətinə aid edilməmişdir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il, 795 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların və ya vəzifəli şəxslərin səlahiyyətinə aid olduğu hallarda işə kimin baxması inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol vermir, ancaq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxx 2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, «İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.» Azərbaycan Respublikasının Cinayət-prosessual Məcəlləsinin 74-cü maddəsində isə müəyyən edilmişdir ki, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində, cinayət işlərindən biri hərbi məhkəməyə, digəri isə rayon (şəhər) məhkəməsinə, yaxud ağır cinayətlər məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə hərbi məhkəmədə, cinayət işlərindən biri Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə, digəri isə Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə hesab edir ki, baxilan iş üzrə şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya dair işlərə harada baxılması prosessual məsələdir və burda qanunun analogiya üzrə tətbiqi mümkündür. Çünki oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənmir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxx 2016-cı il tarixli Qərarında qeyd etdiyi mövqeyə görə Azərbaycan Respublikasının Cinayət-prosessual Məcəlləsinin 74-cü maddəsinin tələbləri baxımından yanaşaraq şəxsin eyni vaxtda, eyni hərəkətlə törətdiyi inzibati xətalara baxmağı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbləri nəzərə alınmaqla tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. “Yol hərəkəti haqqında” Qanunun 73-cü maddəsinin İİİ bəndinin 1-ci yarımbəndində göstərilmişdir ki, sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır: təchizatından asılı olaraq nəqliyyat vasitələrində — faraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları, velosipedlərdə faralar və ya fənərlər, at arabalarında - fənərlər; Rəhimov X4 göstərilən tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə edən zaman işıq cihazlarından istifadə qaydasını pozmuş və avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 4334 №li, xx xxxxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2020-ci il) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi və daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə tənbeh təyin edilməlidir. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran halın olmamasını nəzərə alır və hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün ona cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar