Məhkəmə qərarları › İş №3(060)-1637/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1637/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1637/2022 17.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əlilliyi olan, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:40-da Sumqayıt ŞPİ-nin dayanacağı qarşısında YPX əməkdaşlarının və PPX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə oğlunun idarə etdiyi VAZ2107 markalı, 10LD720 dövlət qeydiyyat nişanlı avtomobilində qarmoşka pərdə olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. O polis əməkdaşları ilə birlikdə cərimə meydançasına getmişdir. Cərimə meydançasının qapısında o polis əməkdaşları ilə mübahisə edərək cəriməni ödəməyini bildirmişdir. Polis əməkdaşı onu sinəsindən itələmişdir. O polis əməkdaşlarına heç nə etməmişdir. Oğlu polis əməkdaşlarına cəriməni yazmalarını bildirsə də polis əməkdaşları onu itələmişlər. Buna görə də ekspertə gedərək həmin polisdən şikayət edəcəkdir. Evlidir, əlilliyi vardır. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə 2027 çağırışlı avtopatrulda postaçı yoldaşı polis leytenantı Malıyev Ramil ilə birgə xidmət aparan zaman Sülh-Heydər Əliyev küçələrinin kəsişməsində VAZ2107 markalı dövlət nömrə nişanı 10LD720 olan nəqliyyat vasitəsində qarmoşka pərdə aşkar etdikləri üçün tərəflərindən saxlanılmışdır. Əlavə olaraq nəqliyyat vasitəsində arxa yayların aşağı olduğu aşkarlanmışdır. Həmin sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş və saxlama səbəbini sürücüyə izah etmişlər və həmin sürücü ilə birlikdə cərimə meydançasına getmişlər. Cərimə meydançasının qapısında həmin sürücü maşından dərhal düşərək sağ ayağını təkərin altına qoyaraq maşını içəri salma deyərək bildirmişdir. Bu zaman yaşlı bir vətəndaş yaxınlaşaraq yüksək səslə sürücünü valideyni olduğunu bildirmişdir. Avtomaşını cərimə meydançasına təmin etməklərinə maneçilik yaratmış və avtomaşının açarını qırmışdır. Onların xidməti fəaliyyətlərini pozaraq tabesizlik göstərmişdir. Bu zaman onlar ərazi aidiyyatı üzrə post patrul naryadı çağıraraq həmin vətəndaşları 4-cü PB-nə gətirmişlər. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:40-də tutulmuş, 17 iyun 2022-ci il tarixdə saat 16:00-da azad edilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır, məsuliyyətini yüngülləşdirən hal peşman olması və əlilliyinin olmasıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 22:40-da tutularaq xx.xx.2022-ci il tarixə saat 16:00-dək saxlanması nəzərə alınsın və üzərində 100 (bir yüz) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar