Məhkəmə qərarları › İş №3(060)-1633/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1633/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1633/2025 04.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi Şahmar Qəhrəmanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Qubadlı rayonu, Cibikli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qubadlı rayonu Aşağı Cibikli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə,1saylı internat məktəbinin yataqxanasında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində Şamlıq restoranı, xx.xx.2025-ci il tarixində saat 18:00 radələrində isə 4-cü PB-nın inzibati binasında xırda xuliqanlıq hərəkətləri etmiş, PPX-nin əməkdaşlarına qarşı tabesizlik göstərərək onların qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 04.072025-ci il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1633/2025 və 3(060)-1634/2025 nömrəli işlər bir icraatda birləşdirilmiş və işə 3(060)-1633/2025 nömrəsi ilə baxılmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi polis Şahmar Qəhrəmanov tərtib etdiyi protokollara uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Şam restoranı, xx.xx.2025-ci il tarixində saat 18:00 radələrində isə 4-cü PB inzibati binasında xırda xuliqanlıq hərəkətləri etmiş, PPX-nin əməkdaşlarına qarşı tabesizlik göstərərək onların qanuni tələblərinə tabe olmamışdır. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini qeyd etmiş və izahatında xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Şam restoranında tanışları ilə birlikdə yeyib-içdiklərini, onun həddindən çox spirtli içki qəbul etdiyini, içki içdikdən sonra nə baş verdiyini xatırlamadığını bildirmişdir. O, uzun müddətdir içki içmədiyini, həmin gün isə çox sərxoş olduğunu, əməli sərxoş vəziyyətdə olduğuna görə törətdiyini söyləmişdir. Şəxs əməlindən peşman olmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt şəhər Polis İdarəsinin post patrul xidməti taborunun polis nəfəri X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 17:50 radələrində Səməd Vurğun küçəsində yerləşən Şam restoranında səs-küy olduğunu eşitmiş və oraya yaxınlaşmışlar. Yaxınlaşan zaman bir nəfər şəxsin hazırda barəsində icraat aparılan Şəxs içkili vəziyyətdə ucadan nalayiq söyüşlər söydüyünü görmüş, onu sakitləşdirməyə çalışmışdır. O, isə tabe olmamışdır. Daha sonra onu qanunsuz hərəkətlərinə davam etdiyinə görə digər xidmətdə olan əməkdaşlarla 4-cü BP-yə aparmışlar. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında bildirmişdir ki, o, Sumqayıt şəhərində Səməd Vurğun küçəsində yerləşən Şam restoranında ofisiant işləyir. xx.xx.2025-ci il tarixdə təxminən saat 12:00 radələrində Şəxs bir neçə nəfər dostu ilə restoranda əyləşib yeyib-içmişlər, daha sonra Şəxs yanındakı şəxslər getmiş, o isə tək qalmışdır. Şəxs sərxoş vəziyyətdə söyüşlər söymüş, onu sakitləşdirib evə aparmaq istəsələr də, o razılaşmamışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 izahatında hüquqlarını müdafə etdiyi şəxsin şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə tənbeh tədbirinin təyin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi Şahmar Qəhrəmanov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2179807 nömrəli protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində Şamlıq restoranında, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində isə 4-cü PB-nın inzibati binasında xırda xuliqanlıq hərəkətləri etmişdir. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, Şahmar Qəhrəmanov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2179808 protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində PPX-nin əməkdaşlarına, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində isə 4-cü PB-nın əməkdaşlarına qarşı tabesizlik göstərərək qanuni tələbə tabe olmamışdır. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt ŞPİ-nin PPXT-nin birinci bölüyünün polis nəfəri X2 xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Şəxs Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ərazisində Şam restoranında səs-küy yaratmış və polisin qanuni tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərinə davam etmişdir. Barəsində tədbir görülməsi xahiş olunmuşdur. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 12:00-da azad edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli A/1431 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. Beləliklə, Şəxs tərəfindən polis işçiləri ictimai qaydanın mühafizə edilməsi vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən inzibati Azərbaycan Respublikasının Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 20:00-dan hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar