Məhkəmə qərarları › İş №3(060)-1635/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1635/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1635/2022 17.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru-X2, X1 və İsmayılov Azər Oqtay oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1984-cü ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Gomuşçu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən 17 iyun 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 2(055)-968/2020 saylı icra sənədi üzrə 7000 manat İsmayılov Azər Oqtay oğluna və Saatlı Rayon Məhkəməsinin 2(055)-1685/2020 saylı icra sənədi üzrə 4700 manat pulu X6 ödəməkdən üzrsüz səbəbdən yayınır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 2(055)- 968/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 7000 manat borc və 30 manat dövlət rüsumu, cəmi 7030 manat pulun alınaraq iddiaçı İsmayılov Azər Oqtay oğluna verilməsi və Saatlı Rayon Məhkəməsinin 2(055)-1685/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4700 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. Hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. Borclu ödəməli olduğu borcunu vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun tələbkarlara 11700 manat borcu yaranmışdır. Eləcə də borclunun əmlak vəziyyəti yoxlanılmış, adına heç bir əmlak aşkar edilməmişdir. Borcluya dəfələrlə icra sənədinin icrası ilə bağlı xəbərdarlıq olunsa da bəzi hallarda icra şöbəsinə gəlməkdən yayınmış, icra sənədini icra etməmişdir. Ona görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, həqiqətən də Saatlı Rayon Məhkəməsinin 2(055)-968/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan 7000 manat borc və 30 manat dövlət rüsumu, cəmi 7030 manat pulun alınaraq iddiaçı İsmayılov Azər Oqtay oğluna verilməsi və Saatlı Rayon Məhkəməsinin 2(055)-1685/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan 4700 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. O hər ay borclu İsmayılov Azərə 100 manat, digər borclu Hacıyeva Nailəyə isə 50 manat ödəyə bilər. O tələbin könüllü icrasına dair bildiriş və qərarı almışdır. Hal-hazırda dizayner işləyir, aylıq maaşı 300 manatdır. Hal-hazırda barəsində olan Ali Məhkəmənin qərarını gözləyir və maddi imkansızlığı səbəbindən ödəniş edə bilmir. Qeyd olunanların nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X10 izahatında göstərdi ki, borclu icra sənədi üzrə ödəniş etməkdən yayınır. O, özü işləmir, heç bir qazancı, gəliri yoxdur. O, borcluya dəfələrlə şans versə də, borclu bundan sui-istifadə edərək onu aldadır, borcunu ödəmir. Ona görə də, onun borcluya artıq inamı qalmamışdır. Qeyd olunanları nəzərə alaraq borclunun həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar İsmayılov Azər Oqtay oğlu izahatında göstərdi ki, borclu icra sənədi üzrə ödəniş etməkdən yayınır. Onu dəfələrlə aldatmışdır. Avadanlığı geri qaytarmağa söz versə də yenə də vədinə əməl etməmişdir. Ona görə də, onun borcluya artıq inamı qalmamışdır. Qeyd olunanları nəzərə alaraq borclunun həbs edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Məhkəmə iclasında da borclunun izahatından, hər vasitə ilə icra sənədinin icrasından yayınmağa çalışması müşahidə edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və iş materialları ilə təsdiq olunmur. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, tələbkarların izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 17 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X7 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 iyun 2022-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X11 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar